1400 illik kin partladı: Gizlinlər açılır – Diqqət bir anda Azərbaycana yönəldi


Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ dövlət katibi Entoni Blinken 5 aprel görüşü öncəsi Prezident İlham Əliyevə zəng etdi. Dövlət katibi bildirdi ki, görüş Ermənistana hərbi yox, iqtisadi dəstəklə bağlıdır. Azərbaycan lideri bunun tam əksini söylədi. Sizcə, bu zəng nə ilə bağlıdır, Blinkenə inandıqmı?

- Blinkenə cavabı Azərbaycan prezidentinin həddindən artıq məlumatlı olması ilə bağlıdır. İlham Əliyev Azərbaycanda yeganə adamdır ki, bütün məlumatlar onun özündə toplanır. Yəni İlham Əliyevin bu şəkildə cavab verməsinin əsası var. ABŞ-nin 44 günlük müharibədən əvvəl Azərbaycanla bağlı tutduğu mövqeyi cənab prezidentə belə söyləməyə imkan verir. Çünki Amerika həmişə dediyini yox, demədiyini edir. Nəyi deyirsə, bilin ki, eləməyəcək. ABŞ-nin son 100 ildə həyata keçirdiyi siyasət belədir.

ABŞ-Avropa Birliyi tandeminin əsas məqsədi “bir güllə ilə iki dovşan vurmaq”dır. Hədəfləri həm bölgədə Rusiyanı zərərsizləşdirmək, həm də Azərbaycan-Türkiyə ittifaqını ABŞ-nin maraqlarına xidmət edəcək vəziyyətə gətirməkdir. Blinken də bilir ki, Azərbaycan prezidenti beynəlxalq siyasət üzrə peşəkardır. ABŞ dövlət katibi diqqəti yayındırmaq üçün “iqtisadi amil”i ön plana çəkir. Amma nə desələr də, bizdə onlara inam yoxdur.

Brüssel görüşünün məqsədi Azərbaycanı Ermənistanın üstünə salmaqdır. Bu baxımdan, İran-Rusiya tandeminin maraqları ABŞ ilə üst-üstə düşür. İranla Rusiya bölgədə güclənmək, ABŞ ilə Avropa Birliyi isə bura girmək istəyir, bunun üçün də onlara müharibə lazımdır. Bizim zəmanətimiz yoxdur ki, Azərbaycan ordusu hansısa durumda şərti sərhədi keçsə, KTMT Nizamnaməsinin “kollektiv müdafiə” ilə bağlı 4-cü bəndi işə düşməyəcək. İndi Rusiyanın 102-ci diviziyası Ermənistandadır, oradan çıxmayacaqlar.

Qərblə Rusiya həm Azərbaycan, həm də Ermənistanı özlərinə çəkmək üçün yarışır. Bölgədə yeni müharibə yaratmağa çalışırlar. Azərbaycanın buna gedəcəyinə inanmıram. Blinken də bunu bildiyi üçün deyir ki, hərbi məsələ yoxdur. “Hərbi məsələ” yoxdursa, niyə Ermənistanı bu qədər silahlandırırsınız? Fransanın özü yaman gündədir, Ermənistanı silahlandırmağa çalışır.

Digər yandan, Çini Hindistanla əvəzləyiblər. Hindistanın Ermənistanı silahlandırmasını bir kənara qoyuram, bu ölkəni ortaya atan Amerikadır. Bu baxımdan, cənab prezident bildirdi ki, ortada sırf hərbi maraq var.

- İndi aprelin 5-də və ondan sonra nə baş verəcək?

- İlk növbədə, Ermənistan ABŞ və Avropadan zəmanət istəyəcək. İkincisi, görüş Ermənistanın “ikinci Ukrayna” olmasını rəsmiləşdirə bilər. Ukraynadakı müharibə ABŞ-nin layihəsidir, indi bunu Ermənistanda təkrarlamaq istəyirlər. Əvvəl yardımla şirnikləndirib sonra müharibənin içinə atmağı planlaşdırırlar. Həmçinin Azərbaycanı təxribata çəkərək qazandığımız uğurlarımızın üstündən xətt çəkmək niyyəti güdürlər. Amerika həm də Azərbaycanda hakimiyyət dəyişikliyinə can atır. Çünki İlham Əliyev 300 ildən sonra ilk dəfə torpaqlarımızı azad etməklə dünyaya meydan oxudu. İlham Əliyev Cənubi Qafqazda qlobal arxitekturanı dəyişdi. İndi Amerika bunun əvəzini çıxmağa çalışır. Bu baxımdan, aprelin 5-də qəbul ediləcək qərarların görünən yox, görünməyən hissəsinə baxmaq lazımdır. Görünən hissəsinə baxıb görünməyən tərəfi ilə bağlı nəsə demək mümkündür.

