Qaradənizdə türk gəmisi hücuma məruz qaldı! İtkilər var


Qara dənizdə Panama, Palau və Beliz bayraqları altında üzən üç yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum edilib.

Turkustan.az xəbər verir ki,Ukrayna tərəfi hücumların Rusiya tərəfindən həyata keçirildiyini iddia edib.

Hədəfə alınan gəmilərdən birinin Panama bayrağı altında üzən və Türkiyəyə məxsus olduğu bildirilən “Victress” yük gəmisi olduğu açıqlanıb. Ukrayna Baş nazirinin müavini Oleksiy Kulebanın sözlərinə görə, Ukrayna limanlarına doğru hərəkət edən gəmiyə gecə saatlarında dron hücumu təşkil olunub.

Kuleba bildirib ki, hücum nəticəsində gəmidə yanğın baş verib, 58 yaşlı aşpaz və Misir vətəndaşı olan bir ekipaj üzvü həyatını itirib. O əlavə edib ki, Türkiyə və Hindistan vətəndaşları da daxil olmaqla səkkiz dənizçi xilasetmə qayığı ilə təxliyə olunub və gəmi ciddi ziyan görüb.

Ukraynalı rəsmi həmçinin Palau və Beliz bayraqları altında üzən digər iki gəmiyə də hücum edildiyini, lakin həmin hadisələrdə itki qeydə alınmadığını və gəmilərin marşrutlarını davam etdirdiyini qeyd edib.

Hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi də açıqlama yayıb. Açıqlamada bildirilib ki, iyunun 22-də Ukraynanın Çornomorsk limanı yaxınlığında pilotsuz uçuş aparatı hücumuna məruz qalan Türkiyəyə məxsus, Panama bayrağı altında üzən gəminin heyətində olan iki Türkiyə vətəndaşı yaralanıb.

Nazirlik vurğulayıb ki, yaralıların vəziyyəti Türkiyənin Kiyevdəki səfirliyi və Odessadakı Baş Konsulluğu tərəfindən yaxından izlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