“Ey dünya insanları, hamınız Türksünüz”


No description available.
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru

Amerikalı tədqiqatçı-səyyah Gene D.Matloskun tarixi əsəri haqqında

“Türk xalqlarını, Hindistanı, Meksikanı və Katolikliyi hansı əsrarəngiz sirlər birləşdirir? İlahi və dünyəvi şeylərin qısa, amma detallı bir tarixi»adlı əsərin müəllifi Amerika Birləşmiş Ştatlarında anadan olan və sonra da Meksikada 65 il yaşayan, tarix və ruh mövzusunda bir çox tədqiqat əsəri yazıb çap etdirən Gene D. Matlosk bir xristian katolikdir. Meksika əsilli həyat yoldaşı Consuelonun vaxtsız vəfatından sonra onun ruhunun daima yanında olduğuna və ona dəstək verdiyinə inanan müəllif insanlığın və dünyanın daha yaxşılığa doğru getməsi üçün araşdırmalar aparmağa başlamış və digər əsərləri ilə yanaşı «Türk xalqlarını, Hindistanı, Katolikliyi və Meksikanı hansı əsrarəngiz sirlər birləşdirir? İlahi və dünyəvi şeylərin qısa, amma detallı bir tarixi» adlı əsərini yazaraq 2006-cı ildə nəşr etdirmişdir.

Müəllifin bu əsəri Özgür Umut Naşafçı tərəfindən türkcəyə çevrilərək əsərin məzmununa və ruhuna uyğun olaraq «Ey dünya insanları hamınız Türksünüz» adı ilə 2008-2014-cü illərdə altı dəfə təkrar çap edilmişdir. (Bax: Gene D.Matlosk, Ey dünya insanları hepiniz Türksünüz, Kayıp bir uyğarlığın sırları dünyayı nasıl değiştirə bilir, altıncı baskı, İstanbul 2014).

No description available.

Bir çox tanınmış dünya tədqiqatçılarının, xüsusilə Murad Acının əsərlərinə istinad edərək, Türklər haqqında öz fikirlərini açıqlayan müəllif göstərir ki, insanlığın tamamilə inkişaf etmiş mədəniyyətinin ortaya çıxışından təqribən 30 min il sonra dünyanın oxunda meydana gələn ani bir sapma dini kitablarda qeyd edilən «Adən cənnəti» olan Sibiri buzlaşma nəticəsində bir cəhənnəmə döndərmişdi. İndi adına «Türk» dediyimiz xalq cənuba doğru köç etmək məcburiyyətində qalmışdı. Türklər zaman-zaman bütün Orta Asiya və Hindistanı tək bir millətə çevirərək Hindistanın yerli xalqı ilə birləşmiş, sonra dünyanın müxtəlif bölgələrinə yayılmağa başlamışdılar. Ona görə də, yer üzündə yaşayan hər kəs öz nəslinin izlərini doğrudan, ya da dolayı olaraq türklərə qədər aparıb çıxara bilərlər. (Seçmələr bizimdir-A.M. Bax:Gene D.Matlosk, Ey dünya insanları hepiniz Türksünüz, Hermes Yayınları, Altıncı Baskı, İstanbul 2014. Səh.19).

Müəllif Asiya, Avropa, Şimali və Cənubi Amerikanı əhatə edən ərazilərlə bağlı geniş bir elmi araşdırma aparmış, xüsusilə Vedalar, Tövrat, İncil, və Quran kimi müqəddəs kitablarda qeyd edilən insanın mənşəyini və simvolları tədqiq edərək ilk insanların Türklərlə bağlı olduğunu, daha sonra da dünyaya yayıldığını və ilk danışılan dilin türkcə olduğunu, elmin, fəlsəfənin və dinin də Türklərdən başladığını, insanların günəş enerjisi ilə necə uyğunlaşaraq yaşaması gərəkdiyini elmi dəlillərlə sübut etməyə çalışmışdır.

Müəllif əsərinin «Ey dünyanın bütün insanları! Bilirdinizmi hamınız Türksünüz?» adlı bölümündəTtürklərin etnik kökləri ilə bağlı çarpıcı iddialar irəli sürərək göstərir ki, yer üzündəki insan irqinin nəsli sayılan 5 irqin kökü Türkdür.

No description available.

Tədqiqatını etnik və qan bağlılığı ilə yanaşı, daha çox ruh, düşüncə, inanc və mədəniyyət bağlılığı əsasında aparan müəllif göstərir ki, Türk millətinin mənəvi mədəniyyətinin ən üstün başarısı insanlığı bütpərəstlikdən uzaqlaşdırması və bütün çətin işləri Tanrının yardımı ilə həll etməyi aşılaması idi. (Bax: göstərilən əsər, səh.85)

Müəllifin türk xalqları, Hindistan, Katoliklik və Meksika arasındakı sirli əlaqələri göstərməsi, şübhəsiz ki, biz Türkləri daha çox ilgiləndirir. Çünki bu əsərdə müəllif Türklərin avropalı elm adamları, tədqiqatçıları, yazıçıları və müxtəlif sahə mütəxəssisləri tərəfindən əsrlər boyu irəli sürdükləri yanlış fikir və mülahizələrinin əksinə olaraq Türklərin dünyadakı ilk insan irqinin başlanğıcı olduğunu, 4 böyük din sayılan Buddizmin, İudizmin, Xristianlığın və İslamın böyük mədəniyyətinin qurucuları və yaradıcıları olduğunu müdafiə edən açıq və tutarlı dəlillər irəli sürülmüşdür.

