İsrail ordusunun Qəzza zolağında nəzarət etdiyi əraziləri ayırmaq məqsədilə səssiz şəkildə, lakin sürətlə nəhəng torpaq səddi inşa etdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyinin araşdırmasına əsasən, Planet Labs PBC şirkətinin peyk görüntüləri məlumat verir.
Məlumata görə, son aylarda İsrail ordusu tərəfindən dağıdılmış Fələstin yaşayış məntəqələri boyunca 23 kilometrdən artıq torpaq səddi tikilib. Bildirilir ki, bu maneə Qəzza zolağının uzunluğunun yarısından çoxunu əhatə edir. Qəzza zolağının ümumi uzunluğu təxminən 40 kilometrdir və burada 2 milyondan çox fələstinli yaşayır.
İsrail ordusu Associated Press agentliyinə açıqlamasında oktyabr ayında HƏMAS-la əldə olunan atəşkəs razılaşması çərçivəsində geri çəkildiyi "Sarı Xətt" boyunca fiziki maneə inşa etdiyini təsdiqləyib.
ABŞ-ın dəstəklədiyi həmin razılaşmaya əsasən, İsrail qoşunları tam geri çəkilənədək "Sarı Xətt"in müvəqqəti demarkasiya xətti kimi xidmət etməsi nəzərdə tutulurdu.
Hazırda Qəzza əhalisinin böyük hissəsi "Sarı Xətt"in qərbindəki sahil zolağında məskunlaşıb. Məlumata görə, insanların əksəriyyəti çətin humanitar şəraitdə çadır düşərgələrində yaşayır və beynəlxalq humanitar yardımdan asılı vəziyyətdədir.
Aytən Yaşar/ Turkustan.az