Yeni qaydalar QHT-lər üçün maliyyələşmə imkanlarını genişləndirir - QHT sədrindən ilkin reaksiya


Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən və qeyri-hökumət təşkilatlarına (QHT) qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəyi göstərə bilən qurumlar tərəfindən həyata keçirilən maliyyələşdirmə prosesinin “bir pəncərə” prinsipi əsasında təşkili Qaydası"nı təsdiq edilib.

"Nazirlər Kabineti tərəfindən QHT-lərin maliyyələşdirilməsi ilə bağlı “bir pəncərə” sisteminin tətbiqinə dair qaydaların təsdiq edilməsi vətəndaş cəmiyyəti institutlarının inkişafı baxımından mühüm addımdır."

Qaydalarla ilkin formada tanış olduğunu bildirən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, sənəddə kifayət qədər müsbət istiqamətləri əhatə edən vacib məqamlar yer alıb. Onun sözlərinə görə, qaydaların daha geniş və detallı şəkildə öyrənilməsinə ehtiyac olsa da, ilkin baxışdan bir sıra yeniliklərin QHT sektoru üçün yeni imkanlar yaratdığı görünür.

“Vacib məqamlardan biri odur ki, QHT-lərin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə illik hesabatlar təqdim olunacaq. Bu, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə verilən önəmin daha bir göstəricisidir”, – deyə Cəsarət Hüseynzadə bildirib.

O qeyd edib ki, kiçik qrantların məbləğinin 30 min manata qədər artırılması, eyni zamanda böyük qrantlar üzrə yuxarı həddin aradan qaldırılması QHT-lər üçün daha geniş fəaliyyət imkanları yaradır. Vahid məlumat bazasının yaradılması isə şəffaflıq, hesabatlılıq və sistemlilik baxımından müsbət nümunə kimi qiymətləndirilməlidir.

Cəsarət Hüseynzadənin sözlərinə görə, yeni qaydaların xüsusi məqamlarından biri də maliyyələşmə mexanizmlərinə spesifik yanaşmanın tətbiqidir:

“Müxtəlif fəaliyyət formatları bir-birindən fərqlənə bilər. Bu baxımdan maliyyələşmə mexanizmlərində spesifik yanaşmanın qorunması vacibdir. Qaydaların bu prinsip əsasında həyata keçirilməsi nəticələrin daha da yaxşılaşmasına və görülən işlərin effektivliyinin artmasına xidmət edəcək”.

İctimai Birlik sədri bildirib ki, bütün bunlar Cənab Prezident İlham Əliyevin son illərdə vətəndaş cəmiyyətinə göstərdiyi xüsusi diqqətin nəticəsidir. Dövlət başçısının QHT sektoruna inamı, bu sahədə keçirilən tədbirlərə diqqəti və müxtəlif müraciətlərində vətəndaş cəmiyyətinin rolunu xüsusi vurğulaması QHT-lər üçün yeni imkanlar açır.

“Hesab edirəm ki, qəbul edilən bu qaydalar dövlətimizin yeni çağırışlarına uyğun olaraq QHT sektorunun daha çevik, şəffaf və səmərəli fəaliyyət göstərməsinə mühüm töhfə verəcək”, – deyə Cəsarət Hüseynzadə vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