İsveçrənin Cenevrə şəhərində keçirilən BMT konfransında Rusiya, ABŞ və İsrail muxtar silahların istifadəsi ilə bağlı məcburi qaydaların qəbul edilməsinə qarşı çıxıblar.
Turkustan.az xarici mediaya istinadla xəbər verir ki, bu, "qatil robotlar"ın istifadəsinin tənzimlənməsi ilə bağlı beynəlxalq razılaşmanın əldə edilməsini daha da gecikdirib.
Görüşlər zamanı daha sərt tədbirlərin tərəfdarları hədəfləri insan müdaxiləsi olmadan müəyyənləşdirən və məhv edən silah "qatil robotlar" üçün qısa müddətdə məcburi standartların qəbul edilməsini tələb ediblər. Lakin bu cür sistemləri inkişaf etdirən ölkələr bu təşəbbüsü əngəlləyib. Nəticədə tərəflər müzakirələri 2028-ci ilə qədər davam etdirməkyə razılaşıblar.
BMT konfransında təxminən 100 ölkə məhdudlaşdırıcı standartların qəbul edilməsi tərəfdarlarının mövqeyini dəstəkləyib. Lakin Moskva Avropa İttifaqı və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakına qarşı çıxıb.
Bir sıra insan haqları təşkilatları görüşün nəticələrini tənqid ediblər. "Hüquqi cəhətdən məcburi sənədin yaradılmasındakı gecikmə mülki şəxsləri və bütün bəşəriyyəti risk altına qoyur", - "Stop Killer Robots" koalisiyasının icraçı direktoru Nikol van Ruyen jurnalistlərə bildirib.
Tənqidçilər deyirlər ki, bu cür silahlar, o cümlədən "hədəf ovlayan" kamikadze dronlar, muxtar hava hücumundan müdafiə sistemləri müharibə qaydalarını pozaraq istifadə edilə bilər. Çünki bu silahlar hərbçilərlə mülki şəxsləri fərqləndirmir.
BMT-nin baş katibi Antonio Quterreş konfransda "bu qəddar silahların" istifadəsinin və yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb. "Biz mülki şəxsləri silahlı münaqişə ilə müşayiət olunan qırğın və dağıntılardan qorumağı heç vaxt dayandırmamalıyıq", - deyə o bildirib. /Musavat.com/