Ötən əsrin söz yaddaşı



Kənan Hacı

Onun adı bizim evdə həmişə hörmətlə, ehtiramla çəkilərdi. Uşaq yaddaşımda bu ad seçilmişlər sırasında olub – Əzizağa Kərimov. O, fars dili müəllimi idi. Klassik ədəbiyyatımızın bilicilərindən, orta əsrlər divan şeirinin təfsirçilərindən idi. “Ahari” təxəllüsü ilə qəzəllər yazırdı. Abşeron şairləri qatarında onun da adı var. Qocaman ədəbiyyatşünas Cəfər Rəmzi “Deyilən söz yadigardır” kitabına onun da bir neçə şeirini daxil edib və beləliklə, Əzizağa Ahari qələmindən çıxan incilər ədəbiyyat faktına çevrilib.

Əzizağa Ahari kim idi? Hansı kökün davamçısı idi? Bu suallara cavab tapmaq üçün ötən əsrin əvvəllərinə qayıtmaq lazım gəlir. Gəlin, keçmişi vərəqləyək.

***

1918-ci ildə Bakıda ermənilərin törətdikləri qırğınların qarşısını almaq üçün Hacı İskəndər özünümüdafiə dəstələri yaratmışdı. Onun dəstəsində ermənilərə qarşı döyüşənlər arasında Əzizağanın babası Qoçu Həsənbala da var idi. Qoçu Həsənbala kənddə həm qoçu, həm də kasıblara əl tutan bir insan kimi tanınırdı. Qəribə xasiyyəti varmış. Kişilərin dükan qabağında və ya yol kənarında toplaşmasını heç xoşlamazmış. Onun düşüncəsinə görə, kişi daim işdə-gücdə olmalıdır. Həm də kişilərin tində, dükan-bazar qabağında toplaşması qadınlar üçün çətinlik yaradırdı. Qoçu Həsənbala:

– Burdan camaatn ailəsi, arvad-uşaq keçir – deyə kəndin qayda-qanunu bilməyənlərə, bunu özünəməxsus formada başa salarmış.

Köhnə kişilər bu yaxınlara qədər belə hallarla rastlaşanda Qoçu Həsənbalanı xatırlayıb deyirdilər ki, “Həsənbala sağ olsaydı, bu avaralar tində-bucaqda toplaşmağa cəsarət eləməzdilər”.

1937-ci il qasırğası gələndə Hacı İsgəndərin dəstəsində vuruşanların hamısını sürgünə göndərdilər. Özünü isə güllələdilər. Qoçu Həsənbala 50 yaşında Sibirə sürgün edildi. Danışırlar ki, bir neçə dəfə sürgündən qaçmağa cəhd edib. Türkmənistana qədər gəlib çıxsa da vətənə qayıtmaq ona nəsib olmur. Qışn sərt şaxtası düşmənlərdən də amansız olur. Həsənbala Əli İsgəndər oğlu yolda don vurmadan dünyasını dəyişir. Özündən sonra dörd övladı qalır.

Əzizağanın atası Ağasəf 1912-ci ildə dünyaya gəlib. Atası sürgün olunanda onun 25 yaşı var idi. Ağasəf 1941-ci ilədək Buzovnada əkinçiliklə məşğul olub. Böyük Vətən Muharibəsi başlayanda onu cəbhəyə göndərirlər. İki il sonra isə döyüşdə həlak olur. Ağasəf də atasının taleyini yaşayır; dörd az yaşlı, iki qız və iki oğlan övladı atasız qalır.

25 yaşında atasını itirmiş Ağasəfin oğlu Əzizağanın da qismətində ata istgisi var imiş. Əzizağa atasını itirəndə cəmi beş yaşı var idi. Onu anası Rəbiyyə xanım böyüdüb boya-başa çatdırıb. Amansız tale 1949-cu ildə Rəbiyyə xanıma bir faciə də yaşadıb; yedd yaşlı oğlu Rəhimağa diqqətdən yayınıb dolabın içində od qalayıbmış, uşaq elə oradaca yanaraq dünyasını dəyişir.

