Rusiyada klanlararası mübarizə - Şoyqu vəzifədən uzaqlaşdırılacaq?


Rusiyanın müdafiə nazirinin müavini Timur İvanovun həbsi ölkə daxilində qalmaqala səbəb olub. Sergey Şoyqunun 12 müavinindən biri olan İvanov korrupsiyada ittiham olunur. Bir neçə il əvvəl mərhum müxalif siyasətçi Aleksey Navalnının antikorrupsiya fondu 48 yaşlı nazir müavinin dəbdəbəli həyatı barədə araşdırmalar dərc edirdi.

Rusiya dövlət mediasının məlumatına görə, İvanov Federal Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat bölməsinin apardığı araşdırma nəticəsində həbs olunub.

Lakin bir çoxları İvanovun həbsinu Rusiya siyasi sistemində sərvət və nüfuz uğrunda mübarizə aparan “klanlar” arasında daxili çəkişmələrin nəticəsi kimi qiymətləndirir. Müxtəlif ranqlı məmur və ölkənin nüfuzlu iş adamlarının təsmil olunduğu klanlar ordu, kəşfiyyat və hüquq-mühafizə orqanları, hərbi sənaye kompleksi ətrafında mərkəzləşir.

Karnegi Rusiya Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanovaya İvanovun həbsini şərh edərkən bildirib ki, Şoyqunun güclənməsi hakim elita daxilində kiminsə xoşuna gəlməyib

"Bu, Putindən deyil, Putinə yaxın olan və Şoyqunun gücləndiyini düşünən insanlardan irəli gəlir. Bu, sadəcə olaraq kiməsə və həddən artıq güclü olan nazirliyə qarşı döyüşdür və vəziyyəti tarazlaşdırmaq cəhdidir", - o bildirib.

Keçmiş Kreml spikeri, hazırda hakimiyyət tərəfindən “xarici agent” kimi tanınan Abbas Qalliyamov da həbsi Şoyquya hücum kimi qiymətləndirdiyini və onu zəiflədəcəyini söyləyib

"İvanov Şoyquya ən yaxın adamlardan biridir. Onun yeni hökumətin təyinatı ərəfəsində həbsi onu deməyə əsas verir ki, hazırkı nazirin kresloda qalmaq şansı kəskin şəkildə azalır", - sabiq Kreml rəsmisi qeyd edib.

İvanovun həbsi Putinin 2022-ci ildə Ukraynaya qoşun yeritməsindən sonra ən səs-küylü korrupsiya işidir. Dövlət mediası Şoyqunun İvanovu tutduğu vəzifədən uzaqlaşdırdığını yazıb.

Qalmaqal Putinin beşinci prezidentlik müddətinə inauqurasiyasından cəmi iki həftə əvvəl və gələn ay gözlənilən hökumət dəyişikliyindən öncə baş verib. Rusiya mətbuatı Şoyqunun nazir vəzifəsində qalıb-qalmayacağını müzakirə edir.

İvanov ordu quruculuğu və satınalma müqavilələrinə rəhbərlik edirdi. Rusiya mətbuatının məlumatına görə, o, Müdafiə Nazirliyinin tender müqavilələrini müəyyən şəxslərə vermək müqabilində ən azı 1 milyard rubl dəyərində rüşvət almaqda ittiham olunur.

Şoyqunun Putinə sədaqətini nəzərə alsaq, qalmaqal səbəbindən onun işini itirəcəyi ehtimalı azdır, lakin İvanovun həbsi onun nüfuzuna zərbə kimi qiymətləndirilir. Qeyd olunur ki, Rusiya hakimiyyəti daxilində Şoyqunun son illər, xüsusilə Ukrayna müharibəsi səbəbindən nüfuzunun artmasından narahatdır.

“Moskva Tayms” qəzeti yüksək rütbəli hökumət rəsmisinə istinadən həbsi Şoyqunun düşərgəsinə ciddi zərbə adlandırıb. Nəşr Müdafiə Nazirliyinə yaxın mənbəyə istinadən bildirib ki, həbs İvanovla bağlı deyil, daha çox siyasidir və Sergey Şoyqunun mövqeyinin zəifləməsinə hədəflənib.

Qeys edək ki, Şoyqu müharibənin başlamasından sonra rusiyalı müharibə bloggerləri və millətçilərin tənqid hədəfində olub. O, ötən ilin iyun ayında Vaqner muzdlularının lideri Yevgeni Priqojinin başçılıq etdiyi uğursuz çevriliş cəhdindən xilas ola bilib. Lakin onun nüfuzu ciddi zədələnib

"Bu həbs dolayı yolla Şoyquya ziyan vurur. Suallar yaranır. Necə oldu ki, ona yaxın olan və onun gətirdiyi şəxs Şoyqunun burnunun dibində bu qədər oğurluq etməyi bacarıb?", - ekspertlər deyir.

Kremlin keçmiş müşaviri Sergey Markov isə 2012-ci ildən bu vəzifədə olan Şoyqunun işində qalacağını proqnozlaşdırır. O, Rusiyanın son dövrlər Ukraynada qazandığı uğurları Şoyqunun adı ilə əlaqələndirir.

İvanovun həbsi ilə bağlı bir çox şayiələr yayılıb. Mediada onun dövlətə xəyanətdə də ittiham oluna biləcəyi ilə bağlı xəbərlər var. Bəziləri Rusiyanın Qərblə ekzistensial mübarizə apardığı bir vaxtda, Putinin İvanovunun Qərbə məxsus həyat tərzinə olan sevgisinə qəzəbləndiyini düşünür.

Digərləri hesab edir ki, İvanovun dəbdəbəli həyatı müharibədən əvvəl normal qəbul edilsə də, müharibədən sonra "taun zamanı ziyafət" kimi qəbul edilib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