Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri


Kamal Adıgözəlov

VII məqalə

Azərbaycanın qeyri-münaqişə gündəliyinin formalaşdırılması

Cənubi Qafqazda geosiyasi proseslərin intensivliyi və gərginliyi azalmır. Hətta yeni problemlər meydana gəlir ki, bunlar da əsasən regional əməkdaşlıq və təhlükəsizliklə bağlıdır. Bir sıra kənar qüvvələr region dövlətləri arasında münaqişəli durum yaratmağa və yeni konfliktlər meydana gətirməyə çalışırlar. Bu da özlüyündə regionda riskləri və təhdidləri aktuallaşdırır. Azərbaycan müstəqil dövlət olaraq bu cür neqativ tendensiyalara qarşı mübarizə aparmaq üçün xarici siyasətin prioritet istiqamətlərindən biri kimi münaqişəsiz gündəm yaratmağı müəyyən edib. Bu istiqamətdə artıq addımlar atılır. Bütövlükdə regional miqyasda sülh və təhlükəsizlik uğrunda gərgin mübarizə gedir. Bu proseslərin fonunda biz yeni tarixi mərhələdə xarici siyasətin münaqişəsiz gündəm yaratmaqla bağlı istiqamətinin geosiyasi təhlili üzərində geniş dayanmağa ehtiyac görürük.

Cənubi Qafqazda dövlətlərarası münasibətlər: geosiyasi aspekt

Qloballaşan dünya şəraitində beynəlxalq siyasi proseslər yeni trendlər və hadisələrlə xarakterizə olunur. Dünyanın müxtəlif regionlarında kifayət qədər mürəkkəb dinamikaya malik geosiyasi mənzərə yaranır. Ortaya qeyri-müəyyən situasiyalar və risklər çıxır. Belə bir şəraitdə klassik geosiyasətin metod və üsulları təhlükəsizliyi təmin etmək üçün yetərli ola bilərmi? Bu suala cavab birbaşa müstəqil dövlətin xarici siyasət kursunu müəyyən etməklə bağlıdır.

Məsələ ondan ibarətdir ki, Rudolf Çellenin geosiyasəti bütövlükdə "müəyyən məkanda yerləşən, coğrafi və bioloji orqanizmin qovuşduğu və daim genişlənən, inkişaf edən canlı orqanizm – dövlət haqqında təlim" kimi dəyərləndirməsi aktuallığını itirməyib (1). Lakin dövləti müəyyən məkanda təcəssüm etmiş "coğrafi orqanizm" olaraq nəzərdən keçirmək yeni faktorların mövcudluğunu tələb edir. Məhz bu baxımdan xarici siyasətin düzgün qurulması dövlətin varlığı üçün vacib geosiyasi dəyər olmaqdadır.

Müasir mərhələdə onu da nəzərə almaq lazımdır ki, geosiyasət "insan coğrafiyasının ... bütün kültür faktorlarına təsir edir" (2, s. 37).

Buradan müasir mərhələ üçün iki mühüm geosiyasi nəticə əldə etmək olar.

Birincisi, çağdaş qlobal geosiyasi dinamikanın xarakterinə uyğun dövlətlərarası münasibətlər formalaşır. Məsələn, transsərhəd terrorizminin güclənməsi, siyasətin informasiyanın təsiri ilə xüsusi məzmun kəsb etməsi, milli mədəniyyət və iqtisadiyyatların bir-birindən asılılıqlarının yeni səviyyəyə yüksəlməsi, milli təhlükəsizliklərin qarşılıqlı asılılıqları və s. faktorlar dövlətlərarası münasibətlərə fərqli məntiq və düzən verir. Sözün həqiqi mənasında XXI əsrin gəlişi ilə daha da təsirli olan siyasi terrorizm sərhəd tanımır – istənilən an istənilən regionda özünü göstərə bilər.

Bunların nəticəsində dövlətlərarası münaqişələr də klassik təsir sərhədlərini aşır və faktiki olaraq, sivilizasiyalararası münaqişələr miqyasında təhlükəli olur. Bu prosesdə müstəqil dövlət üçün ən ciddi risk ərazisinə nəzarət etmək istəyən qüvvələrin fəallaşması ilə bağlıdır. Yəni, əgər dövlətlərarası münaqişə varsa, onda daha böyük geosiyasi güclərin dövlətin ərazisinə nəzarət etmək riski də qalır (bax: məs., 3, s. 18-19).

