Sülh müqaviləsinin bu il imzalanacağını demək çətindir - Sabiq nazir


Bu ilin sonunadək Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağını demək çətindir.

Turkustan.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

T.Zülfüqarov hesab edir ki, parlament seçkilərindən sonra həm Azərbaycan, həm də digər tərəflər Ermənistanda referendumun keçirilməsini gözləyirlər.

“Bu isə heç də Paşinyan üçün asan və ya xoş proses olmayacaq. Çünki məhz referendum vasitəsilə konstitusiyaya dəyişikliklərin edilməsi mümkündür. Hər halda, məsələyə müsbət yanaşsaq, referenduma hələ ən azı üç ay vaxt var və mən bunun dərhal baş verəcəyinə inanmıram”.

Sabiq xarici işlər naziri eyni zamanda dövlət başçısı tərəfindən Zəngilanda səslənən bəzi fikirlərə də diqqət çəkib:

“Cənab Prezident xüsusi olaraq vurğulamışdı ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarıdır və bu təşəbbüsün əsas məqamlarından biri Ermənistanın Vaşinqtonda üzərinə götürdüyü öhdəlikləri, yəni “ev tapşırığını” yerinə yetirməsidir. Əsas məsələ də məhz budur. Zəngilanda səslənən fikirlər də bunu bir daha təsdiqlədi. Mən hesab edirəm ki, əgər Paşinyan siyasi iradə nümayiş etdirə bilsə, bəlkə də referendum yoluna gedəcək. Əks halda, sülh sazişinin yaxın perspektivdə imzalanacağı gözlənilmir. Azərbaycan isə bu məsələdə mövqeyindən geri çəkilən deyil və indiyədək səsləndirdiyi prinsiplərdə israrlıdır”, - deyə o fikrini tamamlayıb./modern.az


MANŞET XƏBƏRLƏRİ