“Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Dəyərlərə rəqəmsal baxış” – milli irs nümunələrinə virtual səyahətin təşkili adlı layihəyə start verir.
QHT.az xəbər verir ki, layihənin məqsədi gənc nəslin milli-mənəvi dəyərlərlə tanışlığını müasir, mənbə əsaslı və əlçatan texnoloji formatlarda təqdim etmək, onların milli kimliyə, tarixə və mədəni irsimizə maraq və diqqətini artırmaqdır. Eyni zamanda, maddi-mədəniyyət abidələrimizə və muzeylərimizə virtual səyahətlər təşkil etməklə milli dəyərlərimizin qorunmasına töhfə vermək və mədəniyyətimizi təbliğ etmək nəzərdə tutulur.
Layihə 1 may 2026-cı il tarixindən 31 iyul 2026-cı il tarixinədək, ümumilikdə 3 ay müddətində icra olunacaqdır. Layihə çərçivəsində 5 rayonda – Gəncə, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki şəhər və rayonlarında milli irs nümunələrimizin təqdim olunduğu videoçarxların hazırlanması, maddi-mədəniyyət abidələri, görməli yerlər və muzeylərdən birbaşa çəkilişlərin və canlı yayımların təşkili ilə virtual ekskursiyaların həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin görülən işlərin media və sosial şəbəkələr vasitəsilə geniş ictimaiyyətə çatdırılması planlaşdırılır.
Layihənin icrası zamanı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə yanaşı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Regional Mədəniyyət İdarələri, Heydər Əliyev mərkəzləri, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi və onun regional idarələri, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq nəzərdə tutulur.