Bu cür yeni geosiyasi situasiya hər bir müstəqil dövlətdən "yeni qonşuluq siyasəti" istiqamətini xarici siyasi kursun prioriteti səviyyəsinə yüksəltməyi tələb edir. Niyə məhz "qonşuluq siyasəti"? Çünki hazırda qloballaşma elə miqyas alıb ki, coğrafi olaraq ən uzaq dövlət siyasi, ideoloji, geosiyasi olaraq ən yaxın ola bilir. Bunun üçün onun çox güclü olması lazımdır.

Bu cür güc kimi isə ABŞ, Avropa İttifaqı, Rusiya, Çin çıxış edə bilərlər. Deməli, onların Cənubi Qafqazda da müstəqil dövlətlərin ərazilərinə "nəzarət etmək" iştahası ola bilər. Bu məqsədlə də hər bir region dövlətinə onun tərəddüd edən, səbatsız qonşusu vasitəsilə təsir etməyə girişirlər.

Cənubi Qafqazda Azərbaycan tam müstəqil xarici siyasət yeritdiyindən, ona da qonşuları vasitəsilə təsir etməyə çalışırlar. Bu, faktdır. Alət kimi isə hamının bildiyi Ermənistandan istifadə edirlər. İran və Gürcüstan bir qədər arxa plandadırlar və baxdığımız kontekstdə təhlil obyekti deyillər.

Azərbaycanın qonşuluq siyasəti: regiona müsbət təsirləri

Deməli, Azərbaycan əsaslı surətdə qonşuluq siyasəti istiqamətini yeni tarixi mərhələdə xarici siyasətin prioriteti kimi konkret müəyyən etməlidir. Azərbaycan rəhbərliyi bu istiqaməti yığcam və konkret siyasi hədəfi olan tezis kimi müəyyən edib. Bu, yeni tarixi mərhələdə xarici siyasətin altıncı istiqaməti olan "Azərbaycanın qeyri-münaqişə gündəliyinin formalaşdırılması" müddəasında öz ifadəsini tapıb.

Müasir regional geosiyasi proseslərin ümumi xarakteristikası ilə bağlı yuxarıda vurğuladığımız fikirlər işığında "qeyri-münaqişə gündəliyinin formalaşdırılması" müddəası dərin mənaya və məzmun çalarlarına malikdir. Bu fikrin nəzəri ilə yanaşı, praktiki olaraq da reallaşdırılması əsaslı yanaşma tələb edir.

Bu istiqamətdə siyasi-diplomatik fəallıq elə qurulmalıdır ki, qarşı tərəf sürətlə dəyişən situasiyalarda dövlətə qarşı təxribat xarakterli addımlar ata bilməsin. Yəni, yeni tarixi mərhələdə səmərəli fəaliyyət iki aspektin vəhdətini tələb edəcəkdir: birincisi, dövlətin xarici siyasətdə konkret nəticəli addımlar atması, ikincisi, gözlənilən əks-təsirlərə qarşı strateji əks-planlar qura bilməsi. Yalnız hücum və ya yalnız müdafiə taktikası artıq keçərli deyildir – vəziyyət və şərtlər elə sürət və qeyri-müəyyənliklə dəyişir ki, ümumi mənzərəyə sistemli baxmaq sadəcə aksiomdur. Sübuta ehtiyac qalmayıb!

Bu tezisimiz Ermənistandan Cənubi Qafqazla bağlı merkantil geosiyasi maraqlar naminə istifadə etmək cəhdləri fonunda aydınlaşır. Hazırda Ermənistanla kimlər müzakirələr aparır? ABŞ, Avropanın böyük dövlətləri və qismən İran. Bu müzakirələrin hər birində ayrıca Ermənistan yoxdur. Onunla danışan hər bir güclü dövlət və ya dövlətlər qrupu mütləq surətdə İrəvanın qarşısına belə bir şərt qoyur: filan dövlətlərlə münasibətlərə yenidən baxacaqsan və bizimlə əlaqələri gücləndirəcəksən.

