İnkişafın səssiz memarları: Dövlətə xidmətin peşə adı


Aytən Yaşar

Hər il iyunun 23-də Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunur. Bu tarix təkcə müəyyən bir peşə sahəsinin nümayəndələrinin bayramı deyil. Bu gün dövlət idarəçiliyinin görünməyən, lakin ən vacib sütunlarından birini təşkil edən insanların əməyinə verilən dəyərin ifadəsidir.

Dövlət qulluğu sadəcə vəzifə tutmaq, sənədlərlə işləmək və ya inzibati funksiyaları yerinə yetirmək deyil. Dövlət qulluğu dövlətlə vətəndaş arasında etimad körpüsünü qorumaq, cəmiyyətin rifahı naminə məsuliyyət daşımaq, ölkənin inkişafına gündəlik və sistemli şəkildə töhfə vermək deməkdir. Bu xidmət növünün mahiyyətində peşəkarlıqla yanaşı, vicdan, sədaqət, dürüstlük və yüksək məsuliyyət hissi dayanır.

Cəmiyyətdə çox vaxt dövlət qulluğunun yalnız görünən tərəfi diqqət çəkir. Lakin insanların gündəlik həyatını asanlaşdıran qərarların, proqramların, layihələrin və xidmətlərin arxasında minlərlə dövlət qulluqçusunun zəhməti dayanır. Onlar bəzən iş gününün müəyyən olunmuş saatlarla bitmədiyi, məsuliyyətin isə vəzifə təlimatı ilə məhdudlaşmadığı bir sahədə fəaliyyət göstərirlər. Hər bir sənədin hazırlanması, hər bir müraciətin araşdırılması, hər bir dövlət proqramının icrası uzun və gərgin əməyin nəticəsidir.

Dövlət qulluqçusunun işi çox zaman göz önündə olmur. O, səhnədə deyil, pərdə arxasında çalışır. Lakin məhz həmin görünməyən əməyin nəticəsində dövlət mexanizmi fasiləsiz işləyir, vətəndaşlara xidmət göstərilir, sosial layihələr həyata keçirilir, ölkənin inkişaf strategiyaları reallaşdırılır. Bu səbəbdən dövlət qulluğu böyük məsuliyyət tələb edən, eyni zamanda yüksək mənəvi dəyərə malik bir fəaliyyət sahəsidir.

Dövlət qulluqçuları hər gün müxtəlif insanlarla ünsiyyətdə olur, fərqli problemlərin həlli üçün çalışırlar. Onların qarşısında duran əsas vəzifə yalnız qanunları tətbiq etmək deyil, həm də insanlara xidmət etməkdir. Çünki dövlətin gücü yalnız qəbul edilən qərarlarla deyil, həmin qərarların insanlara necə çatdırılması və tətbiq olunması ilə ölçülür.

Artıq 10 ildir dövlət qulluğunda çalışan həmsöhbətimiz, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun aparıcı məsləhətçisi İlahə Mirzəyevaya, "Ömrünüzün illərini dövlət xidmətinə həsr etmiş bir insan kimi, dövlət qulluqçusu olmağın sizə yaşatdığı ən böyük qürur hissi nədir?", "Dövlət qulluğunda çalışan insanların əməyinin görünməyən tərəfləri barədə nə deyə bilərsiniz?" suallarını ünvanladıq.

O, isə öz növbəsində peşə fəaliyyəti ilə bağlı fikirlərini belə ifadə etdi:

"10 ildir dövlət qulluğunda fəaliyyət göstərən bir şəxs kimi düşünürəm ki, mənim üçün ən böyük qürur hissi insanlara faydalı ola bilməkdir. Bu illər ərzində fəaliyyətimi vətəndaş məmnuniyyətini əsas prinsipə çevirən, ölkəmizdə xidmət mədəniyyətinə yeni yanaşma gətirən “ASAN xidmət” ailəsində davam etdirmək mənim üçün xüsusi qürur mənbəyidir. Peşəkarlıq, şəffaflıq və innovativ yanaşması ilə seçilən bu qurumda çalışmaq həm daim inkişaf etməyə, həm də insanlara daha keyfiyyətli xidmət göstərməyə stimul verir. Bu etimad və məsuliyyət hissi gördüyümüz hər işdə özünü göstərir.

İllər ərzində qazandığım təcrübə, vətəndaşlara göstərilən xidmət və onların məmnuniyyətini görmək mənim üçün ən böyük mənəvi qazanc və qürur mənbəyidir.

Dövlət qulluqçusunun əməyinin görünməyən tərəfi isə kifayət qədər çətin və məsuliyyətlidir. Burada daim yüksək diqqət, səbir, dəqiqlik və düzgün qərarvermə bacarığı tələb olunur. Çox vaxt görülən işin arxasında böyük zəhmət, gərginlik və davamlı məsuliyyət hissi dayanır.

Bütün bunlara baxmayaraq, ölkədə öz nüfuzu və peşəkarlığı ilə seçilən nümunəvi bir qurumda fəaliyyət göstərmək mənim üçün ayrıca qürur mənbəyidir. Bu mühitin bir parçası olmaq insana xüsusi məsuliyyət və dəyər hissi qazandırır".

Bəli, dövlət qulluqçularının gördüyü işin nəticəsi bəzən illər sonra görünür, lakin şəffaf, çevik və vətəndaşyönümlü idarəetmə sisteminin formalaşdırılması istiqamətində atılan addımların arxasında minlərlə dövlət qulluqçusunun əməyi dayanır.

