Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyada siyasi keçidin həm imkanlar, həm də kövrəkliklə xarakterizə olunan kritik bir mərhələdə olduğunu, İsrailin isə ölkənin cənubunda işğal və hüquq pozuntularını davam etdirdiyini bildirib.
Turkustan.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurası (TŞ) Suriyadakı son hadisələri “Yaxın Şərqdə vəziyyət” başlığı altında müzakirə etmək üçün toplanıb.
Sessiyanı açan BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinin müavini Klaudio Kordone bildirib ki, Suriyada siyasi keçid prosesi “fürsətlərin və kövrəkliyin yanaşı mövcud olduğu kritik bir mərhələdir” və İsrailin 1974-cü il Gərginliyin Azaldılması Sazişini pozaraq ölkənin cənubunda hərbi fəaliyyətlərini davam etdirdiyini qeyd edib.
Kordone vurğulayıb ki, “İsrail qüvvələri Suriyanın cənubunda mövcudluğunu saxlayır və demək olar ki, hər gün bəzi ərazilərdə reydlər keçirir, müvəqqəti yoxlama məntəqələri qurur, mülki şəxsləri axtarır və saxlayır”.
O, həmçinin İsrailin Suriya vətəndaşlarının hərəkətinə məhdudiyyətlər tətbiq etdiyini və kənd təsərrüfatı torpaqlarına ziyan vurduğunu bildirib. Kordone əlavə edib ki, Suriya hökuməti İsraillə təhlükəsizlik razılaşmasına açıq olduğunu desə də, indiyədək konkret irəliləyiş əldə olunmayıb.
Kordone beynəlxalq ictimaiyyətə çağırış edərək deyib: “İsraili bir daha 1974-cü il Sazişinə riayət etməyə, qanunsuz saxlanılanları azad etməyə və Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət göstərməyə çağırırıq.”
Aytən Yaşar/ Turkustan.az