İranda tapılan "qaranlıq bombaları": ABŞ Yuqoslaviyanı da onlarla vurmuşdu


İranda enerji infrastrukturunun sıradan çıxarılması üçün nəzərdə tutulan ABŞ istehsalı CBU-94/B qrafit bombalarının tətbiqinə işarə edə biləcək qrafit lifləri aşkarlanıb. Bu görüntülərə “Hərbi xronika” Telegram kanalı diqqət çəkib.

Turkustan.az-ın xəbərinə görə, ehtimal olunur ki, Xuzistan əyalətində çəkilmiş fotoda yüksək gərginlikli elektrik ötürücü xəttinin üzərində nazik liflər görünür. Bu izlərin “elektrik kəsintisi bombaları” adlandırılan CBU-94/B tipli qrafit sursatlarının istifadəsi ilə əlaqəli ola biləcəyi bildirilir.

Məlumata görə, bu tip bombalar elektrik şəbəkələrinin fəaliyyətini pozmaq üçün nəzərdə tutulub. Onların təsiri nəticəsində elektrik sistemlərində qısaqapanma və həddindən artıq yüklənmə yarana bilər.

ABŞ 1999-cu ildə Yuqoslaviyanın bombalanması zamanı CBU-94/B tipli sursatlardan istifadə edib. Həmin vaxt qrafit bombalarının ölkənin elektrik şəbəkəsinin 70 faizindən çoxunun fəaliyyətini pozduğu bildirilirdi. Bununla belə, elektrik təchizatı sistemi bir sutka ərzində bərpa edilmişdi.

Məlumatda qeyd olunur ki, bu silahların Xuzistan əyalətində tətbiq edilməsi halında nəticələr regional elektrik şəbəkələrinə və həmin şəbəkələrə qoşulmuş sənaye müəssisələrinə də təsir göstərə bilər. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