Səfəvilər dövlətinin milli ideyası: Türk şiəliyi (Tanrıçılıq), yoxsa Fars şiəliyi (Zərdüştizm)


IV Yazı

AMEA Fəlsəfə və Sosoiologiya İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

Bu anlamda “Səfəvi şiəliyi” ya da “Türk qızılbaşlığı” deyilən sadəcə, bir dövlət yaratmaq və onu idarə etmək ideologiyasıdır. Əlbəttə, bu ideologiyada doğru olanlarla yanaşı, yalnış olanlar da az olmamışdır. Ancaq bu gün biz “Türk şiəliyi” ya da “Səfəvi qızılbaşlığı”nda yalnız yanlışları axtarmaqla heç nə qazanmayacağıq. Çünki dövlətlərimizdə doğru olanları deyil də, ancaq yanlış olanları önə çəkmək insanların bilinclərində güvən əvəzinə inamsızlıq yaradır. Başqa sözlə, dövlət yaratmaq və onu idarə etmək ideologiya­ların­dan biri olan Türk şiəliyi ya da qızılbaşlıq o zaman Türk-Oğuz boylarının bir qisminin (Azərbaycan Türklərinin) işinə yaradığı üçün doğru, digər qisminin (Anadolu türklərinin) işinə yaramadığı üçün yanlış idi. Təbii ki, Türk-Oğuz boyları arasında şiəliyi zərərli sayanlar saymayanlar qədər haqlı idilər. Ancaq onların hər ikisi bunu, Allah və Onun Peyğəmbəri yolunda əldə bayraq tutaraq edirdilər. Deməli, sonralar daha çox sünni və şiə kimliyinə bürünmüş, əslində bunun mahiyyətinə çox da varmayan Türk-Oğuz boyları üçün qur­duqları dövlətləri ayaq üstə tutmaq, ərazilərini daha da genişlən­dirmək üçün bu bir ideoloji taktika idi. Başqa sözlə, Tanrıçılıq inancından heç bir zaman qurtulmayan və qurtula bilməyəcək də Türk-Oğuz boylarının İslam dini içindəki məzhəbçi mövqeləri xilas yolu ola bilməzdi. Çünki Türklər üçün tək yol İslamdan öncə də, İslam dövründə də yalnız Tanrının özüylə bağlı olmuşdur. Bu anlamda yəhudilik, xristianlıq, islamlıq və digər təktanrılı dinlər türklər üçün yeni deyildir. Deməli, İslam dini daxilindəki məzhəb ayrılıqları da türklər üçün faciə hesab edilməməli idi. Bu, birinci dəfə deyil idi ki, türklər rastlaşırdılar.

Sadəcə, əvvələr olduğu kimi burada da əsas məsələ o idi ki, İslam dininin içində sünni və şiə kimliyilə bir-birinə qarşı duran, Tanrının ədalət carçısı olmaq yolunda müharibə edən Türk-Oğuz boylarından hansı daha çox haqlı, hansı daha az haqlıydılar. Əsas düşündürücü məqam məhz Tanrının ədalət gücünü təmsil etmək idi ki, Türk-Oğuz boyları İslam dini açısından ona yeni məna verirdilər. Yəni Tanrının ədalət təmsilçisi olmaq uğrunda, eyni zamanda öz hakimiyyətlərini bir-birlərinə təsdiq etdirmək yolunda qutlu bir savaş apardıqlarına hər iki tərəf inanırdı. Şübhəsiz, bu çox nisbi ancaq faciəli məsələ idi. Çünki zaman zaman türk dövlətlərinin sünni və şiə məzhəbçiliyi savaş bəhanlərini ortaya qoyub daha çox Tanrının yer üzündə ədalət təmsilçiliyi ugrunda mübarizəni ifadə etsə də, iki türk dövlətinin zəifləməsinə və düşmənlərinin qazanmasına da səbəb olmuşdur. Bu anlamda keçmişə baxanda Türk şiəliyi ideolojisi ilə dövlət quran və idarə edən Səfəvilər üzərində daha az haqlı, daha çox günahkar düşüncəsi formalaşdırmaq heç də Türk Birliyinə xidmət etmir. Ən azı ona görə ki, Türk sünniliyi təəssübkeşi kimi qəbul etdiyimiz Osmanlının özündə də önəmli olan Türk dövlətinin yer üzündəki ədalətli əzəmətini və böyüklüyünü bu adla mühafizə etmək idi. Eyni işi Səfəvilər Türk şiəliyi adı altında edirdi. Belə olduğu təqdirdə birini az suçlu, digərini çox suçlu saymaq, təbii olaraq doğru ola bilməz. Demək istədiyimiz budur ki, sünni və şiə məsələsində iki Türk dövləti qarşı-qarşıya gəlmişdirsə, bu yalnız onların hansının daha çox İslam dini təəssübkşeşi olmasından irəli gələ bilməzdi. Burada önə çıxan Tanrının yer üzündəki ədalət təmsilçisi olmaq yolunda “iki qoçun başının bir qazanda qaynaya bilməməsidir”. O zaman iki Türk dövlətinin bunu həll edə bilməməsi fonunda sünni və şiə təəsübkeşliyini ortaya ataraq İslam dininin qoruyucuları kimi dəfələrlə savaşmaları başa düşüləndir.

