Pakistan hökumətindəki mənbələr bildiriblər ki, Pakistan və Qətər ABŞ ilə İran arasında gərginliyin azaldılması və müharibənin dayandırılması məqsədilə tərəflərə birgə təklif təqdim ediblər.
Turkustan.az xəbər verir ki, hökumət mənbələri bu barədə açıqlama veriblər.
Mənbələrin sözlərinə görə, vasitəçi ölkələr son günlər ABŞ və İran arasında baş verən qarşıdurmanın daha da genişlənməsinin qarşısını almaq üçün fəal diplomatik səylər göstərirlər.
Bildirilib ki, Pakistan və Qətər regional tərəfdaşlarla apardıqları məsləhətləşmələrdən sonra Vaşinqton və Tehrana gərginliyin azaldılmasına yönəlmiş ortaq təşəbbüs təqdim ediblər.
Mənbələr qeyd ediblər ki, təklif tərəfləri 9 iyuldan əvvəlki vəziyyətə qayıtmağa çağırır. Bu addımın müharibəyə son qoyulması və danışıqlar prosesinin yenidən başlaması üçün ilk mərhələ kimi nəzərdə tutulduğu vurğulanıb.
Təklifə əsasən, ABŞ və İran arasında iki həftəlik atəşkəsin elan edilməsi, İranın Hörmüz boğazını dərhal yenidən açması, ABŞ-ın isə İrana qarşı dəniz blokadasını və neft satışına tətbiq olunan sanksiyaları ləğv etməsi nəzərdə tutulur.
Mənbələrin bildirdiyinə görə, Vaşinqton və Tehran bu təklifi qəbul edərsə, tərəflərin dərhal danışıqlar masasına qayıtması gözlənilir. Həmçinin Livanın cənubunda atəşkəsin təmin olunması da danışıqların əsas gündəm mövzularından biri olacaq.
Aytən Yaşar/ Turkustan.az