Aprelin 5-də Azərbaycanı ciddi təhlükə gözləyir


Aprelin 5-də Brüsseldə keçirilməsi gözlənilən üçtərəfli görüş hazırda Ermənistan KİV-lərinin aparıcı mövzusuna çevrilib. Bəzi erməni analitiklər 3 gün sonra Avropada ciddi qərarların qəbul ediləcəyini bildirirlər. Brüssel görüşünün hətta Qarabağ münaqişəsinin taleyinə ciddi təsir edəcəyinə dair iddialar da var.

Bəs Azərbaycan üçtərəfli görüşdən nə gözləyir? Brüsseldə ölkəmiz əleyhinə hər hansısa qərar qəbul edilə bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, aprelin 5-də keçiriləcək görüş sülh prosesinə ciddi zərbə vuracaq:

“Azərbaycan Xarici İşlər Nazirliyi aprelin 5-də keçiriləcək görüşlə bağlı öz mövqeyini açıqlayıb və bundan narahatlıq keçirdiyini bildirib. Belə bir görüşün qeyri-şəffaf keçirilməsinin bölgədə sülh prosesinə fayda verməyəcəyini, əksinə zərər gətirəcəyini açıq şəkildə bildirib. Ermənistan mətbuatı və cəmiyyəti öz-özünü aldatmağa meyillidir. Təbii ki, bu görüş Ermənistanın maraq və mənafelərinə uyğundur. Bölgədə sülh prosesinə zərər vuracaq bir prosesdir. Amma bu o demək deyil ki, bütün hər şey Ermənistanın istədiyi kimi olacaq və Ermənistan istədiyi hər bir hədəfə çata biləcək. Ermənistan bu cür qeyri-konstruktiv davranışları davam etdirərsə və sülh prosesini əngəlləməyə davam edəcəksə, zərərini də özü çəkəcək”.

Politoloq Ermənistanın öz üzərinə düşən öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə, bölgədə hərbi gərginliyin ola biləcəyini istisna etməyib:

Diqqət etsək, hazırda sərhəd boyunca müdafiə qurğularının qurulması, qüvvəllərin cəmləşdirilməsi kimi proseslər həm də özlüyündə bir təxribatdır. Ermənistan bu vasitə ilə Azərbaycanı təhrik etməyə çalışır. Bunun əsas səbəbi odur ki, Ermənistan özünün təhlükəsizlik təminatı ilə bağlı məsələləri həll etmək istəyir. Təbii ki, bu Ermənistanın özündə deyil, müxtəlif qərb mərkəzlərində planlaşdırılıb. Belə bir görüşün keçirilməsi Azərbaycanın maraqlarına tamamilə ziddir. Bu görüşdə təhlükəsizliklə bağlı sənəd imzalanacaqsa, bilmək lazımdır ki, yalnız Rusiyanın bölgədəki nüfuzunun zəiflədilməsinə yönəlməyib. Eyni zamanda, ilk növbədə Türkiyə və Azərbaycana qarşı yönəlib. Bunun da əsas məqsədi Ermənistandan vasitə kim istifadə edərək, qərbin bölgədə yerləşməsi və o cümlədən, Zəngəzur dəhlizinə nəzarətdir. Ermənistan əgər öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə, bölgədə hansısa gərginliyin olacağı istisna deyil”.


MANŞET XƏBƏRLƏRİ