Niyə Ukrayna danışıqlardan kənarda qaldı? - 3 ekspert eyni fikirdədir


ABŞ, Rusiya və Çin liderlərinin noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən üçtərəfli sammiti beynəlxalq siyasətdə diqqət çəkən hadisələrdən biri olub. Donald Tramp, Vladimir Putin və Si Cinpin görüşün yekununda nüvə risklərinin azaldılması, nüvə silahlarının yayılmasının qarşısının alınması və enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı birgə bəyannamə qəbul ediblər.

Turkustan.az xəbər verir ki, xarici ekspertlər sammitin strateji əhəmiyyətini fərqli qiymətləndiriblər.

Rusiyalı politoloq Vladislav İnozemtsev bəyannaməni konkret məzmunu olmayan, kompromis əsasında hazırlanmış sənəd adlandırıb.

Onun sözlərinə görə, Ukrayna məsələsinin sənəddən kənarda qalması və digər müddəaların ümumi xarakter daşıması onun real əhəmiyyətini azaldır.

Rusiyalı siyasi analitik Olqa Kurnosova isə görüşün əsasən piar xarakteri daşıdığını bildirib. O qeyd edib ki, Putin üçün ABŞ və Çin liderləri ilə eyni masa arxasında əyləşmək Rusiyanın fövqəldövlət kimi təqdim olunması baxımından əhəmiyyətlidir. Kurnosovanın fikrincə, Tramp üçün də görüş daxili siyasi uğursuzluqlardan sonra diplomatik nəticə nümayiş etdirmək imkanı yaradıb.

Amerikalı geosiyasi və təhlükəsizlik eksperti İrina Tsukerman isə bildirib ki, Putin üçtərəfli formatdan Rusiyanın beynəlxalq qərarların qəbulunda əsas iştirakçılardan biri kimi tanınması, sanksiyaların yumşaldılması və Ukraynaya ABŞ hərbi yardımının azaldılması məqsədilə istifadə etməyə çalışır.

Ekspertin fikrincə, bu format Ukraynanın gələcəyinin Kiyevin tam iştirakı olmadan Vaşinqton və Moskva arasında müzakirə edilməsi riskini artırır. Çin isə sammitdən öz beynəlxalq mövqeyini gücləndirmək, ABŞ-la ticarət və enerji məsələlərində əlavə üstünlüklər əldə etmək üçün yararlanmağa çalışır.

Tsukerman vurğulayıb ki, Tramp görüşü Putin və Si Cinpinlə eyni vaxtda danışıqlar aparmaq bacarığının nümayişi kimi təqdim edə bilər.

Lakin qısa müddətli görüşün silahlara nəzarət və beynəlxalq təhlükəsizlik sahəsində konkret razılaşmalar əldə etmək üçün kifayət etmədiyi bildirilir. (Mənbə: Haqqin.az)


MANŞET XƏBƏRLƏRİ