Bu dəfə diqqət İstanbulun Tuzla rayonunun CHP-li bələdiyyə başçısı Eren Ali Bingölə yönəlib.
Turkustan.az xəbər verir ki, bir müddətdir Bingölün AK Partiyaya keçə biləcəyi barədə iddialar səslənirdi. Bu müzakirələr fonunda o, İstanbul Böyükşəhər Bələdiyyəsini (İBB) sərt şəkildə tənqid edib. Bingöl, İBB-ni Tuzla sakinlərinin problemlərinin həllinə mane olmaqda günahlandıraraq, bələdiyyənin bəzi rayonlaşdırma qərarlarını rədd etməsinə etiraz edib.
Tuzla bələdiyyə başçısının öz partiyasının rəhbərlik etdiyi İBB-yə qarşı çıxışı siyasi dairələrdə geniş rezonans doğurub. Onun açıqlamaları AK Partiyaya keçəcəyi ilə bağlı iddiaları daha da gücləndirib.
Türkiyə mediasında yer alan məlumatlara görə, CHP daxilində bəzi dairələr Bingölün bu mövqeyini siyasi təzyiqlərdən yayınmaq və gələcək addımları üçün zəmin hazırlamaq cəhdi kimi qiymətləndirir. Eyni mənbələr onun AK Partiya təmsilçiləri ilə mümkün siyasi keçidlə bağlı təmaslar apardığını iddia edir.
Lakin bu iddialarla bağlı nə Eren Ali Bingöl, nə də AK Partiya tərəfindən rəsmi açıqlama verilib.

Aytən Yaşar/ Turkustan.az