Rəbiyyə bibini mən yaxşı xatırlayıram. Qara, uzun çarşab geyərdi. Çox zəhmətkeş, şirindil, hal-əhvallı bir qadın idi. Kənd camaatı onun xətrini çox istəyirdi. O, mənin indiyə qədər gördüyüm ən zəhmətkeş qadın olub. Yaşının səksəni ötməsinə baxmayaraq, həyətlərini özü əkib-becərirdi və həyətin məhsulunu bazara aparardı.

Ana böyük çətinliklə, sovxozda işləyə-işləyə digər uşaqlarını da böyüdüb. Böyük oğlu Əzizağaya təhsil verib. Əzizağa Azərbaycan Dövlət Universitetinin Şərqşunaslıq fakültəsini bitirir. 1968-ci ildən ömrünün sonuna qədər Maştağadakı 187 saylı məkəbdə, Zirə məktəbində və Buzovna Klubunda ərəb, fars dillərindən dərs deyir.

Əzizağa müəllim hətta gecə məktəblərində də dərs deyirdi. Axşamlar gec olduğu üçün dərsdən sonra qız şagirdlərini evlərinə ötürüb sonra öz evinə gedərmiş. Sadə, mütəvazi görkəmiylə kənd camaatının rəğbətini qazanan Əzizağa müəllim sözün əsl mənasında ədəbiyyat vurğunu idi. Təxəllüsünün mənası "sözlə yandıran" olsa da özü bir insanın belə qəlbinə toxunmazmış. Salamlaşanda da bəzən şeirlə salamlaşarmış. Yazılarının çoxu nüfuzlu qəzet-jurnallarda çap olunardı. Xüsusən, “Kirpi” jurnalında mütəmadi olaraq satirik şeirləri görünərdi. Əzizağa Aharinin satirik yönü də son dərəcə kəsərli idi. Cəmiyyətin nöqsanlarını ironik, sarkastik tərzdə qamçılayırdı.

Bu günlərdə Əzizağa müəllimin oğlu Rəhim atasının əlyazmalarını və bir dəftərçəni mənə təqdim elədi. Bu saralmış vərəqlərdə dünyadan köçmüş şairin könül çırpıntılarını eşitdim.

Sevmişəm zülfü pərişanı, pərişan olmuşam,

Leylivəş bir dilbərin eşqində giryan olmuşam.

Bir zaman Məcnun idi tənha gəzən səhraları,

İndi səhrada bişib xak ilə yeksan olmuşam.

Onun qəzəllərində Füzulidən, Seyid Əzimdən, Əliağa Vahiddən süzülüb gələn lirika hakim idi. Əruzun oynaq bəhrələrində yazdığı kimi çətin bəhrlərə də müraciət edirdi. Bu da onun əruzu mükəmməl bilməsiylə bağlı idi. Abşeron qəzəl mühitində əruzu bilən nadir insanlardan idi. Sufizmə, Irfan fəlsəfəsinə dərindən bələd idi. Oğlu Rəhim danışır ki, atam evlənən günün səhəri çoxdan axtardığı bir kitabın sorağı ilə Bakının məşhur Kitab Pasajı deyilən yerə gəlir, satıcıya həmin kitabı almaq istədiyini deyir. Satıcı bu oğlanın həmin kitabı oxuyub anlaya biləcəyinə şübhə ilə yanaşır. “O kitab sənlik deyil, sən o kitabı oxuyub heç nə başa düşməzsən” deyir. Onun bu cavabı gənc Əzizağaya toxunur. Satıcıya deyir ki, kitabı açın, istənilən səhifədən mənə sual verin, bircə sualınıza cavab verə bilməsəm, çıxıb gedəcəyəm”. Satıcı kitabı açır və Əzizağaya kitabdan bir neçə sual verir. Əzizağa bütün suallara dəqiqliklə cavab verir. Satıcı heyrətlənir: “Sən gənc yaşda klassik ədəbiyyatın incəliklərini necə, harda öyrənmisən?”

Əzizağa gülümsəyir və kitabın pulunu ödəyir. Satıcı məmnun halda kitabı verir və gənc şair sevinc içində kəndə qayıdır. Akademik Vasim Məmmədəliyev Əzizağanın gənclik dostlarından idi. Onlar sadiq dostlar idilər. Bu dostluq Əzizağa Aharinin ömrünün son günlərinə qədər davam elədi.

