Vəzifəli şəxslər hədiyyə alarlarsa...


Vəzifəli şəxslər qəbul etdikləri hədiyyələr barədə 3 iş günü ərzində məlumat verməlidirlər.

Vəzifəli şəxslər qəbul etdikləri hədiyyə və ya sadə qonaqpərvərlik barədə 3 iş günü müddətində səlahiyyətli subyektlərə məlumat verməli olacaqlar.

Turkustan.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Maraqların toqquşması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, vəzifəli şəxs hədiyyə və ya sadə qonaqpərvərlik qəbul edildikdən 3 (üç) iş günü müddətində səlahiyyətli subyektlərə hədiyyənin (sadə qonaqpərvərliyin) adı, növü, əlamətləri, qiyməti, verilmə məqsədi, tarixi, vaxtı, yeri və verən subyekt barədə məlumatları bildirməli və bu məlumatları təsdiq edən dəlilləri təqdim etməlidir.

Qanun layihəsinə görə, səlahiyyətli subyektlər maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunvericiliyin müddəalarının pozulmasına dair əlamətlər müəyyən etdiyi halda həmin hədiyyəni qiymətləndirilmək üçün tələb edə bilərlər. Bu halda vəzifəli şəxs həmin hədiyyəni qiymətləndirmə üçün təqdim etməlidir. Səlahiyyətli subyektlər hədiyyə və ya sadə qonaqpərvərliyin qeydiyyatını aparır, maraqlar toqquşmasının qarşısının alınması haqqında qanunvericiliyin tələblərinin pozulması müəyyən edildikdə bu Qanuna uyğun olaraq tədbir görürlər.Hədiyyə və ya sadə qonaqpərvərliyin qəbul edilməsi maraqlar toqquşmasına səbəb olarsa, hədiyyənin geri qaytarılması, bu mümkün olmadıqda qurumun balansına keçirilməsi barədə səlahiyyətli subyektlər tərəfindən qərar qəbul ediləcək.

Vəzifəli şəxs hədiyyə və ya sadə qonaqpərvərliyi qəbul etməkdə çətinlik çəkdikdə, yaxud hədiyyə və ya sadə qonaqpərvərliyin maraqlar toqquşmasına səbəb olduğunu düşündükdə qanun layihəsinin 22-ci maddəsinə uyğun olaraq konfidensial məsləhət ala biləcək.

Qeyd edək ki, qanun layihəsində “vəzifəli şəxs” anlayışı “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1–2.1.4-cü və 2.1.6–2.1.8-ci maddələrində nəzərdə tutulmuş şəxsləri əhatə edir.


MANŞET XƏBƏRLƏRİ