Bilgə Xaqandan Qul Nəsimiyə: Türk Dilinin Yarımçıq Qalmış İntibahı



Məhəmməd İsrafiloğlu
Almaniya

Eyni təxəllüs, iki fərqli dünya və özünü sıfırlamaq sənəti...

Şərq poeziyasının və təsəvvüf fəlsəfəsinin ən sirli tərəfi, sözün zahiri mənası ilə batini dərinliyi arasındakı o incə sərhəddə gizlənmişdir. Bu gizli simvollar dünyasının ən böyük paradokslarından biri isə ədəbiyyat tariximizdə eyni adı daşıyan, lakin aralarında təxminən iki əsr zaman fərqi olan iki böyük dəryanın – İmadəddin Nəsimi ilə Qul Nəsiminin münasibətində özünü büruzə verir.

14-cü əsrin amansız mühitində inancı və fəlsəfəsi uğrunda dərisi yüzülərək şəhid edilən İmadəddin Nəsimi, klassik Divan ədəbiyyatının ən ağır, rəmzi və Hurufi dilini qurmuşdusa, 17-ci əsrdə onun adını özünə bayraq edən Qul Nəsimi bu ağır fəlsəfəni xalqın saf, büllur dilinə köçürmüş bir ozan idi.

Qul Nəsiminin öz ustadının adını mənimsəməsi bəsit bir təqlidçilik deyil, təsəvvüfi mənada mükəmməl bir "ədəbi modelləmə" hadisəsidir. Ozan, özünü ustadından və Haqdan aşağı tutaraq adının başına "Qul" (bəndə) ön şəkilçisini artırmış, lakin bu təvazökarlıqla mənəvi olaraq elə həmin uca zirvəyə vaqif olmuşdur. Bu yanaşma, böyük dahi Füzulinin öz təxəllüsünü seçərkən həm "lüzumsuz, boş" (füzuli), həm də sözün kökündəki "fəzilətli, elmli" (fazl) mənalarını gizlətməsi ilə eyni fəlsəfi intellektə söykənir. Hər iki sənətkar da sənətdə və təsəvvüfdə "heçlik" (məhviyyət) məqamına çataraq özünü sıfırlamış və məhz bu sıfırlanma ilə əbədiyyət zirvəsinə ucalmışdır.

Lakin bu iki Nəsiminin dilindəki qırılma – Seyid Nəsiminin ağır aruzundan Qul Nəsiminin saf və dikbaş hecasına ("Minnet eylemem" hayqırışına) keçid – fərdi bir üslub seçimi deyil, Türk dilinin əsrlər boyu saraylar ilə çöllər, oturaq şəhər mədəniyyəti ilə azad elat ruhu arasında çəkdiyi o böyük, kədərli və sancılı tarixi prosesin kiçik bir modelidir.

Türk dilinin tarix daxilindəki ən böyük dramı, oturaq şəhər mədəniyyəti ilə elat (köçəri/yarı köçəri) ruhunun toqquşmasında gizlidir. Böyük Səlcuqlu Dövlətinin İran coğrafiyasına daxil olması ilə başlayan proses, Türk dili üçün əsrlərlə sürəcək "kədərli bir miras"ın təməlini qoydu. Səlcuqlu sarayı idarəçiliyin, bürokratiyanın və məhkəmə sisteminin rahatlığı üçün Səmərqənd və Xorasan xəttindən gələn hazır fars dövlət mexanizmini mənimsədi. Bu, dövləti idarə edənlər üçün "hazıra nazir" olmağın gətirdiyi ən asan və praqmatik yol idi.

Lakin bu praqmatizm, Klassik Türkcənin ən azı 300 il gecikməsinə səbəb oldu. Şəhərləşən, mədrəsə və saray divarları arasına sıxışan elita fars dilini "yüksək mədəniyyət və fəlsəfə dili", ərəb dilini isə "elm dili" olaraq qəbul edərkən; Türk dilini çölün, obanın, yəni elat mədəniyyətinin "kobud" bir ünsiyyət vasitəsi kimi kənara itələdi. 1277-ci ildə Karamanoğlu Mehmet bəyin rəsmi fərmanı ilə etdiyi o məşhur üsyan ("Bu gündən sonra divanda, dərgahda, bərgahda Türkçədən başqa dil danışılmayacaq"), əslində şəhər tərəfindən əzilən elat ruhunun çarəsiz bir çırpınışı və mədəniyyət dalğasına qarşı gecikmiş bir bənd qurma cəhdi idi.