Müəllifin öz arqumentlərini filoloji dəlillərlə zənginləşdirməsi, sözləri sanskritçəi kökləri ilə myqayisə etməsi və məntiq çərçivəsinə oturtması isə mövzunu daha da əsaslandırır. Müəllif əsərində Murad Acıdan çox yararlanmış, yeri gəldikcə ondan sitatlar gətirərək fikirlərini daha detallı şəkildə açıqlamağa çalışmışdır. Müəllif göstərir ki, bəziləri ingiliscə və almancanın sanskritcəyə ən yaxın dillər olduğunu düşünürlər. Məncə buna türkcəni də daxil etməlidirlər. Çünki türkcə ingilis və alman dillərinin də formalaşmasında mühüm rol oynamışdvr. (Seçmələr bizimdir-A.M. Bax: göstərilən əsər, səh.25,26)

Müəllif yazır: «Çox sayda-milyardlarla insan Türk dili ilə danışmış və indi də danışır. Qarlı Yakutstandan mülayim Orta Asiyaya, Sibirdən qovurucu Hindistana qədər, hətta Afrikada belə Türk dilinin çınladığı yaşayış yerləri vardır. Türk dünyası fövqəladə böyükdür. Bu dünya içində ən çox olanlar Türklərdir. Onlar dünyanın hər bucağında tanınan böyük bir ölkədə – Türkiyədə yaşayırlar. Bu millət haqqında minlərlə kitab və məqalə yazılmışdır. Lakin sayı bir neçə yüz insandan ibarət olan Tofalar (Tofa Türkləri) haqqında isə çox şey anlada bilməzsən. Onlar çox az tanınırlar. Boş və sıx Sibir tayqasında iki-üç kənddə yaşayırlar. Buna baxmayaraq, ən qədim və ən təmiz türk dilini bəlkə də onlar danışırlar.

Onların həyatları əsrlərlə, digər qövmlərlə heç bir təmasları olmadan yaşadılar. Dillərini heç bir şey korlamadı. Həqiqətən də Türk dünyası çox böyükdür. Bu dünya bir brilliant kimidir. Onun hər üzü, hər kənarı bir millətdir. Azərbaycanlılar, Altaylılar, Balkanlar, Başqurtlar, Qaqauzlar, Qazaxlar, Qaraçaylar, Qırğızlar, Karaimlər, Kırım Tatarları, Kumıklar, Tatarlar, Türkmənlər, Uyğurlar, Özbəklər, Xakaslar, Çuvaşlar, Şorlar, Yakutlar-hamısını bir anda xatırlamaq mümkün deyil. Türk dünyası onlarca xalqı birləşdirir. Türklər hər kəs tərəfindən tək bir dillə danışırdılar. Təqribən iki min il öncə dilləri sadəcə özlərinin anladığı ləhcələrlə ayırmağa başlamış, lakin ortaq dil uzun müddət unudulmamışdır.

«Bir zamanlar Türk təsiri dünyanın hər tərəfini sarmışdı. Bu təsir Britaniya və Amerikaya qədər yayılmışdı. Amerika qırmızıdərili qəbilələr də hamımız kimi Türklərin nəvələridir» deyən müəllif göstərir ki, görünür yer üzündə bu gün Türk olduqlarını belə bilməyən qövmlər var. Beləliklə, onlar dillərini unutmuşlar. Bunun da nəticəsi olaraq babalarını və qədimdən olan hər şeyi unutmuş, yaddaşsız qövmlər olaraq qalmış, özləri həqiqi keçmişləri haqqında məlumatları olmadan yaşamaqdadırlar. Təbiidir ki, bu insanların qədim zamanlarda olduğu kimi, sifətləri ata-babalarına bənzəyir. Onların yarısından çoxu Türklər kimi, mavi gözlü, sarı saçlıdırlar. Amerikalılar, İngilislər, Gürcülər, Ermənilər, İspanlar, İtalyanlar arasında Türklərlə qohum olduqlarını unudanlar heç də az deyildir. Xüsusilə İranlılar (Farslar nəzərdə tutulur) Ruslar və Fransızlar arasında da öz türklüklərini unudanlar az deyil.

Müəllif davam edərək yazır: «Mən uzun müddət Türk dünyasının bir qədər az bilinməsinin səbəbini anlamağa çalışdım. Bu bir təsadüfdürmü? Heç bir dil türkcə kimi bu qədər fərqə, nüansa və ləhcəyə sahib deyildir. İnsanların qanları eyni, ataları eyni, tarixləri eyni, lakin dilləri fərqli isə özləri də fərqli millətlər olurlar. Həqiqətən də nədən?».

«Avrasiya xəritəsində göydəki ulduzlar qədər xeyli türkcə toponim vardır»-deyən müəllif göstərir ki, Roma İmperatorluğunun əzəmətli son illərində Qtolar, Ostroqotlar, Viziqotlar, Alanlar, Alemanlar, Frenklər və digər boylar olaraq adlandırdığımız köçəri Orta Asiya Türkləri yavaş-yavaş Avropaya yerləşməyə başlamışdılar. Sözdə «Avropanın yerliləri» adlandırılan bu boylar sonradan Orta Asiyadan gələn yeni Türklərlə mədəni və dil cəhətdən bir yaxınlıq hiss etmişdilər. Günümüzdə Almaniya olan «Alemania» adı buradan gəlir. Bir çox German qövmü mavi gözləri, geniş almacıq sümükləri ilə bariz şəkildə Qıpçaq görünüşlü idi və runik yazılarında, adətlərində və xalqın hafizəsində də göstərildiyi kimi, türkcə danışırdılar. Onlar uzaq Altaydan gələn Türklər idi. (Seçmələr bizimdir-A.M. Bax: göstərilən əsər, səh. 53,51,50).

“ Türklər dünya xalqlarına təkcə qanlarını və fiziki görünüşlərini deyil, dinlərini və mədəniyyətlərini də vermişlər. Onlar həqiqətən də dünya xalqlarının əksəriyyətinin ata-babalarıdır”- deyən Gene D. Matlock göstərir ki, Nuh və oğulları- Sam, Xam və Yafət də Türkdürlər (Bax:Göstərilən əsər, səh.56).

“”İncil” dəki Xetlərin və Amorluların Türk olduğunu qəbul etmirsə, Müqəddəs Kitabdan da heç bir anlam çıxara bilməz.” (Bax: Göstərilən əsər, səh. 65)

Müəllif Alman tədqiqatçısı Andreas Faber Kaiserin “İsa Hindistanda yaşadı və öldü” adlı əsərinə istinad edərək göstərir ki, arxeoloqların Taksila şəhərində qazıntı nəticəsində əldə etdikləri materiallarda İsanın anası Məryəm və Əziz Thomas ilə birlikdə Şimali Hindistana getdiyini təsdiqləyən Əziz Thomasın daş üzərində olan baralyefinin rəsmi olduğunu qeyd etmişlər. Rəsmin altındakı yazı Thomasın və onun Hindistandakı missiyasını anladır. Müəllif qeyd edir ki, İsanın zamanında Taksila şəhəri qədim Türk dünyasının öndə gələn mədəniyyət mərkəzlərindən biri idi. Andreas Faberin kitabında eyni ilə Tövratın söylədiyi kimi Musanın Nebo Dağındakı Kəşmir qəbrinin də rəsmi var idi. Buna əsaslanan müəllif belə bir sensasion fikir irəli sürür ki,”Bəli, Musa da bir Türkdür” (Seçmələr bizimdir-A.M. Bax: Gene D. Matlock, göstərilən əsəri, səh. 61,62).

