Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın ictimai müzakirəyə çıxardığı yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarının görünmədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Bayramov bunu Bakıda italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.
“Azərbaycan üçün vacib olan yeni Konstitusiyada ölkəmizə qarşı ərazi iddialarının yer almamasıdır. İctimaiyyətə açıqlanan mətndən görünür ki, belə iddialar layihədə yer almır. Biz bunu çox müsbət inkişaf kimi dəyərləndiririk”, – nazir bildirib.
Bayramov qeyd edib ki, Konstitusiya prosesinin nə vaxt başa çatacağı Ermənistanın daxili məsələsidir. Onun sözlərinə görə, Azərbaycan prosesin yekunlaşmasını gözləyəcək və ərazi iddiaları aradan qaldırıldıqdan sonra Vaşinqtonda paraflanmış sülh sazişinin imzalanmasına əlavə maneə qalmayacaq.