500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR


Gələn ildən banklarda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatır və onun daha 3 il uzadılması təklif olunur.

Turkustan.az xəbər verir ki, deputat Vüqar Bayramov Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı bu təkliflə çıxış edib.

Deputat bildirib ki, mövcud qanunvericiliyə əsasən, yerli banklar və xarici bankların Azərbaycandakı filialları tərəfindən fiziki şəxslərin milli valyutada olan depozitləri üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Eyni zamanda, milli valyutada olan əmanət 18 ay və daha artıq müddətə yerləşdirildikdə və əsas məbləğ 18 aydan tez qaytarılmadıqda faiz gəlirlərinin tam hissəsi vergidən azad edilir.

Lakin Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsi üzrə güzəştin müddəti bu ilin sonunda başa çatır. Hazırda müzakirə olunan dəyişikliklər paketində onun uzadılması nəzərdə tutulmayıb.

Vüqar Bayramovun sözlərinə görə, bu, gələn ildən etibarən 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlər üzrə aylıq faiz gəliri 200 manatı keçən şəxslərin əlavə vergi ödəməsi ilə nəticələnə bilər. Məsələn, bank əmanətindən aylıq 500 manat faiz gəliri əldə edən şəxsin gəlirinin 300 manatlıq hissəsi vergiyə cəlb olunacaq.

Deputat qeyd edib ki, vergi güzəştlərinin tətbiqindən sonra banklarda əmanətlərin strukturunda ciddi dəyişikliklər baş verib. Belə ki, unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minədək yüksəlib. Unikal müddətli əmanətçilərin sayı isə ilin əvvəlindən 16,4 faiz artıb.

Onun sözlərinə görə, hazırda bankların ümumi öhdəliklərinin 76,4 faizini, yaxud 41,8 milyard manatını depozit portfeli təşkil edir. Bu portfelin 57,4 faizi hüquqi şəxslərin, 42,6 faizi isə fiziki şəxslərin payına düşür. Fiziki şəxslərin əmanətlərinin 64,7 faizi müddətli depozitlərdən ibarətdir.

Vüqar Bayramov vurğulayıb ki, uzunmüddətli əmanətlərin təşviqi bank sektorunun inkişafı və biznes kreditlərinin payının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, 2030-cu il üçün əsas hədəflərdən biri biznes kreditlərinin payını yüksəltməkdir və bunun üçün bankların uzunmüddətli depozit resurslarına ehtiyacı var.

Deputat hesab edir ki, vergi güzəştlərinin uzadılmasının iqtisadi səmərəsi onun fiskal təsirindən daha böyükdür. O, banklarda 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinin daha 3 il müddətinə gəlir vergisindən azad edilməsini məqsədəuyğun sayır.

Vüqar Bayramov bildirib ki, bu təklifi Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da təqdim edib. Onun fikrincə, güzəşt müddətinin uzadılması bank sektorunda islahatların vergi-fiskal siyasət vasitəsilə dəstəklənməsinə və depozit portfelində uzunmüddətli öhdəliklərin payının artırılmasına xidmət edəcək./“Yeni Sabah”


MANŞET XƏBƏRLƏRİ