Nə qədər ki, Rusiya sərhədçiləri oradadır... – Vizasız Avropa ermənilər üçün xəyal olacaq


Mayın 5-də keçirilən ilk AB–Ermənistan sammitində konkret siyasi qərarlar az olsa da, ən mühüm nəticə viza liberallaşması istiqamətində atılan addımla bağlı olub.

Turkustan.az erməni mediasına istinadla xəbər verir ki, Avropa İttifaqı Ermənistan üçün vizasız rejimə aparan Viza Liberalizasiya Fəaliyyət Planı (VLAP) üzrə ilk irəliləyiş hesabatını təqdim edib.

Ermənistan üçün hazırlanmış sənəddə qeyd olunur ki, ölkə qısa müddət ərzində bir sıra islahatlara start verib və Brüssel bu prosesi “siyasi iradənin göstəricisi” kimi qiymətləndirir. Hesabatda bildirilir ki, əgər islahatlar eyni templə davam etsə, Ermənistan vətəndaşları 2029–2030-cu illərdən etibarən Şengen zonasına vizasız səfər imkanına malik ola bilərlər.

Lakin prosesin reallaşması bir sıra ciddi şərtlərlə bağlıdır.

Birincisi, bütün Avropa İttifaqı üzv dövlətlərinin razılığı tələb olunur. Bir sıra ölkələrdə qeyri-qanuni miqrasiya narahatlığı fonunda bu məsələ siyasi baxımdan həssas sayılır.

İkincisi, Ermənistan bir sıra mühüm institusional islahatları tamamlamalıdır. Bunlara sərhəd idarəçiliyi, sığınacaq sistemi, sənəd təhlükəsizliyi və fundamental hüquqların təminatı daxildir.

Xüsusilə diqqət çəkən məqam sərhəd nəzarəti ilə bağlıdır: hazırda Ermənistanın İran və Türkiyə ilə sərhəd keçidlərində nəzarətin bir hissəsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhədçiləri tərəfindən həyata keçirilir. Brüssel isə bu səlahiyyətlərin tam şəkildə Ermənistan dövlətinə keçməsini tələb edir.

Sammit həm də Ermənistan ətrafında geosiyasi rəqabətin daha da kəskinləşdiyini göstərib. Avropa İttifaqı İrəvanla yaxınlaşmanı sürətləndirdiyi halda, Moskva prosesi sərt tənqid edir və Ermənistanın Avrasiya iqtisadi məkanından uzaqlaşmasının risklərini qabardır.

Brüssel isə Ermənistanda islahatların uğurla başa çatacağı təqdirdə ölkənin Avropa inteqrasiyası istiqamətində ən ciddi mərhələlərdən birinə daxil ola biləcəyini bildirir.

Hazırda isə əsas sual açıq qalır: İrəvan Avropa İttifaqına doğru strateji dönüşü rəsmiləşdirəcəkmi, yoxsa balans siyasətini davam etdirəcək? /AzPolitika/


MANŞET XƏBƏRLƏRİ