“İsanın özü də Türkdür. İsa da bir Türk ləhcəsi olan Aramicə danışırdı”(Bax: Göstərilən əsər, səh.160)- deyən müəllif göstərir ki, İnsanoğlu öz Türk köklərini tanımağı və gerçək Meru Dağının Hindistanda olduğunu rədd etməyi davam etdirdikcə Baleva (Şeytan-A.M.) uğruna qan axıtmağa və öldürməyə davam edəcəkdir (Seçmələr bizimdir- A.M. Bax: Göstərilən əsər, səh.39).

“Qədim Türklər Şumerlilərin erkən ataları idilər “(Bax: Göstərilən əsər, səh. 178).-deyən müəllif göstərir ki, Yəhudilər və Xristianlar yanlış olaraq “Babil Qülləsi”nin Şumerdə olduğuna inanmağa başlamışdılar. Ancaq mən (müəllif özünü nəzərdə tutur- A.M.) Şumer dövlətini qurmuş olan Türklərin insan nəslinin qaynağı və mərkəzi olan əfsanəvi “Meru Dağı”ndan oraya köç edərkən bu hekayəni də özləri ilə bərabər apardıqlarını söyləyirəm. Həqiqətən də insanlar “Meru Dağı”ndan dünyanın digər yerlərinə dağılmışlar. Biz “Meru Dağı”nı eyni zamanda bütün insanlığın qaynağı anlamındakı Sanskritcə bir kəlimə olan “Siyon”, “Ziyon”(vəd edilmiş torpaqlar) olaraq bilirik. Ənənə bizə “Meru Dağı”nın Qərbi Tibetdə, indiki “Kailasa Dağı” olduğunu göstərir. Bir çox Yəhudi və Xristian “Meru Dağı”nın “Ararat dağı”(Ağrı dağı-A.M.) olduğunu düşünür, ancaq qədim və yeni Bibliya (Tövrat və İncil- A.M.) bunu göstərməmişdir (Seçmələr bizimdir- A.M. Bax: Gene D.Matlock, göstərilən əsəri, səh.25).

No description available.

“Türklər”Böyük Tufan”dan öncə Hyperborada yaşayarkən əsla xəta etməyən “Dünyəvi Ağıl” ilə bərabər idilər”- deyən müəllif göstərir ki, indi Sibir və Şimali Orta Asiya kimi tanınan yerin ən şimal hissəsində “Şimali Qütb Dairəsi” adlandırılan bölgədə bir zamanlar “Hyperborea” adında böyük bir mədəniyyət vardı. Dünyadakı bütün insanların babası olan Hyperborea sakinləri bugün bizim “Türklər” adlandırdığımız insanlar idi. Çinli Taoistlərin söylədiyi kimi “bu insanlar Ruhani insanlar idilər”. İnsanlığın ilk beş irqinin Türklərlə bağlı olan hər biri yanlarında Türk dilində Tufan öncəsi və sonrası keçmişlərinin sözlü hekayələrini dünyanın müxtəlif yerlərinə gətirmişdilər. Digər bir çox dildən fərqli olaraq Türk dili öz kökünü qoruyub saxlamışdır. Bu qəribə dildəki kəlimələrin çoxu inanılmayacaq dərəcədə qısa (yəni bir hecalı-A.M.) olduğundan belə qısa sözlərin asanlıqla dəyişməyəcəyi də şübhəsizdir. Homo-Sapiens olan bizlər (müxtəlif Avropalıları nəzərdə tutur-A.M.) bugün belə sirr görünən əsrarəngiz Türk qövmlərinin soyundan gəldik (Seçmələr bizimdir- A.M. Bax: Gene D. Matlock, göstərilən əsəri, səh. 25,23,24,26,98,99).

“Türklər Bütpərəstlərə bir başqa Planetdən gəlmiş yabançılar kimi görünmüşdülər. Onların hər şeyi yaxşı və təmiz olduğundan onları “Ari”-deyə adlandırmışdılar”deyən müəllif göstərir ki, bilgim yavaş-yavaş dərinləşdikcə insanlığın ilk atalarının Hindlilər olduğuna inanmışdım ki, qarşıma Türklər çıxdı. İlk öncə onları hafizəmdən silməyə çalışdım. Sonra özümə:”Yox, xeyir! Bu olmaz!”-dedim. Çünki artıq insanlığın ilk beş irqinin atalarının Türklər olduğunu və onların Qütb Dairəsi Cənnətini tərk edib Hindistana gəldiklərini öyrənmişdim. Ari Türklərlə hindli Ramanakaların Yer üzünün ən böyük xalqına dönüşərək iç-içə keçmələri isə bundan sonra olmuşdur (Seçmələr bizimdir-A.M. Bax: Gene D. Matlock, göstərilən əsəri, səh.135,279).

“Nuhun” Ari” nəvələri olan Türklər Hindistana girdiyi vaxt bərabərlərində Xaç (Hindlilər Xaça “Svastika” deyirlər- A.M.), Dünyəvi Həyat Enerjisi elmlərini və insan növünün dünya üzərində uzun ömürdən geri qalışının səbəblərini də gətirmişdilər. “-deyən müəllif yazır ki, bu dövrdən başlayaraq Türklər və Hindlilər eyni tarixi paylaşmış və onların adət-ənənələri bir-birinə qarışmışdır. Lakin sonradan bütün bunlar dəyişmiş, Hindistan kiçilərək bugünkü vəziyyətinə düşmüş və Hindlilər müasir Xristianların Ari Türklər haqqında bir şey bilmədikləri kimi onlar da əsrlər boyu özləri haqqında heç bir şey bilmirlər. Hindlilərin Adəm ilə Nuhun eyni adam olaraq görmələrinin səbəbi də məncə (müəllif özünü nəzərdə tutur- A.M.) budur. (Seçmələr bizimdir-A.M. Bax: Gene D. Matlock, göstərilən əsəri, səh. 99,101).

