Suriya prezidenti Əhməd Şara Dubay mətbuatına verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın bəyanatlarının ictimaiyyət tərəfindən yanlış şərh olunduğunu bildirib.
Turkustan.az xəbər verir ki, o qeyd edib ki, Tramp Livandakı vəziyyətlə bağlı narahatlığını ifadə edib və Suriyanın Livanla koordinasiyada müsbət rol oynaya biləcəyini vurğulayıb.
Şara əlavə edib ki, Suriya yeni xarici siyasət yanaşması çərçivəsində Livandakı böhranın həllində fəal və konstruktiv iştirak etməyə hazırdır. Onun sözlərinə görə, rejimin süqutundan sonra regionda yeni imkanlar yaranıb, lakin bəzi Livan siyasi qüvvələri hələ də köhnə dövrün düşüncə tərzi ilə hərəkət edir.
Tramp ilə görüşlərini xatırladan Şara bildirib ki, müzakirələr zamanı Livandakı vəziyyət xüsusi diqqət mərkəzində olub: “Livandakı problem yalnız bombardman, dağıntı və köçkünlük vasitəsilə həll edilə bilməz. Müharibənin dayandırılması vacibdir. Həll yalnız hərbi deyil, həm də iqtisadi, siyasi və sosial addımlarla mümkündür. Biz Suriyanın Livana keçmişdəki hərbi müdaxilə yanaşmasına qayıtmaq istəmirik.”
Aytən Yaşar/ Turkustan.az