ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Binyamin Netanyahuya yeni hökumətin qurulması ilə bağlı təzyiq göstərəcəyi barədə iddialar İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danonu narahat edib. Danon Trampa İsraillə bağlı qərarların Vaşinqtonda verilmədiyi mesajını çatdırıb.
Turkustan.az xəbər verir ki, İsrail Ordusu Radiosunun məlumatına görə, Təl-Əvivin BMT-dəki daimi nümayəndəsi Denni Danon Trampın oktyabrın 27-də keçirilən seçkilərdən sonra İsraildə milli birlik hökumətinin qurulması prosesinə müdaxilə edəcəyi ilə bağlı iddialara münasibət bildirib.
Danon qeyd edib: "Tramp seçkilərdə tərəf tutmağı sevir, amma biz ondan yüksək gözləntilərə sahib olmamalıyıq. Qərarlar Vaşinqtonda deyil, Qüdsdə qəbul edilir."
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İsrail seçkilərinə toxunaraq Binyamin Netanyahunun "yaxşı vəziyyətdə" olduğunu iddia etmiş, Netanyahunun rəhbərliyi altında birlik hökuməti qurmaq səylərində iştirak edib-etməyəcəyini hələ düşünmədiyini bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az