Şübhəsiz, “köhnə” bir dövlət olan Osmanlının “yeni” dövlət olan Səfəvilərə Tanrının ədalət rəmzi olmaq yolunda din ideolojisi dərsi keçməsi daha çox dini böyüklüyün ya da sünni təəssübkşeliyin ifadəsi deyil, eyni zamanda yanı başında olan daha böyük birisiylə hesablaşılması istəyi idi. Ancaq “gənc” Səfəvinin “qoca” Osmanlıyla hesablaşmaq əvəzinə dikbaşlıq etməsi, üstəlik bunu “şiə” dövləti olaraq ortaya qoyması “yaşlı” Türk dövlətinin “gənc” Türk dövlətinə savaş açması üçün əsaslı bir səbəb olmuşdur. Çox yazıqlar olsun ki, Sultan Səlimdən başlayaraq Osmanlı hökmdarları üçün Səfəvilərin “Türk şiəliyi” həddən artıq şişirdilmiş, ancaq son dönəmlərdə bu məsələ bir qədər şəkil dəyişdirilmişdir. Əslində Osmanlının Səfəvilərdən daha çox onun dövlət ideolgiyasına, yəni şiəliyə müharibə elan etməsi, onu aradan qaldırıram deyərkən daha yayılmasına səbəb olmuşdur. Üstəlik, Osmanlının “şiə” məsələsinin üzərinə getməsindən ən çox itirən Azərbaycan ya da Turan türkləri olmuş, bundan faydalanan isə İran ya da İran kökənlilər olmuşlar (97a, s.394-395). Ona görə də, Səfəvi şiəliyi ya da Səfəvi Qızılbaşlığı çox keçmədən Osmanlı və Türkiyədə artıq türklük, Azərbaycanlılıqla deyil, İran və İranlılıqla bağlanmışdır. Şübhəsiz, bu məsələdə Avropa və Rusiya alimlərinin də böyük əməyi olmuşdur.

Bizcə, bu anlamda Səfəvi şiəliyinin ya da qızılbaşlılığının Türklüyə və Azərbaycanlılığa zidd, bunun əvəzində Farslığa və İranlılığa doğma hesab edilməsinin kökünü Səfəvi-Osmanlı münasibətlərinin sünni-şiə analamda düzgün qurulmaması, bundan dolayı baş verən müharibələrdə deyil, onların arasında düşmənçilik toxumunu səpən, sünni və şiləiyi iki türk dövlətinin ölüm-qalım məsələsi kimi ortaya atanlarda axtarmaq lazımdır. Şübhəsiz, iki Türk dövlətinin həm siyasi, həm də dini-ideoloji anlamda kəsişməyən maraqlarını düşmənçiliyə və daha sonra müharibələrə səbəb olanlar antitürk qüvvələr idilər. Həmin antitürk qüvvələr sünni-şiə məsələsindən, eyni zamanda Tanrının yer üzündəki ədalət təmsilçisi olmaq istəyindən yararlanaraq Türk-Oğuz boylarının birbirlərinə savaş açmalarını körükləyirdilər.

Çox yazıqlar olsun ki, içimizdəki və xaricimizdəki antitürk qüvvələr Orta çağda Türkün yer üzündə ədalət təmsilçisi olmaq kimi istəyini yalnız məzhəbçilik fonunda təqdim edərək, Türk dövlətləri­nin yer üzərində ədalətlilik və insanlıq təmsilçiliyi mübarizəsini kölgədə qoymuşlar. Bununla da, ədalət və insanlıq uğrunda mübarizə aparan Türk dövlətlərinin mücadiləsi Qərb tarixçiliyində məzhəbçilik və hakimiyyət hərsliyi kimi dəyərləndirilmişdir. Bu gündə aşağı-yuxarı bizlərə həmin bilgiləri verirlər. Bütün bunların əvəzində ədalətlilik və insanlıq uğrunda mübarizə aparanlar kimi isə Qərb dövlətləri, bir sözlə Qərb ideologiyaları təbliğ olunur. Biz isə hələ də düşünürük ki, görəsən Səfəvilər niyə şiəliyi qəbul etdi, şiəliyi qəbul etməklə də Türklüyə xəyanət etdilər mi? Amma bir alman düşünmür ki, almanların böyük qismi xristianlıq içində lüterançılığa üz tutmaqla almanlıqlarından imtina etdilər mi, etmədilər mi? Bizcə, yox. Bir din içində müəyyən qədər fərqli yol tutmaq doğrusı yanlışıyla millətin üstündən xətt çəkə bilməz. Ancaq zaman zaman özündən uzaqlaşar. Bu uzaqlaşmanın sonu isə yenidən kökə qayıdışdır. Deməli, dünənin və bu günün Türk sünnisinin ya da Türk şiəsinin sonu birdir: Tanrıçılıq!!!

