Türkiyənin şəhərində yerləşən “7 Aralıq” Universiteti (Kilis 7 Aralık Üniversitesi) ev sahibliyi ilə keçirilən “İslam Mədəniyyətində Birgəyaşayış Təcrübəsi” adlı IV Beynəlxalq Simpoziumda (“4-cü Uluslararası İslam Medeniyetinde Birlikte Yaşama Tecrübesi Sempozyumu”nda) Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa iştirak edib.
7–9 may 2026-cı il tarixini əhatə edən beynəlxalq tədbir Türk İşbirliği ve Koordinasyon Ajansı (TİKA), Azərbaycan Mənəvi Dəyərlərin Təşviqi Fondu, Azərbaycan İlahiyyat İnstitutu və İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin tərəfdaşlığı ilə təşkil olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Simpozium iştirakçılarına xüsusi müraciət ünvanlayıb. Prezident məktubunda Kilisin Suriyadan gələn qaçqınlara “Ənsar” ruhunda sahib çıxmasını yüksək qiymətləndirərək, tədbirin məhz bu şəhərdə keçirilməsinin xüsusi anlam daşıdığını vurğulayıb.
Açılış mərasimində çıxış edən Fazil Mustafa “Birgəyaşamın Qurani modeli və çağdaş İslam mədəniyyətində tətbiq problemləri” mövzusunda geniş məruzə ilə çıxış edib.
Komitə sədri çıxışında vurğulayıb ki, İslamın özəyində dayanan tövhid anlayışı ilahi birlik olmaqla yanaşı, həm də insanlığın vahid mənəvi əsasda birgəyaşama fəlsəfəsidir. O bildirib ki, “Qurani-Kərim” fərqliliklər içində harmoniyanı təşviq edən yüksək bir mədəniyyət modeli təqdim edir və çağdaş İslam dünyasında yaşanan parçalanmalar dini əsasa söykənmir və daha çox siyasi, sosial xarakter daşıyır.
Fazil Mustafa çıxışında şiə-sünni qarşıdurmalarının tarixi-siyasi səbəblərdən qaynaqlandığını, sonradan dini identiklik səviyyəsinə daşındığını diqqətə çatdırıb. O, mütəfəkkir Azərbaycan ədibi Əli bəy Hüseynzadənin “Əli dini”, “Ömər dini” kimi yanaşmalarla bağlı fikirlərini xatırladaraq, bu cür parçalanmaların İslamın ruhuna zidd olduğunu bildirib.
Komitə sədri Azərbaycan modelini də xüsusi vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda şiə və sünni ənənəsinin paralel və harmonik şəkildə yaşaması, eyni məscidlərdə birgə ibadət və “vəhdət namazı” praktikasının mövcudluğu İslam dünyası üçün örnək sayıla bilər.
Çıxışda həmçinin dini kimlik üzərindən aparılan geosiyasi manipulyasiyalar, məzhəbçi stereotiplərin təhsil sistemində təkrarlanması və ortaq İslam platformalarının zəifliyi kimi problemlərə toxunulub. Fazil Mustafa çıxış yolunun “məzhəbə deyil, mənbəyə – Qurana dönüş”, ortaq İslam etikası və mədəni diplomatiyanın gücləndirilməsi olduğunu bildirib.
Simpozium çərçivəsində 20-yə yaxın ölkədən alim və tədqiqatçılar iştirak edib, 150-yə yaxın məruzə təqdim olunub. Tədbirdə İslam sivilizasiyasında birgəyaşam ənənələri, mədəni müxtəliflik, sosial həmrəylik və insan mərkəzli yanaşmalar geniş müzakirə olunub.