İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi İranın güc strukturlarının, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri ilə gizli təmaslar qurulduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə o, "Reuters" agentliyinə müsahibəsində danışıb.
Rza Pəhləvinin sözlərinə görə, son vaxtlar ona sosial şəbəkələr vasitəsilə fəaliyyət göstərən təhlükəsizlik qüvvələrinin əməkdaşlarından çoxsaylı gizli mesajlar daxil olur. O bildirib ki, həmin şəxslər hakim rejimdən narazı olduqlarını və ondan uzaqlaşmaq istədiklərini etiraf edirlər.
"Onlar mənə yazırlar: "Mən Məşhəddən olan bəsic üzvüyəm" və ya "Mən filan ölkədə SEPAH-da xidmət edirəm". Deyirlər ki, "Biz bu rejimə nifrət edirik. Biz onlarla deyilik. Biz ayrılmağın yolunu axtarırıq", – deyə Pəhləvi bildirib.
Onun sözlərinə görə, SEPAH-ın ali komandanlığı ilə birbaşa danışıqlar aparmasa da, aşağı səviyyələrdə gizli təmaslar mövcuddur. Pəhləvi iddia edib ki, həm SEPAH nümayəndələri, həm də İran ordusunun hərbçiləri öz təşəbbüsləri ilə onunla əlaqə saxlayıblar./Musavat.com