İran nefti bazara qayıdır: Qiyməti Hörmüz boğazı müəyyənləşdirəcək


İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında irəliləyişin əldə olunması, İranın neft ixracına tətbiq edilən sanksiyaların aradan qaldırılması, həmçinin Hörmüz boğazından təhlükəsiz keçidin bərpası üçün qrupun yaradılması dünya neft bazarında qiymətlərə təsir edir. Həftənin ilk hərraclarında bu xəbərlər fonunda neft qiymətləri düşməyə başlayıb.

Bəs İran neftinin bazara qayıdışı neft qiymətlərini kəskin ucuzlaşdıra bilərmi?

Bununla bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, neftin dünya bazar qiymətinə ən çox təsir göstərən faktor məhz Hörmüz boğazında yükdaşımalarla bağlı veriləcək qərardır.

Onun sözlərinə görə, sözsüz ki, ABŞ və İran arasında İsveçrədə aparılan danışıqlar neftin dünya bazarındakı qiymətinə təsir göstərir:

“Neftin bir bareli üçün qiymət 80 dollardan aşağı təklif olunur. Amma kəskin ucuzlaşmalar müşahidə edilmir. Bunun iki mühüm səbəbi bar. İlkin səbəb odur ki, müharibə nəticəsində Yaxın Şərqdə neft infrastrukturuna ciddi ziyan dəyib”.

Müsahibimiz qeyd edib ki, neftin qiymətinin əvvəlki səviyyətə çatdırılması müəyyən zaman tələb edir. Eyni zamanda bu, sərmayə tələbi də deməkdir. Bu kontekstdə, mövcud tələb və təklif arasındakı disbalans müəyyən qədər qalmaqdadır. Bu da qiymətə təsir göstərən amildir.

Vüqar Bayramov: Neftin qiymətinin əvvəlki səviyyətə çatdırılması müəyyən zaman tələb edir

Deputat vurğulayıb ki, ikinci səbəb isə odur ki, qiymətlərdə müəyyən azalmalar olsa da, hələ də ABŞ və İran arasında anlaşmanın nə qədər uzunmuddətli olacağı, tərəflərin buna hansı səviyyədə əməl edəcəyi ilə bağlı investorlar arasında tam aydın fikir yoxdur:

“Müəyyən narahatlıqlar var ki, bütövlükdə bu anlaşmalar növbəti mərhələdə bu və ya digər tərəf tərəfindən pozula bilər. Ona görə də qeyri-müəyyənliklər neftin dünya bazarındakı qiymətinə təsir göstərir və kəskin ucuzlaşmaların qarşısını alır. Amma növbəti dövrdə neftin bazar qiyməti birbaşa ABŞ-İran anlaşmasının nə qədər dayanıqlı və tərəflərin buna hansı formada əməl etməsindən asılı olacaq”.


MANŞET XƏBƏRLƏRİ