Beş gündür Türk Dünyasının ortaq mədəni irsini kino ilə bir araya gətirən altıncı Qorqud Ata Türk Dünyası Film Festivalı İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində keçirilən mükafatlandırma mərasimi ilə başa çatdı.
Mərasimdə çıxış edən Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy bildirdi ki, məqsədimiz Türk Dünyası kinosunun beynəlxalq arenada daha güclü mövqeyə çatmasıdır və bunun üçün altı ildir yorulmadan çalışırıq.
Bu festivalda Azərbaycan 23 nəfərdən ibarət bir heyətlə təmsil olundu.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyindəki Kino Agentliyinin Audiovizual və Yaradıcı Sənayelər şöbəsinin müdiri və Nizami adına Kino Mərkəzinin direktoru Turan Məmmədli festivalla bağlı "Türküstan"a açıqlamasında qeyd etdi ki: "Artıq ənənəvi olaraq altıncısı təşkil olunan Qorqud Ata Film Festivalı Türk Dünyasının kino və mədəniyyət mühitinin ən önəmli hadisələrindən biridir. Altı il bundan əvvəl İstanbulda başlamış bu yolculuq altı il sonra yenidən uğurla İstanbulda davam edir. Hər il olduğu kimi bu il də biz Azərbaycan heyəti olaraq festivalda təmsil olunuruq. Hal-hazırda bizim tam metrajlı və qısa metrajlı bədii film və sənədli film nominasiyaları üzrə üç filmimiz yarışır. Eyni zamanda müsabiqədən kənar tarixi və müasir filmlər platformu üçün iki filmimiz də göstərilir. Səfər çərçivəsində açılış, müxtəlif diskusiyalar, zirvə görüşləri, panel müzakirələri oldu. Bu görüşlərin belə intensiv olması həm yaradıcı heyətlər arasında inteqrasiyanı sürətləndirir, həm də gələcəkdə ortaq film istehsalının artmasına müsbət təsir göstərən əsas amillərdən biridir. Eyni zamanda rəsmi şəxslər arasındakı təmaslar hansısa bürokratik və qanunvericilik çərçivəsində müəyyən məsələlərin həlli üçün müsbət zəmin yaradır. Qardaş Türkiyədə yüksək qonaqpərvərliklə qarşılandıq, çox gözəl duyğularla ayrılırıq. Cənab prezidentimizin də dediyi kimi Türk Dünyası bizim ailəmizdir".
Onu da qeyd edim ki, uzun metrajlı film nominasiyasında "Tağıyev" filminə görə ən yaxşı rejissor mükafatını filmin rejissoru Zaur Qasımlı, Azərbaycan və Türkiyə ortaq istehsalı olan "Azıx mağarası: Azərbaycanın beşiyi" sənədli filmi jüri özəl mükafatını isə filmin rejissoru Atakan Kərküklü aldı.
Mərasimdə Azərbaycanın tanınmış sənət adamları - xalq artisti Leyla Şıxlınskaya, əməkdar incəsənət xadimi Elxan Cəfərov, əməkdar artist Gülzar Qurbanova, əməkdar artist Dilarə Əliyeva və başqaları iştirak edirdi.
Ən yaxşı film mükafatı isə Türkiyə istehsalı olan “Kanto” filminin rejissoru Ensar Altaya təqdim edildi.
56 filmin nümayiş olunduğu festivalın bağlanış mərasimində Ankaranın 2026-cı ildə adını daşıdığı "Türk Dünyası Turizm Paytaxtı" titulu 2027-ci il üçün Özbəkistanın paytaxtı Daşkəndə köçürüldü.
Yaqut Misirxanlı
İstanbuldan xüsusilə "Türküstan" qəzeti üçün