Təşkilati səviyyədə isə İrəvandan tələb olunan budur: filan təşkilatdan çıxacaqsan və bizim uyğun gördüyümüz təşkilatla əlaqələri gücləndirəcəksən. Bu təşkilatlar sırasında indiki mərhələdə hərbi sahəyə aid olanlar üstünlük təşkil edir. Konkret olaraq, Amerika, Avropa dövlətləri, İran və Hindistan Ermənistanla əməkdaşlıq etməyə çalışırlar. Bu mənada son zamanlar Fransanın pilotsuz aparatlar və onlara qarşı silah istehsal edən şirkətinin rəhbərinin İrəvana səfəri çoxlu suallar yaradır. Bunun fonunda ABŞ-ın Ermənistana maliyyə yardımını artırması və Hindistanın artilleriya silahları satmaq barədə danışması region üçün hazırlanan oyunların bir qismi kimi görünür.

1674142206_2ed4e1c11c9dfd190dc91db683d20b2b.jpg

Əslində, ABŞ-Avropa İttifaqı-Ermənistan formatında Brüsseldə keçirilən görüş və onun yekunu ilə bağlı verilən bəyanatlar, Ermənistan rəhbərliyinin ikibaşlı açıqlamaları həmin oyunların məzmununa aiddir. Bununla yanaşı, rəsmi İrəvanın MDB və KTMT ilə əlaqəli təxribat xarakterli fikirləri də təsadüfi deyildir. Moskvanın bunun qarşılığında İrəvandan konkret faktlar göstərməyi tələb etməsi də sadəcə ritorika deyildir. Bunlar yuxarıda vurğuladığımız kontekstdə regional geosiyasi proseslərin məntiqini dəyişmək və dövlətlərə nəzarəti ələ keçirmək istiqamətində edilən cəhdlərdir.

Gətirilən faktlardan göründüyü kimi, bunun üçün Ermənistandan istifadə edilir, onun ərazisinə nəzarəti artırmaqla (Aİ mülki missiyasının şərti sərhəd zonasında "fəaliyyəti", şərti dövlət sərhədi boyunca yeni müdafiə qurğuları və istehkamlarının qurulması, xarici hərbi mütəxəssislərin çoxalması, Qərbin təsirinin artması və s.) qonşu dövlətlərin də ərazisinə nəzarət etməyə çalışılır. Burada əsas hədəfin Azərbaycan olduğu aydındır, çünki Gürcüstan çoxdan ərazisində kənar qüvvələrin (istər Rusiya olsun, istərsə də Qərb) kontrolu ilə barışıb. Tbilisi öz ərazisinə tam nəzarət edə bilmir – iki bölgəsi işğal altındadır, mərkəzdə isə fərqli kənar geosiyasi qüvvələr at oynadırlar. Qalır müstəqil Azərbaycan ki, bütün oyunlar da onu təsir altına almaqla bağlıdır.

Bakıya təsir cəhdləri: haradan və necə edilir?

Bu vəziyyətdən məntiqi olaraq bir nəticə alınır – konkret hansı vasitələrlə Azərbaycana təsir etməyə çalışırlar? Aydındır ki, tətbiq edilən metod birbaşa hərbi güclə bağlı deyildir. Böyük güclər əsasən "yumşaq güc"ün müxtəlif formalarından və dövlətin dayanıqlığını laxlatmaq üçün digər texnologiyalardan istifadə edirlər. Bu sırada "rəngli inqilab" ssenarisi də istisna edilmir. Son illər "rəngli inqilablar" dəbdən düşsələr də, prinsipcə hələ də alət kimi istifadə olunurlar.

Politoloqlar "rəngli inqilablar"ı ümumi halda "yumşaq güc"dən vətəndaş müharibəsinə keçid mexanizmi kimi təqdim edirlər. Buna misal olaraq Liviya, Suriya və Ukrayna göstərilir (4). Ümumilikdə isə politoloqlar son illər "rəngli inqilablar"ın izahı zamanı "hibrid və vətəndaş müharibələrinin zorakılıq elementlərini və humanitar fəlakətin" əlamətlərini gördüklərini vurğulayırlar (5).

