NATO sərhədində təhlükə: Putinin Ukraynanı iflic etmək planı


Rusiyanın Ukraynanın enerji, nəqliyyat və iqtisadi infrastrukturuna zərbələri ölkənin qərbinə doğru genişlənir.

Turkustan.az xəbər verir ki, son hücumların Polşa sərhədinə yaxın əraziləri də əhatə etməsi Moskvanın zərbələri NATO sərhədinə getdikcə yaxınlaşdırdığını göstərir.

“The Telegraph”ın məlumatına görə, Rusiya döyüş meydanında irəliləyişinin məhdud olduğu bir vaxtda Ukraynanın mülki infrastrukturuna qarşı uzaqmənzilli hücumlarını artırıb.

Moskvanın əsas hədəfləri arasında dəmir yolları, yanacaqdoldurma məntəqələri, anbarlar, enerji obyektləri və digər iqtisadi mərkəzlər yer alır. Bu zərbələrin Ukraynanın nəqliyyat və logistika şəbəkəsini, eləcə də iqtisadi fəaliyyətini iflic etməyə yönəldiyi bildirilir.

Qəzet Rusiyanın hədəf seçimində daha cəsarətli davrandığını və hücumların Polşa sərhədinə yaxın qərbi Ukraynaya qədər genişləndiyini yazıb.

Bazar günü səhər sərnişin qatarının lokomotivinə endirilən zərbə Britaniyanın keçmiş Baş naziri Boris Consonu, Avropa təhlükəsizlik rəsmilərini və digər xarici dövlət xadimlərini daşıyan diplomatik qatarın yaxınlığında baş verib.

Ukraynanın dövlət dəmir yolu şirkəti “Ukrzaliznitsa” Rusiyanın mümkün hücumları ilə bağlı təhlükəsizlik narahatlıqları səbəbindən Consonun olduğu qatarın planlaşdırılandan daha tez yola salındığını açıqlayıb.

Bundan başqa, uzaqmənzilli raket ABŞ-ın keçmiş yüksək vəzifəli kəşfiyyat rəsmilərini daşıyan mülki qatarın təhlükəli şəkildə yaxınlığından keçərək Polşa sərhədindən təxminən 1,9 kilometr məsafədə düşüb.

Rusiya pilotsuz uçuş aparatı isə Polşa ilə Ukraynanın Yahodin-Dorohusk sərhəd keçid məntəqəsindən təxminən 800 metr məsafədə yerləşən yanacaqdoldurma məntəqəsinə zərbə endirib. Hücum nəticəsində ərazidə güclü yanğın baş verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