Livan prezidenti: Heç kim bizim adımızdan danışıqlar apara bilməz


Livan Prezidenti Cozef Aun ölkəsinin suverenliyinin qırmızı xətt olduğunu vurğulayaraq, müharibənin sona çatmasına kömək edəcək hər cür dəstəyi alqışladıqlarını, lakin daxili işlərə müdaxiləni qəbul etmədiklərini bildirib.

Turkustan.az xəbər verir ki, prezident Aparatının yaydığı məlumata görə, Aun “Yunan Katolik Birliyi”nin nümayəndə heyəti ilə görüşdə çıxış edib. O qeyd edib ki, Livan yardım və müdaxilə anlayışlarını bir-birindən ayırır və heç bir tərəf ölkə adından qərar verə və ya danışıq apara bilməz.

Aun dövlətin bütün vətəndaşların əsas təminatçısı olduğunu bildirərək, məzhəbçilikdən deyil, güclü dövlət institutlarından yana olduqlarını vurğulayıb. Onun sözlərinə görə, bütün livanlıları təmsil edən vahid və güclü dövlətə alternativ yoxdur.

Prezident siyasi rəqabətin demokratik sistemin tərkib hissəsi olduğunu, lakin bunun dövlət qurumlarının fəaliyyətini iflic edən vasitəyə çevrilməməli olduğunu da qeyd edib.

Aun fikir ayrılıqlarının təbii və qanuni olduğunu desə də, ölkənin mövcud şəraitində cəmiyyətdə parçalanmaya yol verilməməsinin vacibliyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