“Ari Türk köklərimizi unudaraq özümüzə”Xristianlar və Yəhudilər”-deyən bizlər “Torahı” Təkvin, Çıxış, Levililər, Saylar və Təsniyə olaraq tanıdıb. İnsanlığın öz qurtuluşu və həyatda qalışı üçün həll etməsi lazım olan bütün sirləri insanlığın ilk beş irqindən miras aldıq.” Deyən müəllif göstərir ki, “Arilər” olaraq da bilinən bu irqlərin hər biri və hamısı eyni zamanda Türk idi və hələ də Türkdür(Seçmələr bizimdir-A.M. Bax: Gene D. Matlock, göstərilən əsəri, səh.109).

“Hindlilər Buddanı”Sakyamuni” və ya “Türk Tanrısı” olaraq adlandırırlar. Deməli, Budda Saka Türkü, Buddanın təlimini yayanlar da Türklər olmuşdur”deyən müəllif göstərir ki, Hindistanda qədimdən olduğu kimi Göy Tanrı inancı ilə yaşayan insanların sayı 50 milyondan az deyildir. Onlar nə Buddist, nə də Müsəlmandırlar. Onları xristian olaraq qəbul edirlər. Lakin onlar dünyadakı xristianlara bənzəmirlər. Onların ayinləri, simvolları fərqlidir. Tenqrinin rəmzi olan Xaçı (Svastikanı) tanıyırlar, onu kökslərində daşıyırlar, dualarını onun önündə oxuyurlar( Seçmələr bizimdir-A.M. Bax: Gene D. Matlock, göstərilən əsəri, səh.130-131).

Müəllif göstərir ki, Hindlilərə tarlalarını kotanla sürməyi, taxıllarını dəmir oraqla biçməyi Türklər öyrətmişlər. Məşhur Hindli süvari sinfi də Altay Türklərinin Hindistana gəlişi ilə ortaya çıxmışdır. Bugün hər on Hindlinin və ya Pakistanlının ən azı yarısının soyu türklərə dayanır.

Müəllif qədim Türklərin fəzilətlərindən bəhs edərkən göstərir ki, Türklər özlərindən sonra gələn bütün insanlardan daha rasional idilər. Onlar bütün əsas və dəyərli metalları əritməyi öyrənmişdilər. Dünyanın haradasa bütün əlifbalarını icad etmişdilər. Gəmilərində hər yerə səyahət edə bilirdilər. İşini yaxşı bilən kosmos mütəxəssisləri idilər. Şair, elm adamı və filosof idilər.”Bütün dinlər də Türklərin Göy Tanrı dinindən törəmişdir. Həzrəti Nuh, Həzrəti İbrahim, Həzrəti Musa, Budda, Həzrəti İsa və Həzrəti Məhəmməd də Türkdür”-deyən müəllif göstərir ki, bütün bu həqiqətlər Türklərdən gizlədilmişdir. Necə olur da filosof, şair və hökmdar olan Türk mədəniyyətini dünyaya yayan Ərkə Xanı indiki Türklər tanımırlar. Türk Dünyası görkəmli qələbələrini ona borcludur. Onun hüzurunda “Türk” sözünü səsləri titrəyərək tələffüz edirlər çünki “Türk” sözü müqəddəs bir sözdür. Ərkə Xan Şərqə “Tenqri inancı”nı hədiyyə etdi. O, xalqı üçün gerçək bir sözçü idi. Yerli xalqlar və öz xalqlar onu könüldən dəstəkləyirdi. Çünki onun mesajı çox sadə idi: yaxşılıq et, dünya sənə daha yaxşı olsun. Qurtuluşu əməllərinizdə arayınız. Bu saf gerçəyi qavrayan insanlar onu qəbul etdilər. Türklərin ruhani kültürünə bu çəkici gəldi. Tanrıya olan bu inanc insanların ruhlarını gücləndirdi, onları fədakarlığa dəvət etdi (Seçmələr bizimdir-A.M. Bax: Gene D. Matlock göstərilən əsəri, səh.116,133, 134,135).

Tufan öncəsi və sonrası dünyada Tanrı üçün işlədilən ən geniş yayılmış soz Türkcə “Tenqri” və ya “Tenri” idi. Tenqrinin simvolu Xaç yəni Svastika idi deyən müəllif yazır: “Həqiqətən də bizim Xristian Xaçımız Tenqri dinindən törəmişdir. Dünyadakı keçmiş və indiki bütün dinlərdə Xaç bir saygı simvolu olaraq sayılmış, və hələ də sayılmaqdadır. Dünyaya Finikyalı Katoliklər tərəfindən yayılmışdır. Çünki həqiqətən də Türk olan Katolik Finikyalılar öz dinləriə Türkcə “Katylika” və Sanskritcə “Ketuloka” deyirdilər. Hər iki termin insanlığın “Dünyəvi Dini” anlamını daşıyır “Katolik” kəlməsi “İttifaq” anlamına gələn Türkcə “Ketylika” və Sanskritcə “Ketu-Loka” kəlmələrindən törəmişdir. (Seçmələr bizimdir-A.M. Bax: Gene D. Matlock, göstərilən əsəri, səh. 94,188).

“Hitler dünyanın gerçək Arilərinin Türklər deyil də Almanlar olduğunu sübut etməyə çalışsa da dünyanı buna inandırmağı bacarmamışdır. Ancaq bu, Almanların da Türk olmadıqları anlamına gəlməz”- deyən müəllif göstərir ki, həqiqətən də biz hamımız Türkük! (Seçmələr bizimdir –A.M. Bax: Gene D. Matlock, göstərilən əsəri, səh. 65-66).

Müəllif özü-özünə belə bir sual verir: “Qədim Türklər haqqında indiyədək söylədiklərim diqqətə alındığında Xristian, Yəhudi,Buddist, Sinto, Konfücyüsçü, Taocu, Hindu və hətta Türk oxucularım məndən bunu soruşacaqlar: Əgər türklər haqqında söylədiklərin doğrudursa, nədən Ari ata-babalarının sahib olduğu minlərcə il yaşamaq, kainatın hər hansı bir bölümündə işıq sürəti ilə eyni zamanda iki yerdə bulunmaq və ya görünmək, Günəş işığındakı müəyyən elementlərlə özlərini sağaltmaq kimi xüsusiyyətləri artıq göstərə bilmirlər?”.