1984-cü il idi. Atam dedi ki, Əzizağa müəlim xəstələnib yataqdadır, gedirəm onu baş çəkim. Atam getdi, gələndən sonra danışırdı ki, Əzizağa müəllim ən çox evdən çıxa bilmədiyinə görə şikayətlənirmiş. “Evdə darıxıram” deyirmiş. Görünür, ömür möhlətinin bitəcəyini hansısa duyğu ilə hiss edirmiş.

Evində üst-üstə qalaqlanmış kitabları görən atam deyib ki, müəllim, niyə darixirsan, bu kitabları oxu, başın qarışsın. - Hansını oxuyum? Hamısını əzbərdən bilirəm, - deyə cavab vermişdi.

Bu qədər kitabın hamısını oxuduğunu eşidəndə atam çox təəcüblənmişdi. Sonra gəlib bu sohbəti mənə də danışdı.

Çox təssüf ki, az müddət sonra Əzizağa müəllim dünyasını dəyişdi.

Bir də ona təəssüflənirəm ki, ölümündən qırx il keçməsinə baxmayaraq bu klassik qəzəl şairinin hələ də kitabı nəşr olunmayıb. Əlyazmalarını oxuduqca son dərəcə böyük istedad sahibi olan şairin ruhu ilə həmsöhbət oluram. Yazımızın əvvəlində qeyd etmişdik ki, şair beş yaşından yetim qalıb, atasını müharibə əlindən alıb. O, ata nisgiini şair Əlabbas Zakiyə yazdığı şeirində bu cür ifadə edir:

Mənim də sinəmə hərbin o qanlı əlləri dəydi,

Cəfadidə yetim oldum, yetimlik boynumu əydi.

Elə mənhus yaşamaqdan bihəmdillah, ölüm yeydi,

Nə edəydik, əziz ustad, zaman başqa, dövr eləydi,

Silinməz xatirə olmuş, yatır sinəmdə qubarım.

Bəla gördüm, cəfa gördüm yetən hər nazlı dilbərdən,

Birər işvə, birər qəmzə, yetişdi ahu gözlərdən.

Alışdım atəşi-eşqə, ucaldı tənə yer-yerdən,

Səməndərtək yanan canım, çəkinməz oldu məhşərdən,

Mənimlə birgə əzm eylər sonuncu mənzilə narım.

Bu şeirin özü klassik sənət hadisəsidir. Bu stixiya onun bütün şeirlərinə hakimdir. Həyat və rəvayət, təriqət və həqiqət onun qəzəllərində qovuşur, vəhdət halına gəlir. Bu vəhdətə qədərki bütün ovqatlar və mərhələlər bu yekuna gətirib çıxaran ahəngi, məntiqi ifadə edir. Saf, təmiz, fəlsəfi, İlahi, sufiyanə eşqin sosial mənası var, bu ideal fonda dünyanın idealdan uzaqlığı görünür. Əzizağa Aharinin xüsusən satirik şeirləri xəlqi ifadələr, detallar, təşbihlərlə zəngindir. Bu da onaqədərki ədəbi ənənədən və folkordan gəlir. Bu poetik nümunələrdə Füzuli ilə Sabirin məzmun və forma müştərəkliyini görürük.

Axırı məcbur olub, “Kirpi” dayı, mən dilə gəldim,

Dəryadə idim, əsdi külək, sahilə gəldim.

Sərxoşluq edib, tində durub qan-qan edərdim,

Oddan da, alovdan da inan, xeyli betərdim.

Başdan-başa bir vahiməli, cana xətərdim,

Min fitnə-fəsad acizə, həm cahilə gəldim,

Dəryada idim, əsdi külək, sahilə gəldim.

Əzizağa Aharinin bizə qoyub getdiyi bu söz yadigarları yəqin ki, nə zamansa bir kitabda toplanıb oxucuya yetişəcək. Hər halda, bu poetik incilər heç vəchlə unudulmağa layiq deyil.


MANŞET XƏBƏRLƏRİ