Digər təsir üsulu kimi regionda siyasi münaqişələrin müxtəlif formalarının yaradılmasından istifadə edilir. "Münaqişə" latınca "toqquşma" deməkdir. Deməli, söhbət siyasi toqquşma planlarından gedir. Burada kəskin qarşıdurmalar, dövlətlərin toqquşması, dəyərlərin ziddiyyətli hala gətirilməsi, dövlət maraqlarının sərt şəkildə bir-birinə qarşı qoyulması, müxtəlif süni üsullarla regional miqyasda siyasi gərginləyin yaradılması və s. kimi üsullardan yararlanmağa çalışırlar. Onların sırasında, ümumiyyətlə, siyasi münaqişələr üçün xarakterik olan maraqların toqquşması, dəyərlərin münaqişəsi və siyasi identikliyin toqquşması ayrıca seçilir (6, s. 124-125).

Yuxarıda vurğuladığımız faktorların prizmasından Azərbaycanın qeyri-münaqişə gündəliyinin formalaşdırılmasının konkret məzmunu haqqında fikir yürüdə bilərik.

Hər şeydən öncə görünür ki, xarici siyasətin bu prioritet istiqaməti qarşıdakı tarixi mərhələdə ən mürəkkəb istiqamətlərdən biri olacaqdır. Çünki regional miqyasda geosiyasi gedişatın məntiqi göstərir ki, rəqib hələ uzun müddət yersiz inadkarlığında və mənasız geosiyasi manevrlərində qalacaqdır. Onların neytrallaşdırılması böyük zəhmət və güc tələb edəcəkdir.

Bundan başqa, məsələnin münaqişəsiz gündəmin formalaşdırılması kontekstində qoyulması faktiki baxımdan hər bir qonşu ilə "sıfır problem" reallığını yaratmaq anlamına gəlir. Azərbaycanın artıq neçə illərdir ki, qonşuluq siyasəti məhz həmin istiqamətdə aparılır. Lakin indi bu siyasəti iki yenilik çərçivəsində keyfiyyət və məzmunca fərqli səviyyəyə yüksəltmək lazım gəlir.

Birincisi, indi postmüharibə mərhələsidir ki, bu da Azərbaycanın möhtəşəm qələbəsi sayəsində formalaşıb. Bu qələbəni həzm etmək istəməyən qüvvələr regionda etibarsızlıq, inamsızlıq mühiti yaradaraq müxtəlif növ toqquşmalara yol açmağa çalışırlar.

İkincisi, Cənubi Qafqazda geosiyasi mənzərəni Mərkəzi Asiya və Uzaq Şərqdə geosiyasi dinamika ilə bağlamağa cəhd edilir. Hər iki regionda isə əsas hədəf Rusiya və Çinin sıxışdırılması olduğundan, potensial münaqişəli vəziyyət formalaşdırmaq cəhdləri davam edir. Yəni, Cənubi Qafqaz regionunda olmayan, lakin çox güclü dövlətlərə qarşı fəaliyyətdə Cənubi Qafqazdakı əlaltılarından yararlanmağa cəhdlər edirlər. Bu da avtomatik olaraq bütün regionda təhlükəli vəziyyət əmələ gətirir.

Belə çıxır ki, Cənubi Qafqazda münaqişəli gündəm yerli qüvvələrdən çox, xarici aqressiv və qeyri-konstruktiv, lakin nüfuzlu siyasi-hərbi dairələrin sayəsində formalaşır. Məhz buna görə də belə bir gündəmlə mübarizə aparmaq və regionu tam münaqişəsiz etmək olduqca mürəkkəb işdir. Lakin Azərbaycan rəhbərliyi bu məqsədə nail olmaq üçün artıq bir neçə istiqamətdə fəallığını daha da artırıb.

Münaqişəsiz gündəm uğrunda: Azərbaycanın fəaliyyət istiqamətləri

Həmin istiqamətlərdən biri Cənubi Qafqazla Mərkəzi Asiya və Avropanı konstruktiv əməkdaşlıq və təhlükəsizlik aspektlərində daha sıx birləşdirən layihələrin reallaşması ilə əlaqəlidir. Konkret əməkdaşlıq və kommunikasiya layihələri geniş geosiyasi məkanda qarşılıqlı faydalı əməkdaşlığı stimullaşdırır. Bu cür layihələrin çeşidi artır, daha çox sferaları əhatə edir.