Müəllif cavabında da bildirir ki, bunları Ari Tanrısı Tenqrini (Göy Tanrını-A.M.) Türklərin qəlbindən, ağlından, ruhlarından söküb çıxaran Türk düşmənləri olan insanlara sormaq lazımdır. Cavabı onlardadır! (Seçmələr bizimdir-A.M. Bax: Gene D. Matlock, göstərilən əsəri, səh.125)

İndiki anda insanlığın içində bulunduğu hüzursuzluğun çözülməsini ancaq Türklərin həll edə biləcəyini, daha yaxşı bir dünya üçün gərəkli meylləri ancaq Türklərin yapabiləcəyini iddia edən müəllif son olaraq bildirir ki, əgər bu olmazsa, dünya insanları əsla əmin-amanlıq bula bilməyəcək.

Elmi araşdırmalarını Herodota, Romalı filosof Böyük Pliniyə (bizim eranın 23-79 cu illəri), XVIII əsrdə yaşayıb yaratmış astronom Jean – Sylvan Baillya (1736 - 1793), elm adamı Comte de Buffona, XIX əsrdə yaşamış Boston Universitetinin rektoru Rev.Dr.W.F.Warrenə, Hindistanın bağımsızlığı uğrunda mübarizədə baş rol oynayan astronomiya alimi Bal Ganqtadhar Tilaka (1856 - 1920), Murad Acıya və bu məsələlərlə məşğul olan bir çox hind və dünya tədqiqatçılarına dayanaraq, əsaslandırmağa çalışan Gene Matlock göstərir ki, Herodot Şimal Qütb Dairəsinin yaxınlığında bir yeri işarə edərək Hiperborluların (müəllifə görə Türklərin) Quzey Rüzgarının önündə yaşadığını anladır. Herodot onların bədənlərini öz iradələri ilə tərk edə bildiklərini,Yer üzünün her hansı bir yerinə eyni zamanda səyahət edə bildiklərini və bunu astral səyahət və bilokasyon (eyni zamanda iki yerdə bulunmaq və ya görünmək) yolu ilə etdiklərini söyləməkdədir. (seçmələr bizimdir – A.M.Bax: Gene D.Matlock, göstərilən əsəri, s.102,103,104,105 ).

Müəllif həmçinin Hiperborluların qədim Türklər olduğunu təsdiq etmək üçün məşhur Romalı filosof Böyük Plininin (bizim eranın 23-79-cu illəri) Matlockun “Türk” adlandırdığını Hiperborlular haqqındakı fikilərinə əsaslanaraq göstərir ki, Böyük Plini Hiperborluların “Ripean Dağları”nın (Yunan-Roma əfsanələrindəki “Ural Dağları”nın adı) önündə,yəni Orta Asiyada yaşadığını, xoşbəxt və müqəddəs bir irq olduğunu və orada hər hansı bir ixtilafın, ya da haqsızlığın olmadığını və min ilə qədər arzu etdikləri kimi yaşaya bildiklərini söyləyir (Seçmələr bizimdir – A.M.Bax: Gene D.Matlock, göstərilən əsəri, səh.101.)

Murad Acıya istimad edən müəllif göstərir ki, Türk millətinin tarixini gizləyən və təhrif edən rus tədqiqatçıları öz davranışları ilə məşhur simaları belə yanılmaq zorunda buraxaraq bütün bir rus elmini çıxmaza soxmuşdular (Bax: Göstərilən əsəri, səh.130).

“Qədim Türklər inandıqları “Daxili Tanrıcıqları” nə olursa – olsun dini ayinlərini yalnız Tenqri tapınaqlarında icra edərdilər. Heç kimsə bəlli bir inanca uymaq məcburiyyətində deyildi”-deyən müəllif Murad Acıya əsaslanaraq göstərir ki, qədim Türklərə görə,Tenqri Göydə oturan görünməz ruhdur, uludur. Göydən və bütün dünyadan Ucadır.Ona görə də qədim Türklər Onu “Sonsuz Mavi Göy”və ya “Xan Tenqri”-deyə sayğı ilə isimləndirmişdilər.

“Xan” titulu Tanrının Kainatdakı hakimiyyətinə işarə etməkdədir.

Müəllif göstərir ki,qədim Türklər Xan Tenqrinin simvolu olaraq dörd tərəfi bərabər uzunluqda olan Svastikanı (Xaçı)seçmiş və buna “ajı”adı vermişlər.Qədim Türklərdə “əyri xaç” Cəhənnəmin simvolu idi.Öncə bəsit şəkildə yapılan xaçlar sonradan zərgərlər vasitəsilə gerçək bir sənət əsərinə dönüşmüş, ruhu rahatlatmaq üçün xaçın üzərinə qızılla örtmüş, qiymətli daş-qaşlarla bəzəmişdilər.(Seçmələr bizimdir – A.M.Bax: Göstərilən əsəri,səh.86).

“Qədim xaçlar Altayda aşağı – yuxarı üç-dörd min il öncə ortaya çıxmışdı.Əslində bu xaçlar xaçdan daha çox Günəşin təsviri olan svastika idi ki, o da Tanrını simvolizə edirdi”-deyən müəllif göstərir ki, bəzən Tanrının simvoluna Ay da əlavə edilirdi ki, bu da zamanı və sonsuzluğu xatırlamağa xidmət edirdi.Qədim Türklər zamanı Günəşin və Ayın birliyi olaraq anlayırdılar ki,bu da onların 12 ay və 12 il təqviminin əsası olmuşdu. (Seçmələr bizimdir-A.M.Bax:göstərilən əsər, səh.87.)

Tədqiqatçı Xristian inancının təməllərini meydana gətirən və qədim Türklərin Tenqri dininə (Göy Tanrı dininə) aid olduğunu irəli sürdüyü “Xaç” və “Müqəddəs üçlük” (“Ata Allah, Oğul Allah, Müqəddəs Ruh”) qavramlarının daxili anlamlarını ortaya qoyaraq bunu öz nəzəriyyəsi olan “Ruh elmi” ilə insanlığın xidmətinə sunmuşdur. Müəllif bu nəzəriyyəsi ilə insanlığın qurtula biləcəyinə və dünyanın sonuna gəlib dayandığı fəlakətləri təsirsiz hala gətirə biləcəyinə inanır (Seçmələr bizimdir – A.M.Bax:Göstərilən əsər,səh.9).

