NATO sammiti öncəsi həyəcan siqnalı verildi! Ankarada çoxsaylı həbslər


Ankara 7–8 iyul 2026-cı il tarixlərində keçiriləcək 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşünə ev sahibliyi etməyə hazırlaşır.

Turkustan.az xəbər verir ki, zirvə ilə əlaqədar paytaxtda təhlükəsizliyin və ictimai asayişin təmin olunması məqsədilə tədbirlər daha da gücləndirilib.

Zirvə toplantısında ABŞ Prezidenti Donald Tramp, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts də daxil olmaqla çoxsaylı dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Ankara Baş Prokurorluğu terror təşkilatlarının fəaliyyətlərinin aşkarlanması və qarşısının alınması məqsədilə istintaqa başlayıb. Bu çərçivədə Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən “Şəfəq” əməliyyatı zamanı müxtəlif terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 148 nəfərin saxlanılması üçün tədbirlər görülüb.

Şübhəlilər arasında 30 nəfərin İŞİD, 23 nəfərin DSİH, 22 nəfərin TKP/ML, 20 nəfərin TKİP, 16 nəfərin MLKP, 16 nəfərin DKP/BÖG, 12 nəfərin DHKP/C və 9 nəfərin THKP/C ilə əlaqəli olduğu bildirilib.

Ankara Vilayət Jandarma Komandanlığının Terrorla Mübarizə Şöbəsinin apardığı araşdırmalar nəticəsində daha 93 şübhəli barədə saxlanılma qərarı verilib. Onlardan 44 nəfərin TKP/ML, 26 nəfərin İŞİD, 23 nəfərin isə DHKP-C və MLKP terror təşkilatları ilə əlaqəli olduğu qeyd olunub.

Polis və jandarma qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində ümumilikdə 241 şübhəli barəsində həbs qərarı çıxarılıb. Onlardan 209 nəfər artıq saxlanılıb. Digər şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

NATO Zirvə Görüşü ərəfəsində Ankara boyunca təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. Rəsmilər bildiriblər ki, çoxsaylı beynəlxalq nümayəndə heyətlərinin və yüksək vəzifəli şəxslərin iştirak edəcəyi tədbirin təhlükəsiz şəraitdə keçirilməsi üçün patrul xidmətləri artırılıb, kəşfiyyat fəaliyyəti gücləndirilib və ictimai asayişin qorunması istiqamətində əlavə tədbirlər görülüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