ABŞ-ın yaxın günlərdə İrana qarşı hava əməliyyatlarının miqyasını genişləndirmək planlarının resurs çatışmazlığı səbəbindən məhdudlaşdığı iddia olunur.
Turkustan.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi "The Washington Post" qəzetinə danışıb.
Mənbənin sözlərinə görə, Vaşinqtonun İrana qarşı hava zərbələrinin əhatə dairəsini artırmaq planları olsa da, mövcud hərbi resursların məhdudluğu bu planların tam şəkildə həyata keçirilməsini çətinləşdirir.
Rəsmi bildirib ki, ABŞ-ın hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli sursat ehtiyatları azalır. Bundan əlavə, davam edən əməliyyatlar nəticəsində yaranan yük səbəbindən Yaxın Şərqə əlavə qoşun və hərbi təyyarələrin göndərilməsi imkanları da məhdudlaşıb.
"Əməliyyatları təhlükəsiz şəkildə davam etdirmək üçün kifayət qədər resursumuz yoxdur. Düşünmürəm ki, Ağ Ev bunun tam fərqindədir", – deyə, anonim rəsmi bildirib.
Xatırladaq ki, İsrail mediası daha əvvəl ABŞ-ın İrana qarşı davam edən hava hücumlarının miqyasını genişləndirməyə hazırlaşdığını, bu məqsədlə Yaxın Şərqə əlavə qırıcı və havada yanacaq dolduran təyyarələr göndərdiyini iddia etmişdi. Burada səsləndirilən iddialar rəsmi Vaşinqton tərəfindən təsdiqlənməyib.
Aytən Yaşar/ Turkustan.az