“Nədən bizlər Finikyalıların Xristian Türklər olduğunu heç öyrənmədik? İstər dünyəvi, istər fanatik olsun tarixçilərimiz qədim Sibir, Haperborea və Orta Asiyanın Türk babalarının möcüzəsini bilməmizə nədən əngəl oldular?” - deyən müəllif göstərir ki, “Türklər bizə Tanrımızı, Müqəddəs Xaçımızı, İsanın “Məsih” adını və Müqəddəs Təslisi (Müqəddəs Üçlüyü) verdi” (Bax:Göstərilən əsər, səh.70,81).

Əsərinin başqa bir yerində müəllif göstərir ki, Tanrı bizə ilk dilimizdən bir çox kəlimə buraxaraq yetərincə mərhəmət göstərmişdir.Əgər bu ən qədim ifadələrin gerçək anlamlarını öyrənsək, biz insanlar daha fəal sürətlə özümüzü və dünyanıyenidən öyrənə və öyrədə bilərik (Seçmələr –A.M.Bax: Göstərilən əsər,səh.25)

“Yer üzündəki bütün dinlərin “Adəmi” və Tenqrisi ilk olaraq ...bu günkü Altay Türk Cümhuriyyətində ortaya çıxmışdır – deyən müəllif göstərir ki, Tenqri dini Tanrını ilk insanların qədim zamanlarda mövcud olan bütün dininlərdən ayraraq özünəməxsus adı olan bir dinə - Göy Tanrı dininə dönüşdürmüşdür (Seçmələr bizimdir – A.M.Bax:Göstərilən əsər,səh.188.189).

Müəllif göstərir ki, Göy Tanrı inancının Tibetə, Hindistana, Avropaya və dünyanın müxtəlif yerlərinə belə Altay Türkləri tərəfindən gətirildiyini kimsə bilməmişdi. Həmçinin bu Göy Tanrı inancı oralarda dərin kök salmışdı.Təməlini Türklərin atdıqları “Lamanizm” dini axımı bu günə qədər qorunmuşdu. Bunu Tibetin, Monqolustanın və Rusiyada bugün bir Muxtar Cumhüriyyət olan Buryatların Lamanistləri də xatırlamaqdadır. Hindistanda Tenqri adı əlbəttə ki, unudulmamışdır. 2500 il öncə Şimaldan Hindistana gələn Sak Türkləri (Sakalar, İskitlər, Skiflər) burada yerləşərək Hindistanın yeni xalqı olaraq adlandırılmışdı. Hindistanda uzun müddət iki hökmdar sülaləsindən biri olan məşhur “Günəş Xanədanı” burada hakimiyyətdə olmuşdu. Bu Xanədanı Günəşin nəvəsi olan İkşvaku qurmuşdu. Bu hökmdar bizim eradan əvvəl V əsrdə Altaydan Hindistana köç etmiş, burada Ağsu çayı vadisində yaşamışdı. Hökmdarlıq taxtına oturan İkşvaku Koşqala dövlətinin paytaxtı olan Ayodxa şəhərinin təməllərini atmışdı. Bu şəhər hələ də durur. Burada Günəş Xanədanının muzeyi mövcuddur və içində Altaydan gələn Türklər haqqında bilgilər vardır. Koşqala dövlətinin təsiri o qədər böyük idi ki, paytaxtı Ayodxa Şimali Hindistanın bir müddət mərkəzi sayılmışdı. Ayodxa, Saray çayının (indiki Qaqra çayı) sahilində yerləşir. Buradakı “Saray” coğrafi adı Türkcə olub, şəhərin sarayları, məbədləri, gözəl evləri ilə əsaslı bir paytaxt idi. Hökmdar sarayı bu çaya öz adını vermişdi.Günəş Xanədanlığının hakimiyyəti boyunca Altaydan Hindistana xeyli Türk ailəsi gəlib yerləşmişdi. Bu köç əsrlərlə davam etmişdir.Hindistan əsilzadələri arasında Altaylı Türklərdən olan böyük şairlərə,elm adamlarına, generallara və rahiblərə rast gəlmək olar. Bunlar Türkcə danışırdılar (Seçmələr bizimdir-A.M. Bax: Göstərilən əsər,səh.130.132).

“Bir çox Hind alimləri” “Kriştaya” adlandırdıqları,digər bir deyimlə, “Ari Türklər”in Hind mədəniyyətinin ataları olduğunu qəbul edirlər”-deyən müəllif göstərir ki, Hindistanin Udaypur,Codhpur, Çaypur kimi məşhur “Maharaca Xanədanları” da qədim Altay Türklərindən idilər. Müəllif hind alimi Doktor Shyan Narain Pandanın “Ayodxanın qədim coğrafiyası” adlı əsərinə əsaslanaraq göstərir ki, Meru dağının yaxınında Pamir yaylası ilə eyniləşdirilən qədim Ayadxa yalnız hindlilərin deyil, insanlığın qədim ortaq məskənidir (Seçmələr bizimdir-A.M. Bax:Göstərilən əsər,səh.132.139).

“Hindistanda adları Yakutlardan, Hindistanın gerçək adı olan Bharatlardan, Sakalar və ya İskitlərdən törəmiş olan Yadular vardır”-deyən müxtəlif Hind düşünürü və tarixçisi kuttikhat Purushothama Chonun “Hinduizmdə yalanların düzəldilməsi” adlı əsərinə istinad edərək göstərir ki, 1988-ci ilin dekabr ayında Sovet elm adamları uzaq Sibirdə yaşayan Yakut xalqının qanında yalnız Şimali Hindistandakı Hindlilərdə bulunan HLA-b 70 antigeninin olduğunu görüncə şaşırmışdılar. İndus vadisindəki dəlillər və Cənubi Hindistandakı bəzi insanların qafatası və sümük ölçüləri Sibir Türklərinin kökünə işarə etməkdədir. Müəllif qeyd edir ki, Sabirin Yakut, Buryat və Saka Türklərinin Şimali Hindistanın Yadu və ya Yakhudaları, Bharatları və Sakaları ilə bənzər adlar daşıması heç də təsadüfi deyildir (Seçmələr bizimdir-A.M.Bax: Göstərilən əsər,səh.141).

