ABŞ və İran arasında aylarla davam edən danışıqların sülh sazişi ilə nəticələnəcəyi gözlənildiyi bir vaxtda proses gözlənilmədən çıxılmaz vəziyyətə düşüb.
Dünya ictimaiyyəti tərəflər arasında gərginliyin azalacağına ümid bəsləyərkən, son günlərdə verilən ziddiyyətli açıqlamalar və qarşılıqlı ittihamlar Vaşinqtonla Tehran arasında yenidən soyuq küləklərin əsməsinə səbəb olub.
Hörmüz boğazının taleyi ətrafında qeyri-müəyyənlik davam edir. Bir müddət əvvəl ABŞ-ın tətbiq etdiyi bəzi məhdudiyyətlərin yumşaldılması və İran neftinə dair blokadanın qismən aradan qaldırılması münasibətlərdə yeni səhifənin açıldığı təəssüratı yaratsa da, hazırkı vəziyyət nikbin gözləntiləri kölgə altına salıb. Politoloqlar hesab edirlər ki, danışıqların dalana dirənməsi regionda İranın güclənməsini təhlükə kimi görən İsrailin maraqlarına uyğun görünür.
İndi əsas sual budur: tərəflər diplomatiya masasına qayıda biləcəkmi, yoxsa Yaxın Şərq yeni hərbi qarşıdurma təhlükəsi ilə üz-üzə qalacaq? Turkustan.az mövzu ilə bağlı sualları siyasi şərhçi Züriyə Qarayevaya ünvanladı.

Züriyə Qarayeva
ABŞ–İran danışıqlarının istənilən səviyyədə irəliləməməsinin əsas səbəbi tərəflər arasında dərin etimadsızlığın qalmasıdır. Vaşinqton İranın nüvə proqramının tam nəzarət altına alınmasını, regional silahlı qruplara dəstəyin məhdudlaşdırılmasını və raket proqramı ilə bağlı əlavə öhdəliklər götürməsini istəyir. Tehran isə ilk növbədə sanksiyaların aradan qaldırılmasını və iqtisadi təminatların verilməsini tələb edir. Bu vəziyyətdə hər iki tərəf danışıqlara davam etsə də, qarşı tərəfin güzəştə gedəcəyinə tam inanmır. İsrail amili də burada mühüm rol oynayır. Benjamin Netanyahu hökuməti uzun illərdir İranın nüvə potensialını İsrailin milli təhlükəsizliyi üçün əsas təhdid hesab edir və Vaşinqtonun Tehranla genişmiqyaslı yaxınlaşmasına ehtiyatla yanaşır. Bu səbəbdən İsrailin diplomatik və siyasi təsir imkanları prosesə dolayısı ilə təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.
Bununla belə, hazırkı mərhələdə tammiqyaslı müharibənin yenidən başlaması da heç bir tərəfin əsas seçimi kimi görünmür. ABŞ Yaxın Şərqdə yeni uzunmüddətli hərbi kampaniyaya girmək istəmir, İran isə iqtisadi vəziyyət və daxili çağırışlar fonunda geniş müharibənin risklərini anlayır. Lakin danışıqların uğursuzluğu gərginliyin yenidən artmasına, proksi qüvvələr üzərindən qarşıdurmaların güclənməsinə, Hörmüz boğazında təhlükəsizlik risklərinin yüksəlməsinə və məhdud hərbi əməliyyatların baş verməsinə səbəb ola bilər. Yəni seçim hazırda “tam sülh” və ya “tam müharibə” arasında deyil; daha çox qeyri-sabit atəşkəsə bənzər vəziyyət, təzyiq siyasəti və fasilələrlə davam edən diplomatik mübarizə ssenarisi daha real görünür.
Aytən Yaşar/ Turkustan.az