Dövlət qulluğu həm də davamlı öyrənmə və inkişaf tələb edən bir sahədir. Müasir dünyanın sürətlə dəyişən çağırışları dövlət qulluqçularından yeni biliklərə yiyələnməyi, innovativ yanaşmaları mənimsəməyi və daim öz üzərlərində işləməyi tələb edir. Bu baxımdan dövlət qulluqçusu yalnız bu günün deyil, həm də gələcəyin idarəetmə modelinin formalaşmasında iştirak edən şəxsdir.

Dövlət qulluğunun ən böyük mənəvi üstünlüklərindən biri insanın öz əməyinin nəticəsini bütöv bir cəmiyyətin inkişafında görə bilməsidir. Bəzən bir vətəndaşın probleminin həlli, bir ailənin sosial rifahının yaxşılaşması, bir gəncin yeni imkanlar qazanması və ya bir bölgənin inkişafı üçün atılan addımların arxasında məhz dövlət qulluqçularının səssiz və fədakar zəhməti dayanır. Bu isə onların peşəsinə xüsusi məna və dəyər qazandırır.

Dövlətə xidmət etmək təkcə peşə seçimi deyil, həm də vətəndaşlıq məsuliyyətinin təzahürüdür. Bu xidmət yolunu seçən insanlar ölkənin bu gününün qorunmasına, sabahının isə qurulmasına öz töhfələrini verirlər. Məhz buna görə də dövlət qulluqçularının əməyi yalnız inzibati fəaliyyət kimi deyil, dövlətçilik ənənələrinin yaşadılması və möhkəmləndirilməsi baxımından da yüksək qiymətləndirilməlidir.

Müstəqil Azərbaycanın inkişaf yolunda dövlət qulluqçularının rolu xüsusi əhəmiyyət daşıyır. Dövlət idarəçiliyinin müasirləşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən islahatlar dövlət qulluqçularının peşəkarlığı və fədakar əməyi hesabına uğurla icra olunur.

Dövlət qulluqçularının fəaliyyəti haqqında danışarkən çox zaman qanunlar, qərarlar və idarəetmə mexanizmləri ön plana çıxır. Halbuki bu sistemin mərkəzində insan amili dayanır. Hər bir dövlət qulluqçusu öz bilik və bacarığı, peşəkarlığı və məsuliyyət hissi ilə dövlətin vətəndaşa uzanan əlidir. Vətəndaşın dövlət haqqında ilk təəssüratı çox vaxt məhz dövlət qulluqçusu ilə ünsiyyət zamanı formalaşır. Buna görə də onların fəaliyyəti təkcə xidməti vəzifələrin icrası ilə məhdudlaşmır, həm də dövlət-vətəndaş münasibətlərinin keyfiyyətinə birbaşa təsir göstərir.

Bu peşənin özünəməxsus çətinlikləri var. Dövlət qulluqçusu bəzən yüzlərlə müraciəti araşdırır, müxtəlif məsələlərin həlli yollarını axtarır, qanunvericiliyin tələblərini qorumaqla yanaşı, vətəndaşların gözləntilərini də nəzərə almağa çalışır. Onun işi dəqiqlik, səbir, obyektivlik və yüksək diqqət tələb edir. Kiçik görünən bir qərarın belə insanların həyatına təsir göstərə biləcəyini nəzərə alsaq, dövlət qulluğunun nə qədər məsuliyyətli sahə olduğunu daha aydın görə bilərik.

Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ölkənin sosial-iqtisadi inkişafında, vətəndaşların rifahının yüksəldilməsində dövlət qulluqçularının əməyi danılmazdır. Onların hər gün gördüyü işlər bəzən xəbərlərə mövzu olmur, ictimaiyyət tərəfindən görünmür. Lakin məhz həmin səssiz zəhmət dövlət idarəçiliyinin fasiləsiz fəaliyyətini təmin edir. Güclü dövlət yalnız qəbul etdiyi qərarlarla deyil, həmin qərarları vicdanla və peşəkarlıqla həyata keçirən insanların əməyi ilə formalaşır.

23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı təkcə bir peşənin nümayəndələrinin bayramı deyil, dövlətə sədaqətlə xidmət edən insanların zəhmətinə verilən qiymətdir. Bu gün həm də dövlətçiliyə, məsuliyyətə, dürüstlüyə və xalqa xidmət prinsiplərinə ehtiramın ifadəsidir. Dövlət qulluqçuları öz fəaliyyəti ilə sübut edirlər ki, vətənə xidmət yalnız ön cəbhədə deyil, hər gün iş masası arxasında qəbul edilən qərarlarda, həll olunan problemlərdə və insanlara göstərilən xidmətdə də öz əksini tapır.

Dövlət qulluğu bir peşədən daha artıq anlayışdır. Bu, etimaddır, məsuliyyətdir, xidmət missiyasıdır. Ona görə də hər bir dövlət qulluqçusunun fəaliyyəti dövlət-vətəndaş münasibətlərinin formalaşmasına təsir göstərir.

23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə bu şərəfli və məsuliyyətli sahədə çalışan bütün insanları təbrik edir, onların cəmiyyətə və dövlətə xidmət yolundakı zəhmətini yüksək qiymətləndiririk.

Çünki dövlətə xidmət etmək sadəcə iş deyil – bu, məsuliyyət, sədaqət və qürurla daşılan bir missiyadır!

Medianın İnkişafı Agentliyi — Vikipediya

Media istiqaməti: İctimai və dövlət maraqlarının müdafiəsi;

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