Müəllif göstərir ki,mən bunları yazdığım sırada bir “Hindli ulusalçı siyasi hərəkatı “Türk Arilərin xatirəsini bütün tarix kitablarından və insanların hafizəsindən çıxarmaq üçün fəaliyyətə başlamışdılar.Onlar ümumimiyyətlə “Ari məsələsi”nin avropalı bəyaz irqçilərin bir uydurması olduğumu söyləyirlər.Bunun əleyhinə olaraq Türklər bu gün belə Aridirlər. Əgər bu sağlam olmayan aktivistlərin bu suçları davam edərsə, Hindistan param – parça olacaqdır.Çünkü Türklər onların tarixlərinin onurğasını təşkil edirlər. Məsələ təkcə bununla da bitmiyəcək, onlar dünyanın gözündə satira məlzəməsi olacaqdır.

Gene Matock «Hind millətçi siyasi hərəkatı» ilə bağlı bildirir ki, hansı intellektual korluq onları bu gün belə 150 milyon ari türkün Türküstanda yaşadığını inkar etməyə zorlayır. Onlar bunları avropalıların dünyanı icad etdiyinə necə inandıra bilərlər? Əgər bu aktivist təşkilat (hind millətçi siyasi hərəkatı nəzərdə tutulur) öz fəaliyyətini davam etdirərsə, Hindistan əsla birləşdirilmədən duzla buz olacaq! (Seçmələr bizimdir-A.M. Bax: Gene.D.Matlock, göstərilən əsəri, səh.279-280).

Qədim Türklərin Göy Tanrı dininin təsir dairələrindən biri də Avropadır. Avropalılar arasında ən qədim siyasət qaydası olan «Tanrı kiminlədirsə, hakimiyyət də onunladır» fikrini ilk mənimsəyən yunanlardır. Yunanlar ilk öncə türklərin Göy Tanrısını oğurlamaq və ya ən doğrusu, mənimsəməklə türklərə və Avropaya hakim olmaq üçün hərəkətə keçmişdilər.

Yunanlara qədər belə bir şey heç bir Avrorpa xalqının ağlına gəlməmişdi. Sarsılmış Roma İmperatorluğunu ələ keçirmək istəyən yeddi imperatordan biri də yunan əsilli Konstantin idi. Lakin o da digərləri kimi «çılpaq»bir imperator idi. O, nə orduya, nə də iqtidara sahib idi, sadəcə adi «imperator» idi. Az-çox sayılan imperator Aralıq dənizini əlində tutan və Romada ordusu olan Maksentsiy idi. Görünüşə görə, onu heç bir fəlakət gözləmirdi. Lakin birdən-birə onun qaşısında atlı bir ordu peyda oldu. Əllərində daha öncələri avropalıların heç bir zaman görmədikləri Günəşin rəmzi olan xaçlı bayraqları dalğalandırıldı.

312-ci ildə bu süvari ordusu Roma imperatoru Maksentsiyin ordusunu Milviy körpüsü yaxınlığında darmadağın edərək Maksentsiyi də öldürmüşdü. Bundan istifadə edən Konstantin Qıpçaq türkləri ilə ittifaq bağlayaraq özünü qalib elan etmişdi. Türk ordusu tərəfindən məğlub edilən Roma ordusu üzərindəki bu qələbəni yunanlar öz adlarına çıxdılar. Konstantin türk din adamlarını yunan şəhərlərinə dəvət edərək, Göy Tanrı adına türkcə dualar oxunmuş, beləliklə də «Tanrı» sözü ilk dəfə olaraq Avropada eşidilməyə başlanmışdı. Bütün bunları nəzərə alan Matlock belə bir nəticəyə gəlmişdir ki, dünya millətlərinin, o cümlədən də avropalıların tarixlərinin danılmaz gerçəklikləri məhz bunlardır.

«Artıq türklərin hər şeyə gücü çatan Göy Tanrısı haqqındakı sözləri Avropanın bir ucundan digərinə bir rüzgar kimi yayılmağa başlamışdı. Türklər o zamanlar Avropada nələr baş verdiyini bilmir, hətta təxmin belə etmirdilər. Avropalılar türklərin onlara qalib gəlmələrinin səbəbini Göy Tanrı inancına bağladıqlarından Göy Tanrı inancını qəbul etmək istəyirdilər»-deyən müəllif göstərir ki, əslində Avropa o dövrdə türklərdən hər sahədə geridə idi. GöyTanrıya inanma avropalılar uçün əlçatmaz görünürdü. Dəmirdən zirehləri və silahları olan türklər avropalıların gözündə başqa dünyadan gəlmişlər kimi görünmələrinə səbəb olmuşdu. O dövr avropalılarına görə, türklər Tanrının uca göyu altında yaşayan işıqlı dünyadan gəlmişdilər. (Bax: Gene. D.Matlock, göstərilən əsəri, səh.206, 107,108)..

Müəllif göstərir ki, çox bacarıqlı bir siyasətçi olan I Konstantin türklərin Göy Tanrı inancını qəbul edərək Qıpçaq türklərini yanına çəkməyə nail olmuşdu. Beləliklə, türklərin Göy Tanrı dinindən şərqdə Buddizm doğduğu kimi, qərbdə də xristianlıq doğmuşdu. Avropalılar Tanrını qəbul etməklə türk mədəniyyətini də qəbul etmiş oldular.

«Yunanlar 325-ci ilə qədər yalnız Tanrıya dua etdilər! Türklərin müqəddəs mətnlərini və dualarını oxudular»-deyən müəllif göstərir ki, nədənsə bu məsələdə tarixçilər susurlar. Halbuki, bu həqiqət Avropa tarixinin bəzi qaranlıq nöqtələrini aydınladır. Türklərin təsiri ilə bizanslılar öz sikkələri üzərində Günəş təsvirləri, Günəş işarələri zərb etdilər.

