Türkiyə - Rusiya - Çin - İran ittifaqı yaradılır?


NATO-nun Ankara sammitinin ardınca qardaş ölkədə Doğu Perinçəkin lideri olduğu Türkiyə Vətən Partiyasının təşəbbüsü ilə 18-19 iyul tarixində “Böyük müharibənin qarşısını alacaq ittifaq” adlı beynəlxalq konfrans da keçirilib.

17 ölkədən nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Rusiya, Türkiyə, Çin və İran arasında strateji ittifaq yaratmağa çağırışlar edilib.

Yekun bəyanatda dörd Avrasiya ölkəsindən ibarət ittifaq təhlükəsizliyi təmin etməyə və böyük qlobal müharibə təhlükəsinə qarşı çıxmağa qadir olan yeganə qüvvə kimi müəyyən edilib.

Bəs Türkiyə, Çin, Rusiya və İran arasında strateji ittifaq nə dərəcədə mümkündür?

Siyasi şərhçi, “Yeni Nəsil” Jurnalistlər İttifaqının sədri Arif Əliyev Bakupost.az-a bildirib ki, sözügedən dörd ölkə arasında strateji ittifaqın yaranmasını real hesab etmir:

“Həmin tədbirdə belə fikrilərin səslənməsi gözlənilməz deyil. Dörd ölkədən ibarət belə bir strateji ittifaqın yaradılması məsələsi təbii ki, gündəliyə müzakirə olunmaq üçün atılıb. Amma onun yaranacağı real deyil”.

Ekspertin sözlərinə görə, Çin, Rusiya və İranla strateji ittifaqda olmaq Ankaranın maraqlarına cavab vermir:

“Türkiyənin dərin maraqları və illərlə formalaşmış strategiyası var. Hansı ki, həmin strategiyada sözügedən birlik üçün heç bir yer yoxdur. Türkiyənin illərlə özü üçün Avropa İttifaqını və Türk Birliyini prioritet kimi saxladığı bir vəziyyətdə Çin, Rusiya və İranla strateji ittifaqda olmaq onun maraqlarına uyğun deyil. Adı çəkilən bu 3 ölkənin hər birilə ayrı-ayrılıqda Türkiyənin strateji ittifaqı, yaxınlığı da ola bilər. Amma belə bir birliyin yaranması və Ankaranın orda yer alması gözlənilən deyil”.

Müsahibimizin fikrincə, belə bir birlikdə olmaq Türkiyənin böyük təhlükəyə baş qoşması demək olardı:

“Ankaranın buna meyl etdiyinin hər hansı bir işartısını görmürəm”


MANŞET XƏBƏRLƏRİ