Məktəblər bağlansa, kəndlər boşalacaq


Son illər aktual məsələlərdən biri də şagird sayı az olan məktəblərin birləşdirilməsi, distant təhsilə keçilməsi ilə bağlıdır.

Bugünlərdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, məktəblərdə hər il uşaq sayı təhlil olunur: “Burada bir məqsəd var ki, sistem rasionallaşsın və təhsilin keyfiyyəti artsın. Hazırda bu məsələ ilə bağlı iki istiqamətdə iş aparılır.

Bir istiqamət şagirdlərin nəqliyyat vasitəsi ilə daşınmasıdır. Burada məntiq ondan ibarətdir ki, azsaylı şagirdi olan məktəblərdən daha çox böyük məktəblərdə təhsil daha keyfiyyətlidir.

Bu, həm şagirdlərin sosiallaşmasına kömək edir, həm də onların gələcəyinə müsbət təsir edir. İkinci istiqamət isə 5-10 nəfər şagirdi olan deyil, 20-25 nəfər şagirdi olan məktəblərə aiddir. Burada da hələ daşınma mövcuddur.

Amma bu ildən distant təhsil modeli üzərində də işləyirik. Bu da özünü doğruldur. Daha kiçik məktəblər yerini dəyişmədən onlayn tədris apara bilirlər. Bu halda məktəb yerində qalır, müəllim digər yerdən distant təhsil aparır. Yay aylarında şagird sayı təhlil olunduqdan sonra bu istiqamətdə işlər davam etdiriləcək".

Məktəblərin birləşdirilməsi azsaylı şagirdi olan məktəblərdə təhsilin keyfiyyətinə necə təsir edəcək və bölgələrdə mövcud texnologiya şagirdlərin distant təhsil alması üçün nə dərəcədə yetərlidir?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, bir neçə ildir ölkədə məktəblərin optimallaşdırılması istiqamətində işlər gedir:

“Ancaq son günlər elm və təhsil nazirinin səsləndirdiyi bir məsələ var ki, 100-dən artıq ucqar yerlərdə modul tipli məktəblər tikiləcək.

Bu, o deməkdir ki, Milli Məclisdə müzakirəsi gedən distant təhsil layihəsi bəzi problemlərin həlli istiqamətində müsbət rol oynaya bilər. Məsələn, tədrisi az olan fənlər var ki, müəllimlərin heç biri həmin vakansiyanı tutmaq istəmirlər.

Çünki dərs saatı, şagird sayı azdır. Ona görə də xüsusi həvəs göstərənlər olmur. Bu baxımdan, ucqar yerlərdə şagirdlər məktəbə gəlməklə həmin müəllimin dərsinə onlayn qoşulub, məsafədən təhsil ala biləcəklər.

Yəni bu halda müəllim məsafədən dərs keçəcək. Bu, həm savadlı, istedadlı müəllimlərdən təhsil almaq anlamına gələcək, həm də bir kəndin köçürülməməsi üçün stimul olacaq.

Çünki bir kənddə təhsil yoxdursa, o halda kənddə inkişaf, yaşamağın da mənası olmayacaq. Gənc ailələrin kəndə bağlanması üçün distant təhsilin bir faydası olar”.

O qeyd edib ki, digər məsələ məktəblərin optimallaşması ilə bağlı gedən islahatların, təşəbbüslərin valideynlər arasında bir qədər narazılıq yaratməasidir:

“Bu, onunla əlaqədardır ki, aparılan islahatlarda bəzi regionlarda məmurların məsuliyyətsiz yanaşmasından köçürmə ilə bağlı müəyyən problemlər yaşanır. Bir məktəbdən digər böyük bir məktəbə gedən şagirdlər üçün imkanlar tam təmin olunmur.

Bu baxımdan, müəyyən bölgələrdə problemlər hələ də yaşanmaqdadır. Ancaq ümumilikdə bu məsələ reallaşsa, məncə, daha effektiv nəticələri ola biləcək”.


MANŞET XƏBƏRLƏRİ