Məhz şəhər mədəniyyətinin elat ruhunu bu cür amansızcasına əzdiyi və bir çox Türk şairinin öz ana dilinin poetik təsirini inkar etdiyi bu sancılı qırılma dönəmində səhnəyə Yunus Əmrə çıxdı. Yunus Əmrə, Mövlananın eyni əsrdə mürəkkəb fars dilində qurduğu dərin fəlsəfi okeanın suyunu, Anadolu xalqına saf, duru və büllur bir piyalədə təqdim etməyi bacardı. Ən ağır təsəvvüfi anlayışları belə xalqın anladığı ana dilinin poetik gücü ilə elə sadələşdirdi ki, Türk dili sarayın bəyənmədiyi o "kobud" damğasından qurtularaq təkbaşına möhtəşəm bir ədəbiyyat və fəlsəfə dilinə çevrildi. Yunus Əmrə saray elitasının qarşısında alternativsiz görünən fars təməlli divan ədəbiyyatına qarşı ən güclü, ən təmiz alternativ və sipər oldu. Lakin Osmanlı İmperiyası Səlcuqlunun o hazır modelini mənimsəyərək bu sosioloji xətanı davam etdirdi; şəhər elat mədəniyyətini daxildən sıxdıqca, sarayın süni dili (Osmanlıca) ilə xalqın həqiqi dili arasında o mənəvi uçurum yenidən böyüdü.

Səfəvi-Osmanlı Dil Paradoksu: Saray və Taxtın Tərs Mütənasibliyi

Bu sosioloji qırılma, 16-cı əsrdə Şərq dünyasının taleyini həll edən iki böyük hökmdarın – Şah İsmayıl Xətai və Yavuz Sultan Səlimin timsalında tarixin ən böyük paradoksuna çevrildi...

İran coğrafiyasında, fars mədəniyyətinin düz mərkəzində taxta oturan Şah İsmayıl, dövlətinin mənəvi və hərbi gücü olan Anadolu və Azərbaycan türkmənlərini (elat kütləsini) bir arada tutmaq, onların qəlbinə nüfuz etmək üçün poeziyasında saf, duru və axıcı bir Türkçəni (Xətai təxəllüsü ilə) seçdi. Sarayı Türk, taxtı İran olan bu hökmdar, dil vasitəsilə imperiyasını xalqın ruhu üzərində ucaltdı. Digər tərəfdə isə, kökləri Türkmən boylarına dayanan, Anadolunun sahibi olan Osmanlı İmperiyasının zirvəsindəki Yavuz Sultan Səlim, divanını tamamilə fars dilində qələmə alırdı.Bu tərs mütənasiblik təbii ki, təsadüfi bir şair şıltaqlığı deyil, makro-siyasi bir strategiyanın nəticəsi idi. Osmanlı sarayı özünü Səlcuqlunun estetik varisi kimi görür, İslam coğrafiyasında "elitar və beynəlxalq" bir status qazanmaq üçün farscanı mənimsəyirdi. Şah İsmayıl isə imperiyasını saray divarlarından deyil, meydanlardan, elat kütləsinin coşqun poetik ruhundan doğururdu. Siyasi saraylar farsca ilə uzaqlaşdıqca, xalq öz milli yaddaşını qorumaq üçün Yunus Əmrə və Qul Nəsimi kimi böyük alternativlər yaratmağa məhkum idi.

Teymurlu İntibahı və reallaşmayan "Türk Renessansı"nın səbəbləri olduqca kədərlidir.

Əgər tarixdə bu kədərli gedişata qəti olaraq dur deyə biləcək tək bir hərbi və siyasi düha var idisə, o da Əmir Teymur (Teymurləng) idi. Səlcuqlu va Osmanlının düşdüyü fars mədəniyyəti kompleksinə qarşı, Əmir Teymur Orta Asiyada hərbi güclə dil şüurunu mükəmməl şəkildə birləşdirdi. O, fars və ərəb elmini təqdir edir, lakin bu dillərin Türk kimliyini əzməsinə əsla icazə vermirdi.Teymurun açdığı bu yol, onun nəvələri dövründə dünya elm və sənət tarixinə "Teymurlular İntibahı" kimi keçən möhtəşəm bir renessans doğurdu. Əlişir Nəvai kimi dahi mütəfəkkirlər bu iqlimdə yetişərək Türk dilinin fars dilindən daha üstün və zəngin olduğunu riyazi sənətkarlıqla (Mühakimətül-Lüğateyn) sübut etdilər.Lakin Anadolunun ən böyük bədbəxtliyi 1402-ci ildə Ankara döyüşü ilə bu iki fərqli Türk dünyasının toqquşması oldu. Əgər Teymurun o "şəhər mədəniyyəti ilə elat ruhunu bir araya gətirən", ana dilini dövlətin mərkəzində saxlayan şüurlu dövlət modeli Anadoluda kök sala bilsəydi, bu gün bəlkə də bütün sivilizasiya tarixini dəyişdirəcək bir Türk Renessansı tam mənası ilə reallaşacaqdı. Türk dili elmin, astronomiyanın (Uluqbəy rəsədxanası nümunəsində) və fəlsəfənin qlobal dili olacaq, Avropa intibahından əvvəl Şərqdən yeni bir bəşəri işıq doğacaqdı. Hətta Teymurun bu dil aşısı, onun Anadolu yürüşü ilə gətirdiyi nəhəng Türkmən köçləri olmasaydı, farsca bürokratiyanın içində boğulan Anadolunun dil baxımından Türkləşməsi belə yarımçıq qala bilərdi.