Bütün bunlarla yanaşı, birmənalıdır ki, görüşdə Azərbaycan-Ermənistan sülh müqaviləsinin bağlanması məsələsi gündəmdən çıxarılacaq. Bundan sonra çalışacaqlar ki, Azərbaycan Ermənistana hücum eləsin və bundan istifadə edib Azərbaycanı çökdürsünlər. Amma Azərbaycan bu təxribata getməyəcək. ABŞ və Avropa Birliyini də özündən çıxaran budur.

- İran istər bu görüş, istərsə də ABŞ və Avropa Birliyinin tədricən Ermənistanda yerləşməsini sükutla qarşılayır. Əvəzində yersiz olaraq Azərbaycanın ünvanına hədyanlar səsləndirirlər. Mollaların bu ikiüzlü mövqeyi nə ilə əlaqəlidir?

- İranı 1400 il Azərbaycan türkləri saxlayıb. Bu, son 35 ildə də belədir. İran bunu heç cür həzm edə bilmir. Buna görə də, Ermənistanı özünün “qırmızı xətt”i adlandırır. İranın bir nömrəli məqsədi Zəngəzur dəhlizinin açılmamasıdır, türk dünyasının bir-biri ilə quru əlaqəsinin olmamasıdır. İran buna görə Şeytanla belə müqavilə bağlayır. Pərdə arxasında Fransa ilə hər cür oyuna gedirlər. İran pərdə arxasında İsraillə də yaxın dostdur. İran heç vaxt İsraillə vuruşmayacaq. Üzdə görünənlərin hamısı hazır ssenaridir. Buna görə də, İran Ermənistana nə deyəcək?!

Haylar farsların törəmələridir. İran həmişə olduğu kimi, bundan sonra da Ermənistanın yanında olacaq. İrandan bizim yanımızda olmağı gözləmirik. İran sözdə də Ermənistana heç nə deməyəcək. İranın imkanı olsa, Azərbaycana hücum da edər. Amma bundan çəkinir.

Azərbaycanın bədbəxtliyi ondadır ki, Türkiyə istisna olmaqla, digər qonşularımızın hamısı qanımıza yerikləyib, bizi sevmirlər. Bu, bir həqiqətdir. Həmin dövlətlərin hamısı bizim torpaqlarımız hesabına böyüyüblər. Bilirlər ki, bu faktor gələcəkdə onlara problem yarada bilər. Buna görə də İran Ermənistana dinməyəcək, bunu gözləməyin.

- Qlobal diqqət niyə birdən-birə Cənubi Qafqaza yönəldi? Müharibədən danışdınız, belə bir gəlişmə nə qədər mümkündür?

- Səbəblərdən biri odur ki, Amerika Avropanı Rusiyadan ayıra bildi, ucuz Rusiya resurslarını sıxışdırıb qitədən çıxardı. İkincisi, Avropa Birliyi qitənin ən böyük dövləti olan Ukraynanı Rusiyanın əliylə zərərsizləşdirdi. Nəticədə Ukrayna parçalanıb. İndi Polşa Ukraynadan 1940-cı illərdən ondan alınan torpaqları istəyir, Macarıstan və Rumıniyanın da ərazi iddiaları var. ABŞ və Avropanın iri şirkətləri də Ukraynanın qara torpaq bölgələrini götürüblər. Əkinə yararlı torpaqlarının 60 faizi Ukraynanın əlindən çıxıb. Bu fonda da Rusiyanın Avropaya çıxışı tam qadağan edildi. İndi Rusiyanın Avropaya çıxışı üçün yeganə tranzit ölkə kimi Azərbaycan üzərindəndir.

Başqa bir önəmli məqam Çinin Avropa və Afrikaya çıxışı ilə əlaqəlidir. Digər istiqamətlərdə dəniz daşımaları 3 aya başa gəlir, Azərbaycandan Avropaya çıxış isə cəmi 14 gün çəkir. Çinlə Azərbaycanın arasında bir ölkə - Qazaxıstan var. Yəni tranzit ölkə kimi Azərbaycanın önəmi böyükdür. Gürcüstanın heç nəyi yoxdur. Gürcüstan Azərbaycanın hesabına tranzit dəhlizə çevrilib. Bu baxımdan, Zəngəzur dəhlizinin açılmasından qorxurlar. Yəni burada Orta dəhliz vasitəsilə Türkiyə, Aralıq dənizi və dünyaya çıxış məsələsi həll olunur. İndi Çinin bu yolla Avropaya çıxması Amerikanın oradan sıxışdırılıb çıxarılması deməkdir.

Bütün bu oyunların arxasında ABŞ durur. Amerika istəmir ki, Orta dəhliz layihəsi reallaşsın. Bu, dünyanın güclü dəhliz projesidir. Reallaşsa, Türkiyə avtomatik dünyanın aparıcı dövlətinə çevriləcək, Çinin əli güclənəcək, eləcə də Azərbaycanın... Amerika da bu xətlərə nəzarəti ələ keçirmək üçün çalışır.


MANŞET XƏBƏRLƏRİ