Digər istiqamət Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əlaqələri daha da gücləndirməsi ilə bağlıdır. Bu xüsusda hərbi-sənaye kompleksinin yaradılması və inkişaf etdirilməsi gündəmdədir. Azərbaycan regionda aparıcı hərbi qüdrətini artırır. İndi Xəzər dənizində donanmanın regionda aparıcı olması kimi strateji məsələ həll edilir. Ölkədə güclü silahların istehsal edilməsi ilə bağlı yeni infrastruktur yaradılır. Bunun üçün Türkiyənin aparıcı şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirirlər.

Başqa bir istiqamət Azərbaycanın bölgələrdə inkişafı yeni səviyyəyə yüksəltməsi ilə əlaqəlidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq işləri tam vüsəti ilə davam edir. İnsanların öz evlərinə qayıdışı üçün konkret proqramlar həyata keçirilir. Ölkənin sosial-iqtisadi qüdrətinin inkişafı olduqca vacib prosesdir. Kənar təsirlərə qarşı müqavimət baxımından bu məsələ strateji xarakter daşıyır. Yeni tarixi mərhələdə bu məqamın getdikcə daha çox diqqətə alınacağı şübhəsizdir.

Azərbaycanın münaqişəsiz gündəm formalaşdırmaq istiqamətində atdığı digər addım regional və beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti yeni səviyyəyə yüksəltmək xətti ilə bağlıdır. Ənənəvi olaraq Qoşulmama Hərəkatı, MDB, TDT kimi təşkilatlarla yanaşı, BMT səviyyəsində COP29 proqramı kontekstində də vacib işlər görülür.

Azərbaycan Qoşulmama Hərəkatı (QH) daxilində müstəmləkəçi güclərə qarşı fəaliyyətini artırıb. Fransanın müstəmləkəçilik siyasətinə qarşı təşkilatlanmış fəaliyyət həyata keçirilir. Bu təşkilatın Afrikadan olan üzvləri açıqca Azərbaycanla həmrəyliklərini bəyan edir və real addımlar atırlar.

TDT isə Azərbaycan üçün doğma fəaliyyət məkanıdır. Burada əlaqələr bütün istiqamətlərdə davamlı olaraq yeni mərhələyə qaldırılır. Həmin sırada ortaq təhlükəsizlik sisteminin yaradılması aktual məsələlərdən biri kimi qəbul edilir. Təşkilat hərbi gücünü artırdıqca onun ərazisinə nəzarət etmək xülyasına düşənlər də olmayacaq.

Azərbaycan çox aktiv şəkildə MDB-də də mövqelərini möhkəmləndirir. Son zamanlar bu təşkilatın üzvləri Bakını daha çox dəstəkləyirlər. Xüsusilə təhlükəsizlik və iqtisadi əməkdaşlıq arealında yeni addımlar atılır. Ayrıca Rusiya Azərbaycanla strateji müttəfiqliyini yeni səviyyəyə yüksəltmək istəyini ifadə edir.

MDB-dəki əməkdaşlıq Ermənistanın pozucu fəaliyyətini neytrallaşdırmaq baxımından çox əhəmiyyətlidir. Çünki Ermənistan böyük ölçüdə MDB dövlətləri ilə əlaqələrdən asılıdır. Onun Qərblə real iqtisadi əməkdaşlığı hələlik cüzidir. Bir sıra erməni ekspertlərin ifadə etdikləri fikirlərə görə, Qərb dövlətlərinin Ermənistanla ticarətdə payı cəmi 3 faiz təşkil edir. Bu rəqəmlə yaxın perspektivdə ABŞ və Avropanın Ermənistan iqtisadiyyatında üstünlük təşkil etməsi mümkün görünmür.

Nəhayət, Azərbaycanın beynəlxalq səviyyədə təşkilatlarla əməkdaşlığı dinamik inkişaf edir. BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) buna əyani misaldır. Bu tədbirin keçirilməsində BMT-nin marağının böyük olduğu gözləniləndir. Bütövlükdə Tərəflər Konfransı qlobal miqyasda dövlətlərin iqlim dəyişiklikləri ilə bağlı ortaq qərara gəlmələrini təmin edə bilən platformadır. İqlim dəyişikliyi ilə mübarizə isə hər bir dövlət üçün strateji əhəmiyyət kəsb edir. Heç şübhəsiz, Azərbaycanın bu tədbirə evsahibliyi etməsi və onminlərlə nümayəndənin iştirakını təmin etməsi möhtəşəm beynəlxalq hadisədir və bu hadisənin regional geosiyasi duruma müsbət təsiri də qaçılmazdır.

