Almaniya ilə Rusiya arasında son günlər qarşılıqlı sərt bəyanatlarla müşayiət olunan gərginlik daha da artır.
Berlin Moskvanı Avropanın təhlükəsizliyinə təhdid yaratmaqda, hibrid hücumlar və təxribatlarda ittiham edir, Rusiya isə Almaniyanın Ukraynaya hərbi dəstəyini və Moskvaya qarşı siyasətini kəskin tənqid edir. Xüsusilə Almaniyanın Ukraynaya yardımını artırması, Rusiyaya qarşı daha sərt mövqe tutması və Berlinin Moskvanın mümkün sabotaj və kəşfiyyat fəaliyyətləri ilə bağlı ittihamları münasibətləri daha da gərginləşdirib.
Bəs Almaniya ilə Rusiya arasında münasibətlər niyə bu qədər kəskinləşib? Tərəflər hansı məsələlərdə qarşı-qarşıya gəlir və bu söz savaşı real qarşıdurmaya çevrilə bilərmi? Turkustan.az bu sualları politoloq Oqtay Qasımova ünvanladı.

Oqtay Qasımov
Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsi Moskva ilə Berlin arasındakı münasibətlərin də ciddi şəkildə gərginləşməsinə səbəb olub. Almaniya hökuməti Ukraynaya ən ciddi dəstək verən Avropa ölkələrindən biridir. Böyük Britaniya ilə yanaşı, Almaniya da Kiyevə siyasi, maliyyə və hərbi dəstəyi ilə seçilir.
Fridrix Merz hakimiyyətə gəldikdən sonra Berlinin Ukraynaya dəstəyi daha konkret və sərt xarakter alıb. Olaf Şoltsun hakimiyyəti dövründən fərqli olaraq, hazırkı Almaniya hökuməti Rusiya-Ukrayna müharibəsi ilə bağlı daha açıq və prinsipial mövqe nümayiş etdirir. Xüsusilə son günlər Ukrayna-Polşa sərhədinə yaxın ərazilərdə baş verən hadisələr Avropada ciddi narahatlıq yaradıb. Fridrix Merzin son bəyanatları da Rusiya üçün kifayət qədər sərt mesaj kimi qiymətləndirilə bilər. Almaniya kansleri Rusiyanın təhdidləri qarşısında mövqelərindən geri çəkilməyəcəklərini və Avropanın təhlükəsizliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcəklərini bildirib.
Almaniyanın Ukraynaya hərbi dəstəyinin genişlənməsi təbii olaraq Moskvanın narazılığına səbəb olur. Digər tərəfdən, Berlin Ukrayna müharibəsi fonunda Avropanın təhlükəsizlik və müdafiə siyasətində daha fəal rol almağa çalışır. Əvvəllər bu istiqamətdə əsas təşəbbüslər daha çox Fransanın üzərinə düşürdüsə, hazırda Almaniya da Avropanın müdafiə arxitekturasında aparıcı mövqeyə çıxmağa çalışır.
Ukrayna müharibəsinin başlamasından sonra Almaniya ordusunun modernləşdirilməsi və müdafiə sənayesinin gücləndirilməsi istiqamətində də ciddi addımlar atılıb. Bu məqsədlə 100 milyard avrodan artıq vəsaitin ayrılması ilə bağlı qərar qəbul edilib. Hazırda bu istiqamətdə genişmiqyaslı proseslər həyata keçirilir. Almaniya rəsmiləri, o cümlədən müdafiə naziri dəfələrlə Rusiyanın 2029-2030-cu illərdə Avropaya qarşı hərbi addım ata biləcəyi barədə xəbərdarlıq edib və ölkənin müdafiə hazırlığının artırılmasının vacibliyini vurğulayıb.
Bununla yanaşı, Almaniyanın aparıcı müdafiə sənayesi şirkətləri Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və ölkədə silah istehsalının genişləndirilməsi istiqamətində də fəaliyyət göstərirlər. Bu proseslər isə təbii olaraq Rusiya tərəfindən mənfi qarşılanır. Bu baxımdan, hazırda Moskva ilə Berlin arasındakı münasibətləri kifayət qədər gərgin xarakterizə etmək olar.
Əslində Rusiyanın Avropanın əksər ölkələri ilə münasibətləri normal deyil. Lakin Ukraynaya ən ciddi dəstək verən ölkələr – Böyük Britaniya, Almaniya və Polşa xüsusilə Moskvanın diqqətindədir. Rumıniya da Ukraynaya dəstəyin çatdırılmasında mühüm logistika mərkəzi kimi çıxış edir.
Bütün bunlar göstərir ki, Rusiya ilə Avropa arasında yaranmış qarşıdurma yalnız Ukrayna müharibəsi ilə məhdudlaşmır. Tərəflər arasında əsas fikir ayrılıqlarından biri də müharibədən sonra Avropanın təhlükəsizlik arxitekturasının necə formalaşacağı ilə bağlıdır. Bu səbəbdən Rusiya-Almaniya münasibətlərindəki gərginliyin yaxın perspektivdə aradan qalxması real görünmür.
Aytən Yaşar/ Turkustan.az