ABŞ Prezidenti Donald Trumpın Çinə səfəri zamanı enerji təhlükəsizliyi və xüsusilə Hörmüz boğazı ətrafındakı risklər, həmçinin ticarət və regional sabitlik məsələləri müzakirə olunub. Görüşlərin nəticələri qlobal enerji bazarları və diplomatik balans baxımından diqqət çəkib.
Trampın səfərindən sonra Rusiya prezidenti Vladimir Putinin də Pekinə gedəcəyi gözlənilir və onun Çin Prezidenti Si Cinping tərəfindən qəbul ediləcəyi bildirilir. Tərəflərin əsasən təhlükəsizlik, iqtisadi əməkdaşlıq və Ukrayna müharibəsi fonunda yaranan geosiyasi vəziyyəti müzakirə edəcəyi ehtimal olunur.
Maraqlıdır görəsən, Trampdan sonra Putinin də Çinə səfərə hazırlaşması nə deməyə əsas verir? Bu səfərlər fonunda Çin qlobal proseslərdə hansı mövqeni tutur? Xüsusilə ABŞ–İran gərginliyi və Rusiya–Ukrayna müharibəsi kontekstində Çinin rolu və təsir imkanlarını necə qiymətləndirmək olar? Turkustan.azbu sualları politoloq Oqtay Qasımova ünvanladı.
.jpg)
Oqtay Qasımov
ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən sonra Rusiya Prezidenti Vladimir Putinin Pekinə planlaşdırılan səfəri dünya ictimaiyyəti tərəfindən maraqla izlənilir. Əgər Tramp ilə Xi Jinping arasında keçirilən görüş iki qlobal güc arasındakı münasibətlərin gələcəyi baxımından xüsusi diqqət doğururdusa, Putinin səfəri daha çox Rusiyanın ən yaxın strateji tərəfdaşı ilə koordinasiyasının gücləndirilməsi kimi qiymətləndirilir.
Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi fonunda Moskva getdikcə Pekindən daha çox asılı vəziyyətə düşür. Son dövrlərdə Ukraynanın döyüş meydanında strateji təşəbbüsü qismən ələ alması və Rusiya ərazilərinə daha ciddi zərbələr endirməsi Kremlin üzərində təzyiqi artırır. Bu baxımdan Putinin Pekin səfəri Rusiyanın beynəlxalq dəstəyə ehtiyac duyduğunu göstərən mühüm siyasi mesaj hesab olunur.
Digər tərəfdən, Çin son illərdə artan iqtisadi, siyasi və hərbi gücü ilə özünü ikinci qlobal güc mərkəzi kimi təsdiqləməyə çalışır. Bu mövqe xüsusilə BRICS platformasında və Pekinin beynəlxalq təşəbbüslərində daha aydın hiss olunur. Çin artıq yalnız iqtisadi deyil, həm də geosiyasi proseslərə təsir edən əsas aktorlardan biri kimi çıxış edir.
Çinin həm Rusiya-Ukrayna müharibəsində, həm də İran–ABŞ–İsrail xəttində müəyyən təsir imkanlarına malik olduğu qeyd edilir. Pekinin həm Moskva, həm də Tehran üzərində siyasi və iqtisadi təsir rıçaqları var. Bu səbəbdən Çin qarşıdakı dövrdə də qlobal proseslərdə öz maraqlarını qorumaq və təsir imkanlarını genişləndirmək üçün fəal siyasət yürütməyə çalışacaq.
Bəzi ekspertlər hesab edir ki, Çin uzunmüddətli münaqişələrin davam etməsindən müəyyən strateji üstünlüklər əldə edə bilər. Çünki ABŞ-ın eyni vaxtda bir neçə böhran və müharibə ilə məşğul olması Vaşinqtonun diqqətini Asiya-Sakit okean regionundan yayındırır. Bu isə Pekin üçün geosiyasi manevr imkanlarını genişləndirən amil kimi qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az