Avroviziya mahnı müsabiqəsi son illərdə “satanizm və okkultizmi təbliğ etmək” ittihamları ilə üzləşib. Müsabiqənin 2026-cı il üzrə qalibi Bolqarıstanın “Bangaranga” mahnısı və klipi haqda da bu iddialar səsləndirilir.
Avroviziyaya təqdim olunan və qalib gələn əksər mahnılarda bu cür “dəyərlərin” təbliğatının səbəbi nədir?
Globalinfo.az-a danışan filosof Müşfiq Ötgün deyib ki, Qərb mədəniyyətinin son əsrlərdəki “inkişafının” məntiqi onu hazırkı vəziyyətə gətirib:
“Elmi bütləşdirmək, ümumbəşəri mənəvi qanunları rədd edərək yeni məna eksperimentləri aparmaq buna səbəb oldu. Şər indi azadlıq adı ilə vəsf olunmağa başlayıb. Mahnıda adı keçən “üsyan” da əxlaqa meydan oxumaq, guya yeni dünya yaratmaqdır. Bu, müasirlərin də xoşuna gəlir, ona görə də səs verib, qalib edirlər”.
M.Ötgün bildirib ki, bəzən mürəkkəb vəziyyətlərdə suyun üzünə çıxmaq üçün dibi vurmaq lazım olur:
“İndi sanki Qərb dibə vurur. İnanıram ki, köç bir gün yanlış getdiyini anlayıb geri – həqiqətə, əxlaqa, zamanın sınağından çıxmış əbədi dəyərlərə qayıdacaq”.