Sahil Babayev dolların gələn il üçün məzənnəsini açıqladı


Cari ilin 1 oktyabr tarixinə ölkənin məcmu valyuta ehtiyatları 89,4 mlrd. ABŞ dolları təşkil edib, xarici dövlət borcunu təqribən 20 dəfə üstələmiş, proqnozlaşdırılan illik ÜDM-in isə 110 faizinə bərabər olub.

Turkustan.az
xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir. Belə yüksək ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və xarici öhdəliklərin mühüm təminatıdır.

Nazir bildirib ki, 2027-ci il üçün Azərbaycan Respublikasında ümumi daxili məhsulun real ifadədə 2,7 faiz artımla 141 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır.

“İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, ÜDM-in 77,4 faizi və yaxud 109,1 mlrd. manatı qeyri-neft sektorunun payına düşəcəkdir. Bu isə 2026-cı illə müqayisədə nominal ifadədə 9,1 mlrd. manat, real ifadədə 4,4 faiz çoxdur.

Monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində növbəti ildə də manatın məzənnəsi sabit saxlanılmaqla 1,7 manat, illik inflyasiya isə 5,3 faiz proqnozlaşdırılmışdır. 2027-ci il üçün “Azəri light” markalı xam neftin bir barelinin dünya bazarlarındakı satış qiyməti orta hesabla 65 ABŞ dollar səviyyəsində proqnozlaşdırılıb.

Beynəlxalq maliyyə bazarlarındakı dalğalanmalar nəzərə alınmaqla, neftin qiymətinin müəyyən olunmasında mühafizəkar yanaşma əsas götürülmüşdür”, - deyə S.babayev bildirib./Modern.az


MANŞET XƏBƏRLƏRİ