Texnologiya dünyasında böyük maraq doğuran yeni cihaz təqdim olunub.
Turkustan.az xəbər verir ki, “Sabi” adlı şirkətin hazırladığı ağıllı papaq insanın düşündüklərini kompüter əmrlərinə çevirə bildiyini iddia edir. Şirkət bu texnologiyanın ilin sonuna qədər satışa çıxarıla biləcəyini açıqlayıb.
Məlumata görə, papağın daxilində 70 min ilə 100 min arasında sensor yerləşdirilib. Bu sensorlar beyində yaranan sinir fəaliyyətini analiz edərək istifadəçinin “motor niyyətini” müəyyənləşdirir. Sistem hazırda əsasən mətn yazmağa fokuslanıb. İstifadəçi sadəcə yazmaq istədiyi sözü düşünür və cihaz həmin düşüncəni saniyələr içində ekrana köçürür.
Şirkətin rəhbəri Rahul Chhabra bildirib ki, mövcud beyin oxuma texnologiyalarında yüzlərlə sensor istifadə olunduğu halda, onların hazırladığı cihaz çox daha geniş məlumat toplaya bilir. Bu isə dəqiqliyi ciddi şəkildə artırır.
Hazırda bazarda ən məşhur beyin-kompüter interfeyslərindən biri Neuralink hesab olunur. Lakin həmin texnologiya beyinə çip yerləşdirilməsi üçün cərrahi müdaxilə tələb edir. “Sabi” isə əməliyyatsız, geyilə bilən texnologiya ilə eyni nəticəyə yaxınlaşmağı hədəfləyir.
Mütəxəssislər hesab edir ki, bu cür cihazlar gələcəkdə xüsusilə iflic xəstələrinin ünsiyyət qurmasına və kompüter idarə etməsinə böyük kömək edə bilər. /Musavat.com/