Beləliklə, bütün bunlarla yanaşı, Səfəvi Türk dövlətinin sonunun gəlməsinin əsasən aşağıdakılarda görürürk:

1) Azərbaycan Türk qızılbaşlığının (Türk şiəliyinin) İran Fars şiəçiliyinə tabe etdirilməsi, Türk tayfalarının ordudan və dövlətdən hakimiyyətdən tamamilə uzaqlaşdırılaraq farsdillilərin, gürcülərin və başqalarının onların yerinə gətirilməsi,

2) Millət və vətən təəssübünün zəifləməsi, yəni Türk dövləti­nin mahiyyətindən kənara çıxaraq onun sonunadək qorunmamsı,

3) Səfəvilər hökmdarlarının və Türk ordusunun nüfuzu­nun, səlahiyyətlərinin azalması fonunda irançı din üləmalarının nüfuz­ları­nın, səlahiyyətlərinin sürətlə artması və şiəliyin radikal hala gəlməsi.

Deməli, əgər Baharlı-Qaraqoyunlu və Bayandurlu-Ağqoyun­lu dövlətlərinin uzun yaşaya bilməməsinin səbəbi bir-birindən güclü Türkmən boylarının varlığı idisə, bunu dini məzhəbçilik anlamında qızılbaşlıq-şiəlik ideyasıyla əsasən aradan qaldırmağı bacaran Səfəvilər, ancaq sonralar bu məsələdə fars şiəçilərinə və digərlərinə uduzmaqla milli dövlət, milli imperiya prinsiplərini qoruya bilmədilər. Sadəcə, I Şah Abbasın islahatlarıyla (şiəçiliyi daha gücləndirmək, orduda türk və qeyri-türklər arasında bərabərlik yaratmaq və s.) Səfəvi Türkmən Dövləti ömrünü bir əsr də uzada bildi. Ancaq Süleyman şah, xüsusilə onun oğlu Sultan Hüseynin dövründə artıq I Şah Abbasın islahatları da öz əhmiyyətini itirmiş oldu. Artıq Səfəvi dövlətində hakimiyyət hökmdarın nəzarətindən çıxıb irançı şiə üləmalarının əlinə keçimişdi. Bizcə, Sultan Hüseynin taxta çıxardılmasında da əsas rolu irançı şiəçi din üləmaları və əyanlar əsas rol oynadılar (154, s.48). Bununla da dövlət daxilində ikihakimiyyətlilik yaranmışdı ki, Sultan Hüseynin taxta çıxmasından sonra irançı şiə din rəhbərləri və əyanlar daha da ön plana çıxıdılar. Artıq Sultan Hüseyn irançı şiə üləmasının və əyanlarının təsiri altında olub, onların dediklərini hərfiyyən həyata keçiridi (181, s.12-13). Beləliklə, dövlət daxilində irançı şiəliyin ifratlaşdırılması fonunda sünni əfqanlar, bəlucilər, sistanlılar və başqaları ayaqlanmaşa başladılar. Bir yandan dövlətin içində ideolji və iqtisadi böhranın artması, özəlliklə 1722-ci ildə paytaxt İsfahan da daxil olmaqla dövlətin böyük bir hissəsinin Əfqanların-Gilzayların əlinə keçməsi, digər tərəfdən çar Rusiyası, İngiltərə, Fransa və Osmanlı kimi dövlətlərin təhdidləri, xüsusilə Rusiya və Osmanlının Səfəvi torpaq­larına hərbi yürüşləri Səfəvi Türk dövlətinin süqutunu sürətləndirdi.

Bütün bunlarla yanaşı, belə bir fikir daha çox vurğulanır ki, hətta “Türk şiəliy”i olsa belə, şiəliyin Səfəvilərdə rəsmi dövlət dininə çevrilməsi sonralar türklərdən çox farsdililərin işinə yaramış və onun sonunu gətirmişdir. Belə ki, əsrlərboyu dünyəvi hakimiyyət sürmüş türklər başlanğıcdan şiəliyə meyil etməklə yanlışlığa yol vermişlər. Bununla da yalnız şiəlik məsələsinə görə, sonralar farsdililər Türk şiəliyini fars şiəliyinə çevirməklə türksoylu Səfəvilərin qurduğu dövlətdə əsas söz sahibi olmuş, hakimiyyətə mühüm mövqe tutmağı bacarmışlar. Əlbəttə, bu cür düşüncədə də müəyyən həqiqət vardır. Ancaq bütövlükdə Səfəviliyin süqutunu yalnız Türk şiəliyinin Fars şiəliyinə yeniləməsində axtarmaq da doğru deyildir. Hər halda yuxarıda da qeyd etdiyimiz kimi, burada digər amillər də mühüm rol oynamışdır və tarixdə bu ilk dəfə baş vermirdi.


MANŞET XƏBƏRLƏRİ