Rusiya prezidenti Vladimir Putin Ukraynaya NATO müqaviləsinin 5-ci maddəsinin nümunəsi əsasında təhlükəsizlik zəmanətlərinin verilməsinə gizli şəkildə razılıq verib.
Turkustan.az xəbər verir ki, bu iddia ilə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatius danışıqlara yaxın mənbəyə istinadən çıxış edib. Moskvanın əsas şərti Ukrayna ərazisində NATO qoşunlarının yerləşdirilməməsidir. Bunun əvəzində Rusiya sanksiyaların yumşaldılmasını əldə edəcək, lakin Rusiya Federasiyası yeni işğal üçün qoşun cəmləşdirməyə başlayarsa, sanksiyalar yenidən bərpa olunacaq.
Bununla yanaşı, ABŞ atəşkəsdən sonra Rusiyanın öz qoşunlarını sərhəddən geri çəkməsini təklif edib. Rusiyanın yeni hücumu baş verəcəyi təqdirdə isə NATO qüvvələri dərhal Ukraynaya daxil olmalıdır.
Qeyd edək ki, NATO Nizamnaməsinin 5-ci maddəsi alyansın bir üzvünə edilən hücumun bütün üzvlərə hücum kimi qiymətləndirilməsini nəzərdə tutur və müharibənin dayandırılması ilə bağlı mümkün diplomatik ssenarilərdə təhlükəsizlik zəmanətlərinin mexanizmi beynəlxalq müzakirələrin mərkəzində dayanır. Tərəflərin mövqelərindəki bu cür detallar danışıqlar prosesində həm sanksiya rejiminin gələcəyinin, həm də sərhədyanı hərbi balansın əsas müzakirə predmeti olduğunu göstərir./Musavat.com