Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqın başa çataraq məhkəməyə göndərilməsindən sonra iş çərçivəsində adı hallanan şəxslərlə bağlı yeni məlumatlar ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, gununsesi.info-nun əldə etdiyi daha bir özəl məlumata görə, DTX-da aparılan istintaq zamanı sabiq PA rəhbərinin qızı Kamilə Əliyeva və gəlini Nigar Mehdiyeva dindirilib.
Ramiz Mehdiyevin itintaqa cəlb olunan ailə üzvləri ilə yanaşı, həm də “Bank BTB” ASC-nin əsas səhmdarları və rəhbərliyi də prosesə cəlb olunub.
Məlumata görə, bankın əsas səhmdarları – Mehdiyeva Nigar İsmayıl qızı, Sadiq Rza İsmayıl oğlu və Mahmudova Tükazban Ağa qızı istintaqın diqqətinə düşüb və onların Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmədə ifadələrinin alınması gözlənilir.
Qeyd edək ki, “Bank BTB”nin rəsmi açıqlamasında səhmdarların üç fiziki şəxs olduğu göstərilir.
Mehdiyeva Nigar İsmayıl qızının bankda 74 faiz, Sadiq Rza İsmayıl oğlunun 19 faiz, Mahmudova Tükazban Ağa qızının isə 6 faiz payı olub.
Beləliklə, bankın səhmlərinin faktiki olaraq böyük hissəsi Nigar Mehdiyevanın nəzarətində olub. Bankın əvvəlki illərə dair rəsmi hesabatlarında da Nigar Mehdiyeva bankı birbaşa nəzarətdə saxlayan şəxs kimi göstərilib.
Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir.
Digər səhmdar Sadiq Rza İsmayıl oğluna gəlincə, o, uzun müddətdir bankın idarəetmə strukturunda mühüm vəzifə tutub.
“Bank BTB”nin rəsmi məlumatına əsasən, Rza Sadiq İsmayıl oğlu 2016-cı ilin dekabrından bankın Müşahidə Şurasının sədridir.
Bankın rəsmi məlumatında onun səhmdarlığı ayrıca göstərilir.
Qeyd edək ki, Mərkəzi Bankın 5 mart 2026-cı il tarixli qərarı ilə adıçəkilən bank bank olmayan kredit təşkilatına çevrilib.