Cənubi Koreyanın təhsil naziri Çoy Kyo-cin universitetə qəbul imtahanı ərəfəsində ortaya çıxan süni intellektlə fırıldaqçılıq qalmaqalından sonra istefa verib.
Turkustan.az xəbər verir ki, qalmaqal sertifikatlı mühasib imtahanında ən yüksək nəticəni göstərən namizədin miniatür kamera və süni intellektdən istifadə edərək fırıldaqçılıq etdiyini etiraf etməsindən sonra başlayıb.
551 864 namizədin iştirak etdiyi Suneung universitetə qəbul imtahanına cəmi dörd gün qalmış baş verən hadisə imtahan təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradıb.
Hökumət ictimai Wi-Fi şəbəkələrini bağlamaq, namizədlərin geyimlərini və eynəklərini gizli kameraların olub-olmaması baxımından yoxlamaq kimi tədbirlər görüb. Lakin bu addımların imtahana az müddət qalmış tətbiq edilməsi tənqidlərə səbəb olub.
72 yaşlı nazir Çoy parlamentdə fırıldaqçılıq edənlərin müəyyənləşdirilib-müəyyənləşdirilməyəcəyi ilə bağlı suala cavab verərkən yaşını əsas gətirərək bunu bacaracağına əmin olmadığını bildirib. Bu açıqlama da narazılığı artırıb.
İmtahandan sonra lazımi hazırlığın aparılmadığını etiraf edən nazir istefa ərizəsini təqdim edib. Prezident Li Ce Myonq istefanı bir saat ərzində qəbul edib.
Ölkə daxilində uçuşların hərəkət qrafikinə də təsir edən səkkiz saatlıq imtahan zamanı 111 qayda pozuntusu aşkarlanıb. Pozuntuların bir qismi səssiz rejimə keçirilə bilməyən telefonlara göndərilən təcili xəbərdarlıqlar vasitəsilə müəyyən edilib.

Aytən Yaşar/Turkustan.az