Pakistandan Əfqanıstana xəbərdarlıq: Terror təhlükəsi aradan qalxmalıdır


Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar regional əməkdaşlığın inkişafı üçün Əfqanıstanın qonşu ölkələrin təhlükəsizlik narahatlıqlarını, xüsusilə terrorizm təhlükəsini aradan qaldırmalı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, o, bu fikirləri İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclasında səsləndirib.

"Dawn" qəzetinin məlumatına görə, Dar Pakistanın dinc, çiçəklənən və sabit Əfqanıstan görmək istədiyini vurğulayıb.

Nazir qeyd edib ki, öz daxilində və qonşuları ilə sülh şəraitində yaşayan, İƏT çərçivəsində tam inteqrasiya olunmuş Əfqanıstan həm ölkə əhalisi, həm də bütövlükdə region üçün faydalı olacaq.

Dar regional iqtisadi tərəfdaşlıqların davamlı inkişafı üçün təhlükəsiz və sabit mühitin vacibliyinə diqqət çəkib.

"Əhəmiyyətli irəliləyiş Əfqanıstan hakimiyyətindən qonşularının təhlükəsizlik narahatlıqlarını, xüsusən də terrorizm təhdidini həll etməyi tələb edir", – deyə nazir bildirib.

O, həmçinin vurğulayıb ki, həll olunmamış mübahisələr və beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi qarşılıqlı etimadı sarsıda və iqtisadi əməkdaşlığa mane ola bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