Sahibkarlar üçün KSM üzrə onlayn seminar təşkil olunub


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi (İB) tərəfindən icra olunan “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində şirkət təmsilçiləri üçün onlayn seminar keçirilib.

“QHT-lərlə şəffaf və səmərəli tərəfdaşlıqların qurulması – Müasir dövrdə KSM strategiyasında əməkdaşlıq” mövzusuna həsr olunmuş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar, şirkət nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

KOBİA-nın KOB dostu və regional koordinasiya departamentinin müdir müavini, iqtisadçı ekspert Eldəniz Əmirov çıxışında sosial layihələrdə biznesin yalnız maliyyə dəstəkçisi və ya sponsor kimi görülməməsinin vacibliyini qeyd edib. O bildirib ki, QHT-lərlə birgə tərəfdaşlıq təcrübə, imkan və resursların birləşdirilməsi formatında qurulduqda hər iki tərəf və bütövlükdə cəmiyyət üçün davamlı fayda təmin edir.

KOBİA-nın Bakı-Abşeron-Xızı regional koordinatoru Ayaz Ədilov biznes subyektləri ilə vətəndaş cəmiyyəti arasında dialoqun genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Layihə rəhbəri və Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi sədri Zaur İbrahimov layihə çərçivəsində görülən işlər barədə məlumat verərək bildirib ki, QHT-lər və şirkətlər arasında keçirilən analitik sorğuların yekunları, eləcə də beynəlxalq təcrübə yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək və institusional əməkdaşlıq üçün Təkliflər Paketi formalaşdırılacaq.

Tədbirdə çıxış edən layihə ekspert Əliməmməd Nuriyev qeyd edib ki, müasir dövrdə biznes və vətəndaş cəmiyyətinin dialoqu sadə maliyyələşmədən ortaq təsir modelinə keçməlidir. Onun sözlərinə görə, əməkdaşlığın əsasında tərəflərin bir-birinin potensialını və qanunvericilik imkanlarını tanıması, qarşılıqlı etimad və peşəkarlıq dayanmalıdır.

Daha sonra Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Dayanıqlı inkişaf və korporativ təsir komitəsinin sədr müavini, tanınmış ekspert Ceyhun Atayevin təqdimatı ilə seminar keçirlib. C.Atayev müasir biznes idarəçiliyində ənənəvi xeyriyyəçilik anlayışının artıq geridə qaldığını, yerini KSM 2.0 və ESG (Ətraf mühit, Sosial, İdarəetmə) tələblərinə buraxdığını qeyd edib. O, sahibkarlara sosial məsuliyyət portfellərini formalaşdırmaq, maraqlı tərəfləri (stakeholder mapping) düzgün xəritələndirmək və vətəndaş cəmiyyəti institutları ilə ortaq sosial təsir (social impact) yaradan layihələrə investisiya yatırmağın beynəlxalq mexanizmlərini izah edib. Təlimçi, xüsusən KSM layihələrinin yazılamsı zamanı diqqət yetirilməli olan məsələləri, beynəlxalq təcrübədə şirkətlərin bu layihələri necə qiymətləndirdiridyi barədə məlumatlar verib.

İnteraktiv müzakirələrlə davam edən sessiyada sahibkarların sualları cavablandırılıb, biznes və QHT-lərin birgə işləməsi üçün hüquqi və praktiki həll yolları nəzərdən keçirilib.

Seminarda 21 sahibkar və şirkətlərin nümayəndələri iştirak ediblər.


MANŞET XƏBƏRLƏRİ