Kral Çarlzın məscid ziyarəti Ərdoğandan təqdir gördü


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya Kralı III Çarlzın Kembric Mərkəzi Məscidinə səfərini yüksək qiymətləndirərək, bunun İslamofobiya və mədəni irqçiliyin qlobal miqyasda artdığı bir dövrdə mühüm mesaj daşıdığını bildirib.

Turkustan.az xəbər verir ki, Ərdoğan Kral III Çarlzın "Avropanın ilk ekoloji cəhətdən təmiz məscidi" kimi tanınan Kembric Mərkəzi Məscidi və Kompleksinə səfəri ilə bağlı yazılı açıqlama yayıb.

Türkiyə Prezidenti qeyd edib ki, təxminən yeddi il əvvəl ibadətə açılan Kembric Mərkəzi Məscidinin Kral III Çarlz kimi nüfuzlu bir qonağı qəbul etməsi böyük məmnunluq doğurur.

"İlk kərpicinin qoyulduğu gündən etibarən ayrı-seçkiliyə qarşı həmrəyliyin, nifrətə qarşı isə qarşılıqlı hörmətin simvoluna çevrilən məscidimizin bu missiyanı uğurla yerinə yetirdiyini görürük", – deyə, Ərdoğan bildirib.

Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, Kral III Çarlz müxtəlif mədəniyyətlərə, etnik mənşələrə və dini inanclara malik insanların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşamasını dəstəkləyən mövqeyi ilə tanınır.

Ərdoğanın sözlərinə görə, kralın Kembric Mərkəzi Məscidinə səfəri də bu yanaşmanın növbəti nümunəsidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