«Türk dili uzun müddət Bizans ordusunun dili olaraq qalmışdı. Türk dilini onlar «hərb dili» olaraq qəbul etmişdilər» - deyən müəllif göstərir ki, o dövrdə minlərlə Qıpçaq türk ailələri Yunanıstana köç etmişdi. Onlara ən yaxşı torpaqlar verilmiş, türklərin köç etmələri üçün dəsti qıpçaq xanlarına qızıl ödəmişdilər. Bu Qıpçaq türkləri əslində Şərqi Avropanın məşhur ölkəsi olan Bizansı qurmuşdular. Üç nəsil sonra orada iki xalqın – Qıpçaq türkləri ilə yunanlıların ortaq meyvəsi olan və bu günə qədər heyranlıq oyandıran Bizans mədəniyyəti formalaşdı». (Seçmələr bizimdir – A.M. Gene D.Matlock, göstərilən əsəri, səh.312,313).

«Avropada Kuşan türklərinin hökmranlığının tarixi yenidən təkrar olunmuşdu» - deyən müəllif göstərir ki, Kuşanlardın fərqli olan təkcə bir şey Bizansda hökmdarın türk deyil, yunan olması idi. Türklər sayəsində artıq Konstantinin düşməni qalmamışdı. Konstantin Qıpçaq türkləri ilə dostluq qurmaq üçün heç bir şeydən çəkinmədi. O, 324-cü ildə öz adını daşıyan Bizans İmperatorluğunun paytaxtı Konstantinapolun (İstanbulun) təməlini atdı. İmperator Konstantin bu işə türk ustalarını cəlb etdi. Türk ustaları Romaya bərabər olsun deyə şəhəri öz şərq modellərinə uyğun inşa etdilər. Şəhər içində Göy Tanrı adına məbədlər tikdilər. Beləliklə, əvvəlcə Roma İmperatorluğunun müstəmləkəsi olan Bizans Qıpçaq türkləri sayəsində ildən-ilə görülməmiş gücə qovuşmuşdu. Türklərlə ittifaq Konstantini qazanclı çıxarmış, yunanlar artıq öz şərtlərini Misirə, Fələstinə, Suriyaya, xüsusilə Romaya diktə etməyə başlamışdı.

Bəllidir ki, türklər yunanlarla yanaşı, digər şərqi və qərbi Avropa xalqlarının tarixində ən mühüm rol oynamışlar. Bunu nəzərə alan Matlock göstərir ki, yerliləri məğlub etdikdən sonra türklər ayrı-ayrı ölkələrə və krallıqlara ad verməyə başlamışdılar. Belə ki, onlar kənd şəhərindən başlayaraq ada dövləti olan İngiltərəni qurmuşlar. Qıpçaq turklərinin qanı bəzi ingilislərin də damarlarında axmaqdadır. Görünüşləri və davranışları onların kökünü göstərməkdədir. İngilis Qıpçaq türkləri görünüşə görə babalarının sözlərini Anqlo-Sakson səfərlərindən uzun zaman öncə unutmuşdular.

Həmçinin «bizim eranın 435-ci ilində Hun türklərinin lideri Atillanın öndərliyindəki xalqlar bugünkü Fransaya ulaşmış və Burqon yurdunu və ya Burqonyanı qurmuşdular» - deyən müəllif qeyd edir ki, fransız Burqonlar bu gün belə türk mili mətbəxinin yeməklərini, geyimdən tutmuş qab-qacağa qədər ana ünsürlərini qorumuş, adət-ənənələrini unutmamış, lakin ana dilləri olan türkcəni qeyb etmişlər.

Dünyanın yarısını ələ keçirdikdən sonra türklər öz tarixlərini unutmuş, hər böyük qanlı savaşın ardınca ya yeni millətlərə dönüşmüş, ya da digər millətlərə qarışaraq bir-birinin ardınca vətənlərini tərk etmişlər. Türklər Avropada günəşin altındakı qar kimi əriyib getmişlər.

Türklərlə Amerika qitəsinin qədim xalqlarının əlaqəsindən bəhs edən müəllif göstərir ki, türklər qədim Mayaların, Azteklərin, İnklərin və bugünkü meksikalıların ruhi atalarıdırlar. Onlar da türklərlə göbək bağları ilə bir-birinə bağlıdırlar. İspaniyalılar Amerika qitəsini istila etdikləri dövrdə Aztek, Maya və İnk mədəniyyətləri çökməkdə idi. Əgər onlar Tenqri iradəsinə sarılsaydılar türklərə də güc verəcəkdilər və Meksika ilə Orta Asiya gün keçdikcə dünyanın umutsuzu olmağı buraxıb umudu olacaqlardı. (göstərilən əsər, səh. 281, 282).

Dünyadakı hər kəs eyni zamanda türkdür, ancaq başqa bir biçimdə. Meksikalılar isə daha çox türkdürlər-deyən müəllif göstərir ki, meksikalıların qurtuluşu Şimali Amerikada deyil, türklərlə olan əlaqələrini yenidən qurmaqdadırlar. Bu tövsiyyəni amerikalılara da məsləhət görən müəllif göstərir ki, bu tövsiyyəm amerikalılar üçün də keçərlidir, çünki onlar da eyni, qurğuşun kimi ağır bir yükün altında əzilib bükülürlər. Ancaq onların problemləri daha ağırdır. Çünki onlar həm Amerikada, həm də Afrikada əziyyət çəkirlər.

«Xristianlığı xristianlara, Tenqrini türklərə geri verin. Avropalılar Tanrını, onunla birlikdə Türk mədəniyyətini də qəbul etmişlər»- deyən müəllif göstərir ki, Türklər Tanrının onlara həyatın sirlərini aşkara çıxardıqca onlar əvvəllər sahib olduqları aydınlanma haqqında hər gün daha çox kitab və məqalələr yazmaqdadırlar. (Göstərilən əsər, səh. 307, 319,311, 279)

Bəziləri Matlockun bütün bu fikirlərini «nafilə bir pəri əfsanəsi» adlandırmasına cavab olaraq müəllif göstərir ki, müasir insan ruhi cəhaləti ilə bu planeti tamamilə hərc-mərcliyə, fitnə-fəsada sürükləmişdi. Mən qədim Türklərin ruhi elmlərini bir testə tabe tutmaq üçün indikindən daha yaxşı zaman düşünə bilməzdim.


MANŞET XƏBƏRLƏRİ