BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etmiş ölkələri iqlim dəyişikliyinə uyğunlaşma üçün nəzərdə tutulan maliyyələşdirməni üçqat artırmağa və üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Quterreş Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransından (COP31) sonra “COP31-in yekunlaşdırılması haqqında” adlı bəyanat yayıb.
BMT rəhbəri konfransın hərtərəfli nəticə əldə edilmədən başa çatmasından dərin məyusluq keçirdiyini bildirib. O, hökumətlərin iqlim böhranının tələb etdiyi məsuliyyəti öz üzərinə götürməsini gözləyən hər kəsin bu məyusluğu bölüşdüyünü vurğulayıb.
Quterreş qeyd edib ki, danışıqlar zamanı kompromis əldə olunmasa da, iqlim dəyişikliyinin yaratdığı təhlükələrlə bağlı elmi faktlar dəyişməz qalır.
Onun sözlərinə görə, temperatur rekord səviyyələrə çatmaqda davam edir, iqlimlə bağlı ekstremal hava hadisələri getdikcə şiddətlənir, istixana qazı emissiyalarının səviyyəsi isə hələ də yüksək olaraq qalır.
Baş katib əlavə edib ki, iqlim tədbirlərinin hər gecikməsi qarşıda görülməli olan işləri daha da çətinləşdirir və xərcləri artırır. O, inkişaf etmiş ölkələri maliyyə dəstəyinin ən çox ehtiyacı olan dövlətlərə çatmasını təmin etməyə çağırıb.
Aytən Yaşar/Turkustan.az