Məncə Teymurlular dövründə formalaşan dil və mədəniyyət siyasəti daha geniş coğrafiyada davamlı şəkildə möhkəmlənə bilsəydi, Türk dünyasında fərqli bir intibah modeli meydana çıxa bilərdi. Bu, əlbəttə, tarixi ehtimaldır, lakin həmin dövrün yaratdığı intellektual potensialın miqyasını anlamağa kömək edir.

Eyni zamanda qeyd edilməlidir ki, Teymurun yürüşləri yalnız quruculuq və mədəni yüksəlişlə deyil, bir çox bölgələrdə ciddi dağıntılar və insan itkiləri ilə də müşayiət olunmuşdu. Tarixi şəxsiyyətlərin irsi məhz bu mürəkkəbliyin içində qiymətləndirilməlidir.

Tarix, fərz etmələr və "kaş ki"lər üzərindən yazılmır.

Dünyanı hərbi dühaları və qılıncları ilə diz çökdürən böyük 'Babalar', çox təəssüf ki, saray dəbdəbəsinin, yad mədəni təsirlərin və rahat həyatın cazibəsi qarşısında mənəvi məğlubiyyətə uğradılar.

İmperiyalar qılıncları paslandığı üçün deyil, linqvistik (dil) va mənəvi kimliklərini itirdikləri üçün daxildən çürüdülər.Bu acı aqibətin ilk böyük xəbərdarlığını miladdan sonra 8-ci əsrdə Bilgə Xaqan Orxon daşlarına qazımışdı: "Çin millətinin sözü şirin, ipək qumaşı yumşaq imiş... Şirin sözünə, yumşaq ipəyinə aldanıb, ey Türk milləti, öldün!"Çinin ipəyi və qadınları ilə başlayan bu mədəni assimilyasiya ssenarisi, əsrlər sonra Səlcuqlu və Osmanlı saraylarında fars dilinin cazibəsi və yad hərəmxana intriqaları ilə eynilə təkrarlandı. Lakin imperiyalar və saraylar bu "yad qadın nazına " təslim olub yoxluğa doğru yuvarlansa da, sarsılmaz bir qüvvə bu məhvə mane oldu: Daşdan kağıza, kağızdan saza ötürülən milli yaddaş.Yunus Əmrənin 13-cü əsrdə təmizləyib süzdüyü o saf ana dili çeşməsi, Seyid Nəsiminin rəmzi pərdəsini götürüb xalqın meydanına enən Qul Nəsiminin "Rızkımı veren Hüdadır, kula minnet eylemem" hayqırışına çevrildi. Bu dik duruş, əslində Bilgə Xaqanın 1300 il əvvəl daşlara vurduğu o milli müqavimət möhürünün səsdən divarıdır. Siyasətin və sarayların uduzduğu bu böyük tarixdə, yarımçıq qalmış bir Renessansın ruhunu çiyinlərində daşıyanlar və onu gələcəyə qoruyub ötürənlər məhz o "Qul" təxəllüslü, saf dilli, azad ruhlu sənətkarlar və onların ulu ustadı Yunus Əmrə olmuşdur.

Tarixdən gələn səs

Bu linqvistik və mənəvi müqavimətin ən dramatik, ən sarsıdıcı səhnələrindən birini isə tarix miladi 1381-ci ildə Xorasan səfəri zamanı qeyd dəftərlərinə həkk etdi. Dünyanı titrədən böyük hərbi və siyasi düha Əmir Teymur, Tus şəhərinə daxil olarkən, əsrlər boyu Şahnaməsində Türkləri (Turanı) vəhdət halında aşağılayan, fars millətçiliyinin ideoloji atası sayılan Firdovsinin qəbrini ziyarət etdi. Böyük fateh, qəbrin qarşısında dayanıb Şərq dünyasının taleyini və o "saray komplekslərini" alt-üst edən bu dahiyanə xitabı dilə gətirdi:“Qalx, ey Firdovsi! Başını qaldır və hər sətirdə pislədiyin, vəhşi və kobud elan etdiyin o məğrur Türkü gör! Qalx və bax, bu gün sənin o övdüyün İranın da, bütün Şərqin də mütləq hakimi, tacidarı məhz bir Türkdür!”Bu xitab, sadəcə bir fatehin qəbir başındakı qüruru deyil; bu, sarayların süni fars dəbdəbəsinə qarşı, Türk dilini və kimliyini dövlətin mərkəzinə qoyan o reallaşmamış böyük intibahın tarixdən gələn ən gur, ən sarsıdıcı sədasıdır. Qılıncın uduzduğu yerdə dilin, dilin çətinliyə düşdüyü yerdə isə bu mütləq tarixi şüurun səsi heç vaxt batmayacaq.


MANŞET XƏBƏRLƏRİ