Yuxarıda vurğuladığımız məqamlar kompleks halda Azərbaycanın regionda münaqişəsiz gündəm formalaşdırmaq istiqamətində atdığı addımları vahid məntiqi çərçivədə təsəvvür etməyə imkan verir. Onun ana xəttini isə Azərbaycanın region miqyasında həyata keçirdiyi siyasət təşkil edir. Burada iki cəhət özünü göstərir.

Birincisi Gürcüstanla strateji müttəfiqliyi daha da gücləndirməklə bağlıdır. Gürcüstanın baş nazirinin Bakıya səfəri bu baxımdan olduqca vacib hadisə idi. Səfər onu göstərdi ki, Azərbaycanla Gürcüstan regional əməkdaşlıq və təhlükəsizlik istiqamətlərində əməkdaşlığı daha da inkişaf etdirəcəklər. Bu aspektdə Bakı ilə Tbilisi arasında fikir ayrılığı yoxdur. Eyni zamanda, Gürcüstan müəyyən mənada Azərbaycanla Ermənistanın yaxınlaşmasına müsbət təsir edə bilər. Deməli, rəsmi Bakı yeni tarixi mərhələdə regional əməkdaşlıq və təhlükəsizliyin təminində, münaqişəsiz vəziyyətin yaranmasında Gürcüstan faktorundan yararlanmaq qərarındadır.

İkincisi İrəvanın bütün manevrlərinə baxmayaraq, Azərbaycan Ermənistanı davamlı olaraq sülh müqaviləsini imzalamağa çəkir. Ermənistanın havadarlarının təxribatçı gedişlərinə kifayət qədər təmkinli reaksiya verir. Eyni zamanda, cavab addımları da atır. Bu prosesdə Türkiyə ilə Azərbaycanın sıx koordinasiyalı fəaliyyət göstərdikləri real faktdır. Rəsmi Bakının İrəvanı regionda münaqişələrin baş qaldırmayacağı mühiti yaratmağın daha doğru olduğuna tədricən inandırdığını müşahidə edirik. Bu da onu göstərir ki, gec və ya tez Ermənistan bu trekə daxil olacaqdır. Sadəcə, onun başqa yolu yoxdur.

Bu barədə hətta Ermənistanın baş naziri açıq danışır. O, faktiki olaraq, daxili siyasi qüvvələrə anladır ki, Ermənistan dövlətçiliyini yalnız Azərbaycan və Türkiyə ilə münaqişəsiz münasibətlər xilas edə bilər. Bu səbəbdən Nikol Paşinyan "tarixi Ermənistan deyil, real Ermənistan dövləti" haqqında düşünməyi daha doğru saydığını bəyan edib.

Beləliklə, Azərbaycan regionda münaqişəsiz gündəm yaratmaq prosesinə artıq başlayıb. Bir neçə istiqamətdə konkret addımlar atılır. Azərbaycan bu çətin, mürəkkəb, lakin yeni zəfərlərə aparan yolda uğur əldə edəcəkdir. Yaxın gələcəkdə region xalqlarının hər biri üçün əhəmiyyətli olan sülh mühiti yaranacaqdır!

Mənbələr

Челлен Р. Государство как форма жизни: пер. со швед. – М.: РОССПЭН, 2008. – 319 с. Kristof Ladis K.D. The Origins and Evolution of Geopolitics // The Journal of Conflict resolution. 1960. Vol. IV. № 1 (March). Харыбин, А.Н. Современные геополитические конфликты // Общество: политика, экономика, право. 2015, № 1, с. 18-19. Нечаев, Д.Н., Ницевич, В.Ф., Бочанов, М.А. "Цветные революции": от soft power к гражданским войнам // Среднерусский вестник общественных наук. 2015, том 10, №6, с. 115-120. Цветкова, Н.А. Дискурс "цветных революций" / Постсоветские исследования. 2019, т. 2, № 2 (2019), с. 940-950. Новейший политологический словарь / авт.-сост. Погорелый, Д.Е., Фесенко В.Ю., Филиппов, К.В. – Ростов н/Д: Феникс, 2010.


MANŞET XƏBƏRLƏRİ