Çində fond birjalarına nəzarət edən Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyasının (CSRC) keçmiş rəhbəri Yi Huiman məhkəmədə bütün cinayətlərini etiraf edib.
Turkustan.az xəbər verir ki, rüşvət almaqda günahkar bilinən Yi iki illik möhlətlə edam cəzasına məhkum olunub.
Siçuan əyalətinin inzibati mərkəzi olan Çendu şəhərində keçirilən prosesdə məhkəmə Yinin 1998–2025-ci illərdə CSRC-də və Sincan Uyğur Muxtar Rayonunun administrasiyasındakı vəzifələrindən sui-istifadə edərək ümumilikdə 436 milyon yuan (65,4 milyon dollar) məbləğində nağd pul və daşınmaz əmlak rüşvət aldığını müəyyənləşdirib.
Məhkəmə keçmiş məmur barəsində ölüm hökmü çıxararaq iki il müddətinə möhlət verib, onu ömürlük siyasi hüquqlarından məhrum edib və bütün şəxsi əmlakının müsadirə olunmasına qərar verib.
Məlumatda bildirilir ki, Yi cinayətlərini səmimi etiraf edib, istintaqa əvvəllər məlum olmayan faktları açıqlayıb və peşmançılıq hissi keçirdiyini bildirib. Həmçinin qeyd olunub ki, bəzi əməllərin sui-qəsd/cəhd mərhələsində qalması və rüşvət yolu ilə əldə edilən aktivlərin bir hissəsinin geri qaytarılması nəzərə alınaraq, onun cəzasına möhlət verilib.
Aytən Yaşar/ Turkustan.az